loading...

Cəmiyyətdə insan hüquqlarını pozan dini "geyimlilər" - ARAŞDIRMA

13-09-2017 Baxış sayı :211
Cəmiyyətdə insan hüquqlarını pozan dini "geyimlilər" - ARAŞDIRMA
 

İllər keçdikcə cəmiyyətdə dindarların və özünü din adamı kimi tanıdan insanların sayı artır. Dini mövzularda vətəndaşlara qoyulan qadağalardan şikayət edən bəziləri müstəqil şəkildə öz qanunlarını yeritməyə çalışırlar. "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun birinci maddəsində qeyd olunub: "Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.

Əlbəttə, cəmiyyətdə kimin necə geyinməsi, barmağına hansı üzüyü taxması, başına nə bağlaması, maşınında hansı moizələrə qulaq asması, pul qabında kimlərin şəklini daşıması onların öz şəxsi işidir. Heç kim buna müdaxilə edə bilməz. Və bu mövzuya toxunmağımızın səbəbi əsla onların şəxsi işlərinə qarışmaq deyil. Sadəcə, dindarlıq meyarı kimi bu xüsusiyyətlərin önə çəkilməsi cəmiyyətdə sırf dini geyimlərdə olan insanlara xüsusi "imtiyazlar”ın verilməsi, onları digərlərindən bu xüsusiyyətlərinə görə ayırmaq belə baxanda, dinin öyrətdiyi yüksək mənəvi dəyərlərin özünə də tərsdir.

Axı din bu deyil. Hər başını bağlayan dindar ola bilməz. Hər namaz qılan insan təmiz və dürüst şəxsiyyət demək deyil. Cəmiyyətdə bu əlamətlərə görə insanlara fərq qoyulması bir çox hallarda sosial həyata da mane olur. Din Allahla insan arasında qalmalıdır. Əslində heç kim öz dini etiqadını bu qədər göstərişli şəkildə nümayiş etdirməməlidir.

Təəssüflər olsun ki, dində olan boşluqdan xarici qüvvələr də sui-istifadə etməyə cəhd edirlər. Bunun zaman-zaman şahidi olmuşuq. Təbii ki, radikallıq savadsızlıqdan və cahillikdən irəli gəlir.

Din keçmiş nəsillərdən miras qalmış adət-ənənə deyil. Dini oyuncağa çevirmək və onu olmadığı kimi bər-bəzəkli şəkildə "süfrəyə” qoymaq, cəmiyyətdə ümumi yaşayış qaydalarına riayət etməmək və buna din üzərindən bəraət qazandırmaq insanları dindən uzaqlaşdırır. Çünki hər kəs zamanla müasir dövrün qaydalarına cavab verməyi bacarmalıdır. Əks halda heç bir inkişaf və tərəqqidən söhbət gedə bilməz.

21-ci əsrdə yaşayırıq və hələ də banklarda, xəstəxanalarda, müəyyən idarələrdə, iş görüşmələrində, nəqliyyatda və s. yerlərdə dini geyimdə olanlarla bağlı xüsusi qaydalar yaranıb. Kimliyindən asılı olmayaraq başıbağlı qadınlara növbəsiz xidmət göstərilir. Və ya bir anda içəri daxil olan "Kərbəlayi”, "Hacı”, "Məşədi” hər kəsin başının üstündən keçərək dəvət olunur yuxarı başa. Səbəb?! Cəmiyyətdə xüsusi etik normalar daxilində hamilə qadınlara, uşaqlı və ya fiziki məhdudiyyəti olan insanlara imkan daxilində güzəşt etmək məqbuldur. Bəs yaxşı, sadəcə hicab və çadrası ilə bizdən fərqlənən insanlara qarşı bu xüsusiliyin səbəbi nədir? Belə ayrı-seçkiliklərə nə ehtiyac var?

İlahiyyatçı Elşad Miri Publika.az-a bildirdi ki, bellə hallar varsa, bu heç də dinin təbliği sayılmaz:

"Burada dindən söhbət belə gedə bilməz. Bir neçə nəfərə görə də ümumi dəyərləndirmə aparmaq olmaz. Bu gün sırf geyim mövzusunda İslam dinində heç bir uniforma anlayışı yoxdur. Başqa dinlərdən fərqli olaraq islamda geyim heç bir göstəriş və təbliğat xarakteri daşımır. Əksinə, insanlar sadəcə örtünür. Göstəriş odur ki, saçlarını düzəldib, bəzənib açıq-saçıq geyimlərdə cəmiyyət içinə çıxırlar. Başını bağlayan, çadraya bürünən qadınlar isə göstəriş etməmək üçün bunu edirlər. O ki qaldı, "kərbəlayi”, "hacı”, "məşədi” kimi müraciətlərə, bunlar İslam titulları deyil. İslamla yaxından-uzaqdan heç bir əlaqələri yoxdur. İslam həyat tərzidir, yaşayış dinidir. Peyğəmbərimiz buyurub ki, Allah insanların surətinə deyil, qəlblərinə baxır".

İçərişəhər Gileyli Məscidi dini icmasının sədri Mirhəmin Məmmədov deyib ki, insanların ictimai yerlərdə bu cür qayda pozuntusuna səbəb olmaları, özlərini digər insanlardan üstün tutmaları yolverilməz haldır:

"Heç bir din insana bir başqasının haqqına girməyi, onun hüquqlarını tapdalamağı demir. Hər bir insanın həyatda yalnız özünə ayrılan hüquqları var ki, bu da müəyyən sərhəd daxilindədir. Bu hüdudları aşmamaq şərtilə ictimai normalara riayət etmək lazımdır. Dediyiniz hallar təəssüf ki, bu gün müşahidə edilir. Lakin mən deməzdim ki, bu, dinlə bağlıdır. Bu, hər insanın şəxsi keyfiyyəti ilə bağlıdır. Əxlaqi dəyərlər desək, daha doğru olar. Cəmiyyətdə əlillərə, hamilə qadınlara, yaşlılara müəyyən dərəcədə qayğı göstərilir. Lakin baxın görün, bu normalara hər kəs eyni dərəcədə riayət edirmi? Xeyr. Beş barmağın beşi də bir ola bilməz. Bu nə ilə fərqlənir? Əlbəttə ki, burada əsas olan insani keyfiyyətlərin nə dərəcədə yüksək olmasıdır. Heç bir geyim insanı başqasından üstün edə bilməz. Bu, nə beynəlxalq etiket normalarında, nə də dini ayələrdə yoxdur. Bu cür insanlar sadəcə eqoist və cəmiyyətdə özünü normal şəkildə idarə etməyi bacarmayanlara xas keyfiyyətlərdir."