
Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində 28 nəfəri xilas edən azərbaycanlı qəhrəman, Ağdamın Mahmırlı kəndində anadan olmuş Rahib Məmmədovun abidəsinin əsaslı təmirdən sonra açılışı, həmçinin ona həsr edilmiş "19 yaşlı xilaskar" adlı sənədli filmin təqdimatı olub.
Reportyor.tv Gürcüstan bürosu xəbər verir ki, Xobi rayonunda keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, Azərbaycan və Türkiyənin Batumidəki konsulları, Gürcüstanın regional dövlət rəsmiləri, azərbaycanlı icmasının nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Faiq Quliyev Rahib Məmmədovun adının və xatirəsinin hər zaman Gürcüstanda yaşadılacağını bildirib.
"Bizim qəhrəmanlarımız Azərbaycan-Gürcüstan əlaqələrinin təməlinin qoyulmasında böyük rol oynayıblar. Bu gün Rahib Məmmədovun ruhu şaddır, çünki onun doğulduğu Ağdam rayonu artıq azaddır", - səfir deyib.
Faiq Quliyev Azərbaycan dövlətinin hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini, Gürcüstan dövləti və xalqının da 30 il ərzində Azərbaycana hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb.
Diplomat Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Ağdamın minalanmış ərazilərinin xəritəsinin Azərbaycana təhvil verildiyini xatırladıb.
Sənədli filmin rejissoru Elnur Vəlizadə bildirib ki, film hazırlanarkən daha əvvəl Çaladidi kəndində Rahib Məmmədovun adına küçə olduğu, lakin sonradan küçənin adının dəyişdirildiyi məlum olub.
Daha sonra Rahib Məmmədovun Çaladidi kəndindəki Qəhrəmanlar meydanında yerləşən abidəsinin əsaslı təmirdən sonra açılışı olub.
Tədbirdə Çaladidi kənd məktəbinin direktoru Nana Kartsidze bildirib ki, sovet illərində kənd məktəbinə Rahib Məmmədovun adı verilib, lakin 90-cı illərin əvvəllərində Gürcüstandakı mürəkkəb vəziyyət zamanı ad götürülüb. Direktor Rahib Məmmədovun adının qaytarılması üçün məktəb kollektivinin əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki, Rahib Məmmədova həsr edilmiş sənədli film və onun abidəsinin əsaslı təmiri SOCAR-ın Kulevi neft terminalının dəstəyi ilə baş tutub.






Şərhlər