loading...

Alim: "Xəzərin səviyyəsinin düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq"

30-08-2017 Baxış sayı :176

"Qlobal istiləşmənin davam edəcəyi halda Xəzər dənizinin yalnız Rusiya və Qazaxıstan ərazisində quruyacağı ilə bağlı fikirlər səsləndirmək düzgün deyil. Çünki Xəzər dənizi birləşmiş bir qabdır. Qlobal istiləşmə və dənizin səviyyəsinin azalması müşahidə edilərsə, sahil zonasının hər yerində və dayaz ərazilərdə quruma müşahidə edilə bilər”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov rusiyalı və fransalı ekspertlərin Xəzərin Rusiya və Qazaxıstan akvatoriyasının 75 ilə quruyacağı ilə bağlı hazırladıqları araşdırma materialına münasibət bildirərkən deyib. O bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi nəinki Rusiya və Qazaxıstanda, digər sahilyanı ölkələrdə, həmçinin Azərbaycanın dayaz ərazilərində də qurumaya səbəb ola bilər. 

R. Məmmədov qeyd edib ki, hər il Xəzər dənizinin səviyyəsinin 15-20 santimetrə kimi azalması müşahidə edilir: "Bu da Xəzər dənizinin sahil ərazilərində, xüsusən dənizin dayaz yerlərində problemlər yaradır. Xəzər dənizinin dayaz yerlərinin çox hissəsi isə şimali Xəzərin-Qazaxıstan və Rusiyanın ərazisinə düşür. Burada orta dərinlik 7 metrdir. Səviyyənin aşağı düşməsi suyun azalması, xüsusən biomüxəliflik və gəmi fəaliyyəti üçün problem yarada bilər. Bu məsələ Azərbaycanın Neftçala rayonunda da problem yaradacaq. Çünki oranın sahil zonasında meyllik və dərinlik azdır. Nisbətən belə problemlər Lənkəran düzənliyi sahəsində, hətta Xaçmazdan Sumqayıta kimi az-çox özünü göstərə bilər. Sadəcə, şimalı - Rusiya və Qazaxıstan ərazisini müstəsna hal kimi göstərməyə ehtiyac yoxdur. Bu problem Azərbaycan və digər sahilyanı ölkələrdə də müşahidə oluna bilər. Çünki qlobal istiləşmə və səviyyənin azalması nəticəsində suyun quruması dayaz ərazilərdə özünü daha çox büruzə verəcək”.

İnstitut direktoru əlavə edib ki, yaxın gələcəkdə suyun səviyyəsinin aşağı düşməsinin dayanacağı və ya əksinə, artacağına heç kim zəmanət verə bilməz. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi iqlim dəyişmələri ilə əlaqədardır və bununla bağlı çoxillik proqnoz vermək mümkün deyil: "Bu məsələ elm tərəfindən həll olunduğu zaman Xəzər dənizinin səviyyəsi haqqında da etibarlı və uzunmüddətli proqnozlar vermək mümkün olacaq. Amma mən güman edirəm ki, səviyyənin aşağı düşməsi uzun müddət davam etməyəcək və yaxın zamanlarda dayanacaq. Çünki Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri dənizin səthində buxarlanmanın çoxalmasıdır. Səviyyə getdikcə aşağı düşürsə, dəniz səthinin sahəsi azalır və bu da buxarlanmanın azalmasına gətirib çıxarır. Proqnozlara görə, Volqa hövzəsində yağıntının miqdarı artacaq. Bir tərəfdən buxarlanmanın azalması və yağıntının miqdarının artması, yəni Volqa çayının suyunun artması bu məsələni dayandıracaq. Qeyd edim ki, son 12 ildə Xəzər dənizinin səviyyəsi 1,5 metr azalıb. Bu, böyük rəqəmdir və ölkələrin sosial-iqtisadi həyatına ziyan vura bilər”.