Azərbaycanda dörd universitet publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.
Qeyd edək ki, bir neçə il öncə Prezidentin sərəncamları ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Mühəndislik Universiteti publik hüquqi şəxs statusu alıblar.
Maraqlıdır, təhsil ocaqlarının publik hüquqi şəxsə çevrilməsi universitetlərə nələr vəd edəcək?
Mövzu ilə bağlı Referans.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, sözügedən sistemlə işləyəcək təhsil ocaqları özləri-özlərini maliyyələşdirəcəklər:
"Publik hüquqi şəxs statusu özü-özünü maliyyələşdirən qurum deməkdir. Bu qərar sanki universiteti maliyyə cəhətdən asılılıqdan azad edir. Əvvəl belə bir fikir var idi ki, AMEA niyə publik hüquqi şəxs olmur? Məsələn, alimsən ixtira edirsən və satışını təşkil etməlisən düzdür, mövcud alim bazasında belə həvəsmi deyim, bacarıqmı deyim, faktiki olaraq olmadığına görə AMEA bunu edə bilmir. Amma, universitetlərdə fərqli mexanizm var. Universitet bütün tələbələrdən ödəniş haqqı alır. Bu necə olur? Ali təhsil ocaqları həm dövlət sifarişi adı altında, həm də ödənişli təhsil adı ilə tələbələrdən təhsil haqqı alır. Yəni ödənişli qəbul olan tələbə ödənişi öz cibindən edir. Dövlət sifarişi ilə qəbul olan tələbənin təhsil haqqını isə dövlət həmin universitetə ödəyir".
Bəs, Universitetlərin publik hüquqi şəxs statusuna keçməsi müəllimlərin maaşına təsir edəcəkmi?
Müsahib deyir ki, publik hüquqi şəxs statusuna keçən ali təhsil müəssisələrində maaş yüksək olur: "Universitetlərdə ödənişlər bilirsiniz ki, artır. Bütün bunlar universitetin maliyyə bazasına təsir edir. Müəllimlərin maaşı, texniki təchizat büdcənin hesabına ödənilir. Publik hüquqi şəxs statusu universitetə maliyyə azadlığı verir".
Ekspert deyir ki, beynəlxalq təcrübə göstərir ki, bu sistem müəllimlərin əməkhaqqına çox yaxşı təsir edir. Amma, sözügedən təcrübənin bizdə necə tətbiq olunacağı universitet rəhbərliyinin ixtiyarında olan məsələdir. Hər universitetin özünə görə maliyyə məsələləri var və hansı müəllimin necə maaş alacağı buna bağlıdır. Elə universitet var ki, orada tələbə kontingenti azdır, eləsi də var ki, minlərlərdir.
