loading...

“İki otağı, üç katibəsi vardı...”

30-08-2017 Baxış sayı :300

 

 

 

“İki otağı, üç katibəsi vardı...”

 

 

"Ölkədə vəzifəli şəxslərin, tanınmış generalların adını çəkməklə əməllərini həyata keçirirdi”

 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbsi edilib. Dələduzluqda ittiham olunan sabiq şöbə müdiri barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Onun həbsinin səbəbləri ilə bağlı dolğun məlumatlar olmasa da, sosial şəbəkələrdə gedən müzakirələrdə bəzi faktlar üzə çıxıb. Belə ki, sosial şəbəkələrdə gedən müzakirələrin birində X.Əhmədzadənin iki qardaşının kimliyi və harada çalışdıqları məlum olub. Bildirilir ki, sabiq şöbə müdirinin Cəsarət Əhmədov ad –soyadlı qardaşı Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir. Onunla X.Əhmədov arasında münasibətlərin soyuq olduğu deyilir. Onun digər qardaşı Faiq Əhmədov isə "Müstəqil lider” adlı jurnal dərc edir.

 

X.Əhmədzadənin həbsinin ardından onunla bağlı araşdırmalardan sonra məlum olub ki, indiyə qədər bir çox vəzifəli şəxslərin adından istifadə edərək, özünü onların qohumu kimi təqdim edərək, işə düzəltmə və digər adlar altında dələduzluq fəaliyyəti ilə məşğul olub. Özünü isə ətrafa Hacı Xaliq Bəşər kimi təqdim edib və feysbuq profilinin adı da belədir. Onunla bağlı o da məlum olub ki, indiyə qədər X.Əhmədzadənin adı bir çox qalmaqallarda keçib və hətta onun məhkəmə işləri də olub. Amma görünən odur ki, müxtəlif yollarla o həbsdən qurtulmağı bacarıb. Onun AMEA-ya da qeyri-qanuni yollarla gəldiyi, hətta diplomunun belə saxta olduğu, buna baxmayaraq AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu kimi əsas şöbələrindən birinə rəhbərlik etdiyi deyilir. İşlədiyi müddətdə də institut daxilində dələduzluq işləri ilə məşğul olduğu, hətta şöbə müdiri olduğu ola-ola Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadəni təhdid edərək, ondan etibarnamə aldığı və instituta faktiki rəhbərlik etdiyi üzə çıxıb.

 

Bir faktı bu yerdə oxucuların diqqətinə çatdırmaq yerinə düşər. Belə ki, 2016-cı ilin martında X.Əhmədzadənin vəzifəsini mənimsədiyi İ.Məmmədzadə musavat.com-a məktub göndərərək, onu nümunəvi kadr adlandıraraq, bu sözləri yazmışdı: "Xaliq Əhmədzadə Naxçıvan MR-də 12№ li orta məktəbi 1990-cı ildə "qızıl” medalla bitirmiş, beş dəfə riyaziyyat-fizika üzrə keçirilən Beynəlxalq Olimpiadaların qalibi olmuş, 1990-1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2000-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə (AB- İ № 083557, Qeydiyyat № 120) bitirmiş, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona 2001-ci ildə (11 iyul 2001-ci il tarixli 27 №li protokol) texnika elmləri namizədi alimlik dərəcəsi verilib. Qeyd etmək istərdim ki, Xaliq Əhmədzadə nümunəvi ailə başçısı, əxlaqlı, elmi etikaya sahib, savadlı bir hüquqşünas alim kimi institutumuzun ən nizam-intizamlı əməkdaşlarından biri olmaqla bərabər, institutun ictimai həyatında olduqca aktiv iştirak edir”.

 

Maraqlıdır ki, İ.Məmmədzadənin bu məktubunun üstündən bir il keçməmiş X.Əhmədzadə tutduğu vəzifədən qovulub. Bütün bunlar onun ətrafında gedən müzakirələri və bunun nəticəsində yaranan şübhələri birə-on qat artırır. Əslində onun atasının adının Mehman deyil, Meydan olduğu da üzə çıxıb. Lakin bu şəxs ata adı kimi Mehman adından istifadə edib.

