Neft bazarında nə baş verir?
Tarix: 28-05-2020, 23:22
Baxılıb: 604
Google+ Paylaş
Tumblr Paylaş

Neft bazarında nə baş verir?

28-05-2020, 23:22

ABŞ-da neft ehtiyatlarının artmsına dair məlumat bu gün neft bazarında qiymətlərin 5 faizədək ucuzlaşmasına səbəb olub. Belə ki, ABŞ Neft İnstitutunun (API) məlumatına görə, 22 mayda bitən həftə ərzində ölkənin neft ehtiyatları 8,7 milyon barel, benzin ehtiyatları 1,1 milyon barel artıb. Buna baxmayaraq, ölkənin və dünyanın ən böyük neft anbarlarında-Kuşinqdəki ehtiyatların həcmi 3,395 milyon barel azalıb. 
Xəbər günün əvvəlində bazarda ciddi qiymət azalmasına səbəb olsa da, hazırda yenidən artım nümayiş etdirməkdədir.
Musavat.com-un Bloomberg agentliyinə istinadən məlumatına görə, Bakı vaxtı ilə saat 21.43-də Londonun ICE birjasında Brent neftinin bir bareli 2,76 faiz bahalaşaraq 35,70 dollara, Nyu-Yorkun NYMEX elektron birjasında isə WTI neftinin bir bareli 3,75 faiz bahalaşaraq 33,98 dollara satılıb.
Qeyd edək ki, son günlər neft hasilatının azaldılmasına dair OPEK+ çərçivəsində may-iyun aylarında nəzərdə tutulan azaltma kvotasının əlavə bir neçə ay da qüvvədə saxlanmasına dair müzakirələr başladılıb.
İki gün əvvəl Rusiya neft şirkətləri rəhbərlərinin energetika naziri Aleksandr Novakla görüşündə bu məsələnin müzakirə olunduğu və şirkətlər tərəfindən dəstəkləndiyinə dair məlumat yayılıb.
Ekspertlər: Dünya neft bazarı özünə gəlir
TASS agentliyinin görüşdə iştirak edən mənbəyə istinadən yaydığı məlumata görə, şirkətlər may-iyun aylarında azaldılmış hasilat kvotasının davam etdirilməsi variantını dəstəkləyiblər. Qeyd edək ki, OPEK+ razılaşmasına əsasən iyuldan etibarən gündəlik hasilat 2 milyon barel artırılmalı, azaldılan həcm 7,7 milyon barel təşkil etməlidir. Gələn ilin yanvarından isə hasilat daha 1,9 milyon barel artırılmaqla, azaldılan həcm 5,8 milyon barel olmalıdır.
Asiya və Çinin ardınca Avropada da iqtisadi aktivliyin bərpası prosesi getməkdədir. Artıq Avropanın ən böyük neftayırma zavodlarının sahibi olan Portuqaliyanın “Galp Energia SGPS SA” bəyan edib ki, öz müəssisələrində istehsalı iyundan bərpa edəcək. Ondan əvvəl isə İspaniya ölkədə yanacaq istehlakının artdığına dair məlumat açıqlayıb. Lakin bu tək-tək məlumatlar bazar iştirakçılarında pozitivliyin artmasına gətirib çıxarmır. Bu şəraitdə ümumilikdə dünyada iqtisadiyyatın pandemiyadan çıxması prosesinin gözlənildiyindən daha ləng getməsi, neftə tələbatın artım sürətinin aşağı olması bütün hasilatçıları narahat etməkdədir.
Səudiyyə Ərəbistanı artıq bu narahatlığa görə hasilatı OPEK+ çərçivəsində nəzərdə tutulandan əlavə olaraq gündəlik 1 milyon barel daha azaltmaq qərarına gəlib və bu istiqamətdə real addımlar atmağa başlayıb.
