Bu gün Biləsuvar rayonunda faciəvi hadisə baş verib.
Rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.
Hadisə ilə bağlı həkim-pediatr Aytən İsmayılzadə Referans.az-a açıqlamasında danışıb.
“Normal masaj prosesindən uşağın ölməsi mümkün deyil. Lakin uşaqda sınıq olması halında bu baş verə bilərdi. Bu proses isə inandırıcı səslənmir. Çünki sınığı olan uşağın da masaj olunması düzgün deyil. Bu zaman sarı sümük iliyi gedib damarı tuta bilər və bu zaman ölüm halı baş verə bilər”.
Pediatr bildirib ki, son zamanlarda uşaqlarda qəfil ölüm hallarının sayı artmaqdadır. Bu zaman mütləqdir ki, dünyasını dəyişən uşaqlar patoloji-anatomin müayinədən keçirilsin.
“Bu yaşda bir uşağa masajın edilməsi olduqca normaldır. Ümumiyyətlə, işini bilən mütəxəssis tərəfindən istənilən yaşda masaj edilə bilər. Burada masaj rol oynamayıb. Böyük ehtimal körpənin səhhətində yolunda olmayan nələrsə olub”.
Qeyd edək ki, uşağın atası Emin Qubadlı uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünərək xəstəxanaya apardıqlarını deyib.
"Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü".
