Nazirin birdəfəlik yardım açıqlamasına deputat və iqtisadçıdan reaksiyalar
Tarix: 8-04-2020, 13:35
Baxılıb: 1 379
Google+ Paylaş
Tumblr Paylaş

Nazirin birdəfəlik yardım açıqlamasına deputat və iqtisadçıdan reaksiyalar

8-04-2020, 13:35

Aprelin 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında birdəfəlik ödəmə ilə bağlı söz-söhbətlərə nöqtə qoydu. 
Nazir pandemiya dövründə hansı kateqoriyalı vətəndaşlara bu yardımın şamil olunacağına aydınlıq gətirdi.
S.Babayevin açıqlamalarından məlum oldu ki, ailədə azı bir nəfər əmək müqaviləsi ilə işləyirsə, həmin 190 manat onlara şamil oluna bilməz.
Üstəlik, bir ailədən iki nəfər müraciət edirsə, yalnız birinə ödəniş ediləcək. Onun sözlərinə görə, müraciət edənlərin 60 faizi bu yardımı almağa haqqı çatmayanlar idi.
Nazirin sözlərinə görə, sosial şəbəkələrdə iki gündür qeyri-ciddi məlumatlar paylaşılır: “Əvvəlcə, hər kəs dövlətin dəstəyinin fəlsəfəsini anlamalıdır. O demək deyil ki, ailənin 3 üzvü birdəfəlik ödəniş almalıdır, o biri ailə kənarda qalmalıdır.
Birdəfəlik ödəmə ünvanlıdır və dövlətdən ödənişi olmayanlara şamil ediləcək. Birdəfəlik müavinətlə bağlı bir ailəyə bir ödəniş olacaq. Bu ödənişlər elektron qaydada və nağdsız ödəniləcək. Əgər vətəndaşın bank kartı yoxdursa, yaxın banka vəsait yerləşdiriləcək və ordan şəxsiyyət vəsiqəsi ilə ala biləcək”.
S.Babayevin açıqladığı şərtlər sosial şəbəkələrdə müzakirə edilməkdədir. Bir çox vətəndaşlar birdəfəlik ödəmə ilə bağlı yanaşmanı doğru hesab etmirlər.
Milli Məclisin deputatı Vahid Əhmədov Musavat.com-a bildirdi ki, birinci etap üçün ayrılan vəsait yaxşıdır. Onun sözlərinə görə, nazirin çıxışını dinləyib və əsas məsələ şəffaflığın təmin edilməsidir: “Nazir bildirir ki, ailədə biri müqavilə ilə işləyirsə, artıq yardım şamil edilməyəcək. Amma elə ailə var ki, ayda 200 manat maaş alır, öhdəsində evdə 4-5 nəfər var, bu külfəti saxlamalıdır. Bəs, onlar necə olsun? Elə ailə var ki, ayda 1000 manat, eləsi 200 manat maaş alır. Bütün bunları nəzərə almaq lazımdır”.
V.Əhmədovun sözlərinə görə, onu daha çox günəmuzd işləyən fəhlələrin məsələsi narahat edir: “Əsas onların problemi həll olunmalıdır. Çünki onların işsiz kimi qeydiyyatı yoxdur. Mənə zənglər olur, şikayətlənirlər ki, dolanmaq yerləri yoxdur.
İnsanlara deyirlər ki, çölə çıxma, karantindir, o halda günəmuzd fəhlələrin işsiz kimi qeydiyyatı aparılmalıdır.
Həmin günəmuzd fəhlələr maddi yardımla təmin edilməlidir ki, əziyyət çəkməsinlər”.
Deputat qeyd etdi ki, birdəfəlik yardımların verilməsi ilə bağlı başqa variantlar da istifadə edilməlidir: “Bir çox insanlar internetdən qoşula bilmir, elə ailələr var ki, internetsizdir. İcra hakimiyyətləri rayonlarda vəziyyəti yaxşı bilirlər, onların vasitəsi ilə qeydiyyat məsələlərini həll etmək olar.
Mənə Xaçmaz, Şabran, Qubadan zəng edirlər ki, qeydiyyatdan keçə bilmirik. Ona görə də icra hakimiyyətlərinin imkanlarından istifadə edilməlidir”.
İqtisadçı-ekspert Natiq Cəfərli saytımıza söylədi ki, dünya dövlətlərinin əhaliyə yardım paketlərinə baxdıqda, burada bir neçə məqam görürük: “Ən azı Türkiyə 4 milyondan çox adama 1000 lirəlik yardım paketi açıqlanıb. İndiki məzənnə ilə 150 dollar edir. Bu məsələdə ailənin ortalama gəliri hesablanıb verilməliydi.
Fərqi nədir ki, ailədə neçə nəfər işləyir. Bir ailənin 5 üzvündən ikisi işləyə bilər, hərəsi 250 manat maaş alar.
Bu da ümumi ailənin gəlirinin 500 manat olması deməkdir. Onu da 5 nəfərə böləndə 100 manat düşür.
Bu da Azərbaycanda yaşayış minimumundan aşağıdır. Çünki ölkədə yaşayış minimumu 190 manatdır”.
N.Cəfərli hesab edir ki, birdəfəlik yardımların verilməsi ilə bağlı hesablama qaydaları və fəlsəfəsi düzgün anlaşılmayıb:
“Əslində, adambaşı yox, ailəbaşı hesablanan gəlir olmalı idi. Çünki hökumət işləyən, təqaüdçü və uşaq üçün ayrı-ayrılıqda yaşayış minimumunu müəyyənləşdirib.
Ona görə ailənin ümumi gəliri nəzərə alınmalıdır və qazanc dolanışığa uyğundursa, o zaman yardım etmək lazım deyildi”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