loading...

Hacıbala Abutalıbov yola salınır

08-09-2017 Baxış sayı :2 733
Hacıbala Abutalıbov yola salınırMəlum olduğu kimi Azərbaycan şou-biznesinin tanınmış simaları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun fəaliyyətini kəskin tənqid edən klip hazırlayıblar. Məşhur müğənnilərin etirazını Sevda Yəhyayeva, Manana, Elnarə Xəlilova, Samir Piriyev, Nadır Qafarzadə, Tünzalə Ağayeva, Çingiz Mustafayev, İlhamə Qasımova və başqaları musiqiyə çevirib. Nəticədə, H.Abutalıbovun bütün təşəbbüslərinin lağa qoyulduğu istehzalı mahnı alınıb.
Mahnıda H.Abutalıbovun Bakıda bütün parkları necə məhv etdiyindən, sonra onları mərmərlə örtdüyündən bəhs olunur. Vurğulanır ki, sürüşkən mərmər üzərində yıxılan şəhər sakinləri "hər dəfə Hacıbalaya salam göndərirlər”.
Ulduzlar həm də H.Abutalıbovun Bakıda ağacları necə kəsdiyi və onların yerinə elektrik ağacları quraşdırdığı barədə oxuyurlar. BŞİH rəhbəri həm də onda ittiham olunur ki, şəhər sakinləri vaxtilə Bakıda olmuş təmiz havanın yerinə indi tozla nəfəs almağa məcbur ediliblər. Mahnıda şəhərdə eyni küçələrin bir neçə dəfə qazılıb yenidən asfaltlanması, həmçinin merin fəvvarələrə sevgisi və ingilis dilində danışması da ələ salınır.
Mahnı H.Abutalıbovun bütün dünyanın meri olması arzusu ilə bitir
Musavat.com yazır ki, Bakı merinin paytaxtda indi mövsümlə əlaqədar aktual olmayan yağış suları və ya yollardakı qazıntılarını sayının az olduğu bir vaxtda yada düşməsi ciddi maraq doğurur. Hətta bir-birlərinin ad günlərində toplaşaraq mahnı oxuması problematik olan şou əhlinin merə qarşı "həmrəyliyi” diqqət çəkir.
İstisna etmək olmaz ki, isti yay günlərində tamaşaçılardan ayrı düşən müğənnilər ölkədə populyar və tənqidlərə açıq olan paytaxt başçısını bəhanə edərək gündəmə gəlmək istəsinlər. Amma ölkənin siyasi palitrasını da yaxşı mənimsəmiş müğənnilərin BŞİH rəhbərinə tənqidi musiqi həsr etmələrinin arxasında sirr pərdəsinin ola biləcəyini də kimsə inkar edə bilməz. 
Üstəlik, bu hazırlanmış klipin Abutalıbovun məktəb binalarına prezident İlham Əliyevlə baxış keçirdiyi bir gündə yayılması da diqqət çəkir. Bu, əlbəttə ki, bir təsadüf də ola bilər. Bəs, Hacıbala Abutalıbovun yaxın vaxtlarda vəzifədən ayrılacağı barədə yeni xəbərləri yada salsaq, merə "ulduz savaşı” necə, təsadüf kimi izah olana bilərmi?
Ötən həftə Nazirlər Kabinetində başlamış ixtisarlardan sonra mediada BŞİH-də gözlənilən kadr islahatları və merin də tezliklə vəzifəsini itirəcəyi ilə bağlı xəbərlər intensivləşib. Sirr deyil ki, son aylar H.Abutalıbovun səlahiyyətlərinin daralması prosesi sürətlənib ki, Dövlət Reklam Agentliyinin yaradılması və Bakı Şəhər İcra Hakimiyyətinin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. H.Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından, faktiki, məhrum edilmişdi. Son olaraq iqtidarın əsas media orqanı kimi tanınan "Azərbaycan” qəzeti də BŞİH-in fəaliyyətini tənqid edən material dərc edib. Məqalədə Bakıdakı tikinti özbaşınalığı tənqid edilir və aydındır ki, əsas tənqid hədəfi məhz bu xaosa səbəbkar olan H.Abutalıbov göstərilir. "Azərbaycan” qəzetinin Hacıbala Abutalıbovun kreslosunun laxladığı bir zamanda tənqidi material dərc etməsi vaxtilə Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ilə də bağlı yazıları yada salırdı. O zamanda bu cür tənqidi materiallar dərc edilirdi ki, nəticədə Z.Məmmədov işsiz qaldı...
H.Abutalıbovun bu qədər tənqidlərə rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 2001-ci ildən paytaxt təsərrüfatına rəhbərlik edən H.Abutalıbovdan narazılıq təbii ki, çoxdur. Bu, narazılıq təkcə Bakı sakinlərinin davranışlarında deyil, hakimiyyətin ən yüksək eşelonunda da nəzərə çarpmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyəti postu siyasi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir, baxmayaraq ki, meriya əsasən təsərrüfat işləri ilə məşğuldur. Bakı meri olmaq istəyənlər də çoxdur və bu posta indiyədək onlarla məmurun adı hallanıb. Bu mənada merə qarşı "ulduz müharibəsi”ni "qara piar” kimi qiymətləndirənlər də var. Klip yayıldıqdan sonra redaksiyamıza bununla bağlı bir neçə zəng də olub ki, ən müxtəlif mənbələr müxtəlif adlar çəkirlər. Təbi ki, o adları yazmaqdan uzağıq, çünki elə şou-biznes əhlində də bir-birlərinin istəməyənlər çoxdur. Amma fakt faktlığında qalır ki, heç kim Abutalıbova "ulduz hücumu”nu səbəbsiz hesab etmir. Əcəba, ulduzlar özü Hacıbala Abutalıbovun taleyi haqda nə deyir...