
Beynəlxalq məkanda qlobal güclər arasında yeni geopolitik balans modeli formalaşmağa başlayıb... Ukrayna müharibəsi və İran savaşının yaratdığı qlobal gərginlik artıq tədricən eyni geopolitik sistemin tərkib hissəsinə çevrilir...
Ukrayna müharibəsi, İran savaşı və yeni geopolitik balans yaratma cəhdləri indi qlobal məkanda əsas "böhran düyünü"nə çevrilmək üzrədir. Belə ki, son vaxtlar beynəlxalq məkanda baş verənlər onu göstərir ki, indi dünyada paralel şəkildə qəlizləşmiş iki böyük böhran mövcuddur. Hətta hazırda Ukrayna müharibəsi və Yaxın Şərqdə İran ətrafında yaranmış hərbi gərginlik artıq bir-biri ilə sıx şəkildə əlaqələndirilməyə başlayıb.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trumpın Rusiyanın İrana müəyyən dəstək göstərmiş ola biləcəyinə eyham vurub. Ukrayna lideri Volodimir Zelenski isə Fransa paytaxtı Parisdə İranın devrilmiş monarxının oğlu Reza Pahlavi ilə görüşüb. Yəni, Yaxın Şərqdə yeni savaşın başlanmasından sonra Ukrayna müharibəsinin dayandırılması üzrə sülh danışıqlarının də yenidən dalana dirənməsi bu prosesin müxtəlif qəlizləşmiş tərəflərini üzə çıxarır. Və bütün bunlar qlobal siyasət məkanında artıq yeni bir "geopolitik düyün"ün formalaşmaqda olduğunu göstərir.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdə davam edən hərbi qarşıdurma fonunda İrana müəyyən səviyyədə yardımlar göstərmiş ola biləcəyi qənaətinə gəlməsi qətiyyən təsadüfi deyil. Çünki Ağ Ev sahibi Donald Tramp bu ehtimalı ehtiyatlı şəkildə səsləndirsə də, onu da qeyd edib ki, Kreml ABŞ-ın Ukraynaya vaxtilə göstərdiyi dəstəyi İrana münasibətdə analoji variantda təkrarlamaq niyyətinə düşmüş ola bilər.
Təbii ki, Ağ Ev sahibinin bu yanaşma tərzi beynəlxalq münasibətlər sistemində yeni bir balans modelini ortaya çıxarır. Yəni, böyük güclər bir-birinə qarşı birbaşa hərbi qarşıdurmadan yayınsalar da, əslində, regional münaqişələr vasitəsilə də kəskin rəqabət aparırlar. Hər halda, son illərdə Rusiya ilə İran arasında hərbi və texnoloji əməkdaşlığın genişlənməsi bu tendensiyanın bariz nümunəsidir. Xüsusilə də pilotsuz uçuş aparatları və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Qərbdə ciddi narahatlıq doğurmaqdadır.
Digər tərəfdən isə Ukrayna prezidenti Volodimir Zelenskinin də Fransa paytaxtı Parisdə İranın sonuncu şahının oğlu, ABŞ-ın hakimiyyətə gətirmək niyyətində olduğu Reza Pahlavi ilə görüşməsi böyük maraq doğurur. Bu görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını və İran xalqının gələcək siyasi perspektivlərini müzakirə ediblər. Və prezident Volodimir Zelenski xüsusilə vurğulayıb ki, İran xalqının öz taleyini müəyyən etmək üçün daha çox imkanlar əldə etməsi olduqca vacibdir.
Ukrayna liderinin bu manevri Rusiyanın müttəfiqi olan İranla bağlı məsələdə rəsmi Kiyevin daha aktiv siyasi mövqe tutmağa başladığını göstərir. Belə ki, İran uzun müddətdən bəridir ki, rəsmi Kiyev tərəfindən Rusiyaya hərbi dəstək göstərməkdə ittiham olunur. Və bu səbəbdən də rəsmi Kiyevin İrandakı hakimiyyətə qarşı çıxan şəxslər ilə siyasi dialoq qurmağa çalışması Ukraynanın təzyiq strategiyasını daha da gücləndirir.
