loading...

Ağdaşda dəhşətli mənzərə: Heyvan meyitləri küçənin ortasında qalıb (FOTOLAR)

03-09-2017 Baxış sayı :887
Ağdaşda dəhşətli mənzərə: Heyvan meyitləri küçənin ortasında qalıb (FOTOLAR)Ağdaşda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub. "Qaynarinfo" Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yenicə kəndində baş verib. 

Kənd sakini Pərviz Əli oğlu Hüseynova məxsus mal-qara səhər örüşə aparılan zaman naməlum səbəbdən 41 baş iribuynuzlu inək yolun ortasında tələf olub. Kənd sakinləri hadisənin gigiyenik profilaktika üçün nəzərdə tutulan baytarlıq preparatlarından qaynaqlandığını bildirirlər. Axşamdan heyvanlara tətbiq olunmuş dərmanlar səhər onların tələfatına gətib çıxarıb. 

Hadisə yerinə Ağdaş Baytarlıq İdarəsinin iki əməkdaşı cəlb olunub. Mütəxəssislər heyvanların qəfil ölümünün səbəbini öyrənmək və ağır vəziyyətdə olan malları xilas etməyə çalışırlar. Faktla bağlı araşdırma aparılır.

Ləki qəsəbəsindəki baytarlıq aptekinin sahibi Seymur Seyinov Ağdaşda 41 baş iri buynuzlu heyvanın aptekdə satılan dərmandan zəhərlənərək ölməsinə münasibət bildirib.

S. Seyinov APA-nın yerli bürosuna bildirib ki, zəhərlənməyə səbəb olduğu iddia edilən həmin biastol məhlulu İordaniya istehsalıdır.

"Heyvandarlıqla məşğul olan insanlara indiyədək həmin dərmandan çox satmışam və heç kim şikayət etməyib. Bu dərmandan təlimata uyğun olmayaraq istifadə etdikdə fəsadlar verə bilər. Mən biastol alan şəxslərə həmişə məsləhət görürəm ki, heyvanların bədənindəki gənələri öldürmək üçün istifadə olunan bu zəhərli məhlulu suya çox tökməsinlər, yəni bu dərman dozası çox olanda zəhərlənməyə səbəb olur. Dərmanlama işləri səhər saatlarında mal-qara tövlədən çıxandan bir saat sonra açıq havada aparılmalıdır. Qapalı şəraitdə bu dərmanla dezinfeksiya işlərinin aparılması zəhərlənməyə səbəb olur. Ola bilsin ki, vətəndaşlar bu vacib tələblərə əməl etməyib və ona görə də onların heyvanları tələf olub”.

Qaynarinfo.Az