 

Adının çəkilməsini istəməyən AMEA Fəlsəfə və Hüquq İnstitutunda çalışan şəxslərdən biri "Yeni Müsavat”a müraciət edərək, X.Əhmədov barəsində şok faktlar açıqlayıb: "O, saxta sənəd gəzdirmək, dələduzluq, mənimsəmə ittihamları ilə həbs olunub. Onun instituta necə gəlib çıxdığından hər birimiz xəbərsiz idik. Hətta o, direktor İlham Məmmədzadəni təhdid edərək, ondan səlahiyyətlərinin demək olar ki, hamısını, maliyyə məsələlərinə qədər belə mənimsəmişdi. Bunları İlham Məmmədzadənin imzası və etibarnaməsi ilə edirdi. O bir institutu demək olar ki dağıtdı. İnsanları qarşı-qarşıya qoyurdu. Ölkədə vəzifəli şəxslərin, tanınmış generalların adını çəkməklə əməllərini həyata keçirirdi. Onun etdiyi qanunsuz əməllər ictimailəşəndən sonra təxminən 4 ay öncə onu institutdan qovdular. Onun həbsi gözlənilən idi. Çünki çox nüfuzlu şəxslərlə qohumluğunu deyirdi, onların adlarından istifadə edirdi. Kimlərinsə yanında zəng edib, guya onlarla danışırdı. İnstitutun bütün Elmi Şurasını iflic etmişdi. İlham Məmmədzadəni təhdid edib, onun səlahiyyətlərini ələ aldığını hər kəs bilirdi”.

 

Etibarlı mənbə X.Əhmədzadənin əsas dəstəkçisinin adını da açıqladı: "Onun əsas dəstək verəni, yəni onu müdafiə edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli idi. Onun adından da sui-istifadə edirdi. Ola bilsin ki, eloğlu olduqlarına görə İsa müəllim ona dəstək verirdi. Ramiz Quluzadənin adından da çox istifadə edirdi. O qeyri-müəyyən, şantajçı adam idi. Təsəvvür edin ki, institutda ona yaxın alim bir otaqda oturduğu halda, bu şəxs iki otaq tutmuşdu. Heç bir vəzifəsi olmaya-olmaya, diplomları saxta olduğu halda 3 katibəsi var idi. Hamıya deyirdi ki, mənim hökumət telefonum var. Halbuki hər kəs bilir ki, hökumət telefonu hansı halda kimlərə verilir. Onun adı daim məhkəmələrdə keçirdi. Vaxtı ilə 5-6 jurnalistin üzünə duraraq, onları həbs etdirmişdi. Müşahidələr və 4 aylıq verilən həbs qətimkan tədbiri onu göstərir ki, bu çox ciddi məsələdir. Çox ehtimal ki, bu şəxsi ciddi bir dövlət qurumun tədbirləri nəticəsində həbs ediblər. Onun indiyə qədər belə qanunsuz əməllərlə məşğul olmasını kimsə sığortalayırdı, bu danılmaz bir faktdır. Bir şəxs uzun müddət kimsə arxasında durmadan belə işlərlə məşğul ola bilməz. Onun şantaj etdiyi şəxslərin gəldiyi qənaətə görə, deyəsən Dövlət Təhlükəsizlik Xidmətinin xətti ilə həbs olunub. Ondan bir şəxs deyil, hamı şikayət edirdi. Bəzi dostlar öyrəniblər ki, bu şəxs saxta sənəd, mənimsəmə, dələduzluq ittihamları ilə həbs olunub. O bəzən özünü deputat kimi təqdim edir, nüfuzlu vəzifəli şəxslərin qaynı kimi qələmə verir, insanları təhdid altında saxlayırdı. Onun adını çəkdiyi şəxslərin adlarını bilənlər dəhşətə gələr. Hətta iş o yerə çatmışdı ki, bu şəxs istədiyi ziyalını iclaslarda təhqir edirdi. Onun ucbatından bir neçə nəfər institutdan getdi. Sona qədər onun hansı məqsədlə instituta gəldiyi bilinmədi. Dağıtmaq yaxud başqa məqsədimi oldu, bunu bilmirik. Amma onu deyə bilərik ki, qarşısına qoyduğu missiyanı yerinə yetirdi. Ara-sıra onu da deyirdi ki, qardaşım böyük vəzifəli şəxslərin cangüdənidir. Açığı qardaşlarının onu müdafiə edəcəyinə inanmıram. Çünki münasibətlərində gərginlik var idi. Hətta bir şok faktı da deyim ki, bu insan atasının adını da dəyişib. Atasının adı Meydan olduğu halda, Mehman oğlu kimi özünü qələmə verir, sənədlərdə də belə gedirdi. Müdafiə diplomlarının saxta olduğunu da hamımız bilirdik”.

 

Cavanşir ABBASLI

Musavat.com