loading...

Əliyev Qarabağla bağlı elə strategiya seçib ki...

25-08-2017 Baxış sayı :1 143
Əliyev Qarabağla bağlı elə strategiya seçib ki...
ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqlandın Qarabağ konfliktinin həlli ilə bağlı səsləndirdiyi altı element Ermənistanda təşvişə səbəb olub.

Ermənistan rəsmiləri Hoqlandın fikirlərinin yeni olmadığını bildiriblər. Erməni siyasətçilər və politoloqlar isə əksinə, bu elementləri Ermənistan üçün kifayət qədər narahatedici adlandırıblar.

Axar.az xəbər verir ki, Hoqlandın açıqlaması ilə bağlı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun da fikirləri İrəvanda narahatlıq yaradıb. Belə ki, nazir Azərtac-a müsahibəsində "Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. Münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək” deyə bildirib.

Maraqlı olan əsas məqam odur ki, Azərbaycanı kəskin tənqid edən erməni ekspertlərin bəzilərinin artıq məsələ ilə bağlı fikirlərində müəyyən dəyişiklik yaranıb. Onların bir qismi İrəvanın dirəndiyi dalanda əsas günahkarın Prezident Serj Sərkisyan olduğunu bildiriblər. Ölkəni korrupsiya bataqlığına batıran, tam olaraq Moskvanın qucağına atan liderdən heç nə gözlənilməyəcəyini söyləyən ekspertlər həm də ölkənin əlindəki son kartların artıq oyuna qoyulduğunu iddia ediblər.

Ən mühüm açıqlamalardan biri isə Ermənistan ictimaiyyətində kifayət qədər məhşur olan siyasi ekspert Stepan Səfəryana aiddir. Səfəryanın fikrincə, ABŞ-ın Minsk Qrupundakı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağın həlli ilə bağlı səsləndirdiyi elementlər Ermənistan üçün təhqiredicidir. Hoqlandın fikirlərini Ermənistan hökumətinin faciəsi adlandıran Səfəryan İrəvanın oynadığı siyasi oyunların heç birinin alınmadığını da bildirib:

"Hökumət həmişə düşünür ki, torpaq verməyə razılaşsam, danışıqlar aparılacaq, amma hər şey son səviyyəyə gəlməyəcək. Onlar ürəklərinin bir yerində düşünürlər ki, hansısa vəziyyət bu vədlərini yerinə yetirməyə mane olacaq”.

İrəvanın Ekspert Şurasının toxunduğu başqa məqam Prezident İlham Əliyevlə bağlıdır. Əliyevin Qarabağla bağlı xüsusi strategiyasının olduğunu vurğulayan erməni ekspertlər onun hətta Ermənistan üçün təhqir olan Kazan razılaşmasını da qəbul etmədiyini, daha kompleks nəticə almaq üçün ardıcıl siyasət yeritdiyini bildiriblər.

Görünür, artıq İrəvan bölgədə dalana dirənib. ABŞ-ın son mövqeyi, Rusiyanın isə getdikcə azalan imkanları erməni ictimaiyyətində Qarabağla bağlı yeni düşüncələrin yaranmasına imkan yaradıb. Yaranan yeni situasiya isə bir zamanlar "daşa basılan” eks-prezident Levon Ter Petrosyanın getdikcə proqnozlarının gerçəklənməsinə imkan yaradır. Məhz Petrosyan bir neçə ay öncə Qarabağ ətrafındakı torpaqların Azərbaycana verilməsinin vacibliyini və bunun İrəvan üçün son şans olduğunu bildirmişdi.