Son statistika və Azərbaycanda “ikinci dalğa” riski: çıxış yolu nədir?
Tarix: 6-05-2020, 16:44
Baxılıb: 75
Google+ Paylaş
Tumblr Paylaş

Son statistika və Azərbaycanda “ikinci dalğa” riski: çıxış yolu nədir?

6-05-2020, 16:44

Azərbaycanda koronavirusa yoluxma dinamikasının müsbətə doğru dəyişməsi fonunda dünən – 5 may tarixində 76, bu gün – 6 may tarixində 67 yeni yoluxma faktının qeydə alınması, daha 2 nəfərin vəfat etməsi “ikinci dalğa gəlir” təhlükəsini gündəmə gətirdi.

Pandemiyanın yayılmağa başladığı ilk gündən hökumət tətbiq olunan xüsusi karantin rejimi ilə yayılmanı minimallaşdırmağa nail oldu. Bu, epidemiya üzərində böyük qələbə idi, xüsusilə digər ölkələrdəki vəziyyətlə müqayisədə. Ardınca bütün dünyada olduğu kimi Azərbaycanda da karantin rejiminin tədricən yumşaldılması prosesi başlandı. Hökumət dünyadakı vəziyyət və ölkədə mövcud dinamikanın təhlilinə uyğun olaraq belə qərar qəbul etmişdi, lakin insanlara sosial məsafə saxlamağın vacib olduğu da tövsiyə olundu. Yoluxma hallarının azalması fonunda qəbul edilən yumşalma qərarı insanların normal həyata dönməsi baxımından müsbətdir, hərçənd, son iki gündə qeydə alınan yoluxma faktlarının yüksək olması narahatlığa əsas yaradır.

Pandemiyalarda ikinci dalğa ən təhlükəli hal sayılır, bunu tarixi təcrübə də, mövcud reallıq da təsdiyləyir.

Tarixdə qeydə alınmış vəba, çiçək xəstəliyi, İspan qripi, hətta bu gün adi xəstəliyə çevrilən qrip pandemiyaları iki, üç, dörd dalğada yaşanıb və növbəti dalğalar ilk dalğadan daha təhlükəli, daha çox itkinin olması ilə nəticələnib. Araşdırmalar Covid-19 pandemiyasının bu epidemiyalara bənzədiyini və növbəti dalğaların ola biləcəyini göstərir. Xüsusilə Çində ikinci dalğanın yaşanması mövcud reallıqda bunu təsdiqlədi.

Bu faktlar fonunda Azərbaycanda iki gündə 143 yoluxma faktının qeydə alınması təhlükəni aktuallaşdırır.

Koronavirus üzərində araşdırma aparan dünya alimləri ikinci dalğanın yoluxmayanlar üçün ciddi risk yaradacağını hesab edirlər. Yalnız iki halda virusun adiləşəcəyi gözlənilir.

Birincisi, virusa qarşı kütləvi immunitentin formalaşması, vaxtilə ölümcül olan qrip infeksiyasının indi adiləşdiyi kimi;

İkincisi, peyvəndin hazırlanması;


Bunun üçün vaxt və insanların həmin vaxta qədər ehtiyatlı olması vacibdir.

ABŞ-da Xalq Sağlamlıq Mərkəzinin (MHP) səhiyyə üzrə mütəxəssisi Kerol Vinner pandemiyada ikinci dalğanı dəniz dalğasına bənzədir.

Çimərlikdə olanda uzaqda böyük dalğanın gəldiyini görürük. Bu dalğa yüksəyə qalxır, sonra enir, ardınca ikinci dalğanın hündürlüyü kiçik olur, amma sahilə qədər gəlib çatır, insanları isladır. Pandemiyalarda ikinci dalğa da belədir. Kiçik görünür, amma daha çox yoluxmaya və itkiyə səbəb olur. İkinci dalğanın olmaması, yaxud təsirinin az olması insanların gigiyena vərdişləri və sosial məsafədən asılı olacaq”, - Vinner deyir.

Həqiqətən də hər şey insanların yeni həyat şərtlərinə uyğunlaşmasından asılıdır. Əgər şüurlu şəkildə sosial məsafə saxlanılarsa və şəxsi məsuliyyət hissi güclənərsə, növbəti dalğanın yaşanmaması, yaşanarsa belə daha az təsir etməsinə nail olmaq mümkündür.

MHP-nin digər mütəxəssis Urvish Patel deyir: “Tez-tez əl-üz yumağa davam etmək, üzünüzə az toxunmamaq, səthləri tez-tez təmizləmək, ictimai yerdə olduğunuz zaman maskadan, əlcəkdən istifadə etmək, sosial məsafə qaydalarına əməl etmək, yeganə çıxış yolu budur”.

Bütün mütəxəssislər çıxış yolunun şəxsi məsuliyyət, gigiyena və sosial məsafə olduğunu deyir.

Azərbaycamnın baş infeksionisti Cəlal İsayev də “ikinci dalğanın baş verə biləcəyi təhlükəsinin mövcud olduğunu” istisna etmir və insanlara qaydalara əməl etməyi tövsiyə edir.

- Sosial məsafəyə;
- Şəxsi gigiyenaya;
- Yumşaldılan karantin rejiminin mövcud qaydalarına


əməl etməyi və şəxsi məsuliyyət hissini unutmamalıyıq, çünki öz sağlamlığımızı bizdən yaxşı heç kim qoruya bilməz.

Əks təqdirdə, təhlükənin miqyası daha böyük ola və karantin rejiminin yumşaldılması prosesi dayandırıla bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