Rusiya şirkətlərinin bəziləri hasilatın kəskin azaldılmasını nəzərdə tutan kvotanın müddətinin uzadılmasına qarşıdılar. “Kommersant”ın yazdığına görə, həmin şirkətlər hesab edirlər ki, Rusiyanı hazırkı kvotanın müddətinin uzadılmasına Səudiyyə Ərəbistanı məcbur edir. Bu ölkənin neftin indiki qiymətlərindən narazı olduğu üçün hasilatı azaltmaqla qiymətləri qaldırmağa çalışdığı deyilir. Belə ki, OPEK+ çərçivəsində razılaşmanın icrasına başlandıqdan sonra neftin qiymətində 70 faizə yaxın bahalaşma baş verib. Lakin 35 dollar civarında olan qiymətlər Ər-Riyadı qane etmir, çünki bu halda ölkə özünün valyuta ehtiyatlarını xərcləməyə məcbur olur. Üstəlik, əksər analitik mərkəzlər dünya iqtisadiyyatındakı bərpa sürətini nəzərə almaqla hazırkı qiymətlərin ilin sonunadək davam edəcəyini proqnozlaşdırırlar. Hətta bəzi mərkəzlər bu vəziyyətin 2025-ci ilədək davam edəcəyi fikrindədirlər. Buna görə də Səudiyyə Ərəbistanının qiymətləri daha tez yuxarı qaldırmaq üçün hərəkətə keçməsi başadüşüləndir.
Dünən prezident Vladimir Putinlə Səudiyyə Ərəbistanının varis-şahzadəsi Məhəmməd ibn Salman arasında telefon danışığı baş tutub. Danışıqlarda əsas mövzu OPEK+ çərçivəsində görülən işlər olub. İyunun 9-da OPEK+ ölkələrinin görüşü ərəfəsində baş tutan danşıqlarda gündəlik hasilatın 9,7 milyon barel azaldılmasına dair aprelin 12-də əldə olunmuş razılaşmanın sentyabra qədər davam etməsi barədə də müzakirələrin aparıldığı güman olunur.
OPEC+ completes historic deal on deep oil production cuts - Axios
Rusiya şirkətlərinin hasilatın azaldılması kvotasının davam etdirilməsinə qarşı mövqeyi bu ölkənin mətbuatına da yansımaqdadır. Bir sıra Rusiya ekspertləri hesab edirlər ki, kvotanın davam etdirilməsi Səudiyyə Rusiyaya qarşı planının tərkib hissəsidir. Məqsəd isə ABŞ-la birlikdə Rusiyanın neft sənayesini zəiflətməkdir. Bildirilir ki, OPEK+ sazişi çərçivəsində Səudiyyə reallıqda hasilatı demək olar ki, azaltmayıb. Belə ki, mart-aprel aylarında əvvəlcədən topladığı böyük həcmdə ehtiyatlarından istifadə edən ölkə yalandan hasilatı artırdığını elan edib. OPEK+ çərçivəsində razılaşma əldə olunduqdan sonra isə eyni qaydada hasilatı azaltdığını bildirib.
Rusiya ekspertləri hesab edirlər ki, Səudiyyənin hasilatı əlavə olaraq 1 milyon barel azaltması hər şeydən məlumatlı olan ABŞ-ın təzyiqi ilə qəbul edilmiş qərardır: Tramp Ər-Riyadın hasilatı real olaraq azaltmasını tələb edib. Bundan əlavə, neft ixracının deyil, hasilatın azaldılması məqamı da Səudiyyənin Rusiyaya qarşı hiyləsi kimi qiymətləndirilir. Rusiyada gündəlik neft istehlakı 5 milyon barel, Səudiyyədə isə 1,5 milyon bareldir. Buna görə də aprel ayında Rusiyanın gündəlik neft ixracı 5,2 milyon barel, Səudiyyənin ixracı isə 9,4 milyon barel olub. Bu isə o deməkdir ki, hasilatı eyni həcmdə azaltdıqda Rusiyanın ixracı 48 faiz, Səudiyyənin ixracı isə cəmi 27 faiz azalıb. Beləliklə də, indiki azaltma həcminin saxlanması Rusiya üçün daha ciddi itkilərə səbəb olacaq, nəinki Səudiyyə Ərəbistanına.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