Halbuki, Yaxın Şərqdə yeni savaşın başlanmasından sonra Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlar prosesində olduqca ciddi siyasi-diplomatik böhran yaşanmaqdadır. Belə ki, Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqlar hazırda kifayət qədər ciddi çətinliklərlə üzləşib. Və mövcud durumu prezident Volodimir Zelenskinin sözləri ilə ifadə etsək, danışıqlar masasındakı vəziyyət indi müəyyən mənada, tam bir "Santa-Barbara” serialını xatırladır.
Bəzi məlumatlara görə, Ağ Ev hazırda Ukrayna savaşının dayandırılması üzrə danışıqların yalnız ABŞ ərazisində keçirilməsini təklif edir. Bunun əsas səbəbi isə ABŞ-ın Yaxın Şərqdə reallaşdırdığı hərbi əməliyyatlar ucbatından yüksək səviyyəli diplomatik səfərlərin artıq məhdudlaşdırılması ilə bağlıdır. Ancaq Ukrayna bu variantı qəbul etsə də, Kreml Rusiya nümayəndə heyətinin ABŞ-a səfərindən imtina edir və yeni görüşün daha neytral platformalarda keçirilməsinin vacib olduğunu vurğulayır.
Maraqlıdır ki, Kreml alternativ görüş yeri kimi, məhz Türkiyə və İsveçrə göstərib. Ancaq Ağ Ev hələlik bu variantlara münasibətini bildirməyə tələsmir. Halbuki, elə bu fikir ayrılığı səbəbindən sülh danışıqları artıq bir neçə dəfə təxirə salınıb. Ancaq istənilən halda, Türkiyənin yüksələn vasitəçilik rolu artıq qətiyyən şübhə doğurmur. Çünki son illərdə rəsmi Ankara həm Ukrayna müharibəsində, həm də Yaxın Şərqdə müxtəlif siyasi-diplomatik təşəbbüslərlə diqqəti çəkməyi bacarır.
Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəllər də Rusiya və Ukrayna nümayəndələrini İstanbulda eyni danışıqlar masasına gətirməyə nail olmuşdu. Üstəlik, Türkiyə həm NATO üzvü olması, həm də Rusiya ilə siyasi dialoq kanallarını açıq saxlaması səbəbindən nadir vasitəçi ölkələrdən biri hesab olunur. Və məhz bu səbəbdən də gələcək sülh danışıqları üçün ən real platformalardan biri yenidən İstanbul ola bilər.
Göründüyü kimi, qlobal güclər arasında yeni balans modeli formalaşdırmağa başlayıb. Hazırkı vəziyyət onu göstərir ki, Ukrayna müharibəsi və İran savaşı ətrafında yaranan qlobal gərginlik artıq tədricən eyni geopolitik sistemin tərkib hissəsinə çevrilmək üzrədir. Belə ki, bir tərəfdən ABŞ və Ağ Evin Qərbdəki müttəfiqləri arasında, digər tərəfdən isə Rusiya-İran tandemində formalaşan əməkdaşlıq, regional münaqişələri qlobal güc balansının əsas faktorları kimi ön plana çıxarır.
Belə anlaşılır ki, yaxın gələcəkdə beynəlxalq məkanda Ukrayna müharibəsi, İranın nüvə proqramı və Yaxın Şərq təhlükəsizliyi kimi qlobal hərbi-siyasi böhran problemləri eyni geostrateji paket daxilində müzakirə oluna bilər. Bu baxımdan, beynəlxalq sistemin yeni bir geopolitik mərhələyə daxil olduğu artıq qətiyyən şübhə doğurmur. Çünki regional münaqişələr artıq yalnız lokal xarakterli problemlər deyil. Və bu problemlər qlobal güclər arasında formalaşmaqda olan yeni dünya nizamının əsas müəyyənləşdirici faktoruna çevrilir.






Şərhlər