loading...

Bakıda 8 bal gücündə zəlzələlər ola bilər - XƏBƏRDARLIQ

29-08-2017 Baxış sayı :54
Bakıda 8 bal gücündə zəlzələlər ola bilər - XƏBƏRDARLIQ
 

"Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər”.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda aktiv zəlzələ ocaqları çoxdur: "Azərbaycanda həmişə olduğu kimi, seysmik təkanlar qeydə alınır. Zəif zəlzələlər kifayət qədər çox olur və həmişə də olacaq. Orta güclü zəlzələlər bir qədər azdır. Ümumiyyətlə, dünya sistemində də güclü zəlzələlərin zəiflərə nisbətən az olduğu müşahidə edilir. Bu mənada, zəlzələ ilə bağlı proqnoz vermək mümkün deyil və proqnozlarla çıxış edənlərə inanmaq olmaz. 

Adətən, seysmoloq olmayanlar bu cür fikirlər səsləndirirlər. Düşünürəm ki, heç yaxın 50-100 il ərzində də bu cür proqnozlar reallaşmayacaq. Zəlzələlər adi qaydada davam edir. Yerin daxili qatlarında potensial enerji var və onlar kritik həddə çatanda zəlzələ baş verir. Ola bilər ki, tam sakitliyə rəğmən, zəlzələ baş versin. Yəni meyarlar tam müəyyən olunmadığı üçün zəlzələ proqnozu verə bilmərik”.

T. Məmmədli qeyd edib ki, Xəzər dənizində müşahidə edilən zəlzələlər bir qədər fərqlidir: "Xəzər dənizində tez-tez zəlzələlər baş verir. Bunun da səbəbi həmin ərazinin aktivliyidir. Qurudan fərqli olaraq, burada baş verən zəlzələlər nisbətən dərində olur. Əgər Azərbaycanın quru ərazilərində zəif zəlzələlər 30-35 km-ə qədər dərinliyə yayılırsa, Xəzər dənizində bu rəqəm 60 km-ə qədər olur. Amma güclü zəlzələlər quru ərazidə 10-15 km, Xəzər dənizində 30-35 km olur. 

Azərbaycanda zəif təkanlar həmişə çox olur, güclülər isə nadir hallarda. Bu, seysmikliyin ümumi qanunauyğunluğudur. Ölkədə aktiv zəlzələ ocaqlarının konkret sayını demək olmasa da, çox olduğunu qeyd etmək lazımdır. Şamaxı, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala, Quba, Sabirabad, Zərdab, Lənkəran, Yardımlı, Masallı və digər bölgələrdə aktiv zəlzələ ocaqları var. Xəzər dənizində də beş-altı potensial zəlzələ ocağı mövcuddur. Bu baxımdan, nə vaxtsa güclü zəlzələlərin olma ehtimalı var.

Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər. Ümumilikdə Azərbaycan ərazisi bu və ya digər titrəyişlərə məruz qalıb və qalacaq”.

 

MODERN.AZ