Binance kriptobirjası Azərbaycan hökuməti ilə anlaşma imzalayıb.
“4SIM Azerbaijan” və “Binance” arasında imzalanan memorandumun əsas istiqamətləri Metaverse, Blockchain və Web3 texnologiyalarının Azərbaycanda inkişafını əhatə edir.
Bu əməkdaşlıq Azərbaycanda kriptovalyuta sahəsinə necə təsir edəcək? Azərbaycanda kriptovalyuta sahəsinin inkişaf etməsi üçün nələrə ehtiyac var?
İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a verdiyi açıqlamada bu sualları cavablandırıb.
“Azərbaycanda kriptovalyutanı inkişaf etdirmək üçün birinci növbədə kriptovalyutaya investisiya qoymaq məhdudiyyəti aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının “Valyuta tənzimi” haqqında qanuna görə, digər normativ sənədlərə görə vətəndaşlar kriptovalyutanı ala bilmirlər. Məsələn cari hesabda pul qoyaraq kriptovalyuta üçün pul köçürmək Azərbaycanda qanunsuz hesab olunur və banklar bu əməliyyatı icra etmir. Hazırda ölkədə bununla məşğul olan insanlar müxtəlif yollarla bu prosesi həyata keçirirlər. Yəni Azərbaycanda kriptovalyuta almaq üçün qanunvericilik məhdudiyyəti var”.
Ekspert bildirib ki, Azərbaycanda yalnız kriptovalyuta leqallaşdıqdan – qanuniləşdikdən sonra bu sahənin inkişafı haqqında danışmaq olar. Hazırki memorandum isə daha çox təhsil və təlim məsələlərini əhatə edir.
