
BMT-nin son hesabatına görə, Əfqanıstandakı "Taliban" hökuməti məişət zorakılığından və zorakılıqdan qaçan qadınları “qorumaq üçün” həbs edir. Zalım siyasətlər ucbatından evdə qapalı qalan qadınlar zorakılığa məruz qaldıqda rəsmi şikayət etməkdən çəkinirlər.
Publika.az xəbər verir ki, Əfqanıstanda 2021-ci ildə hakimiyyətə gəldikdən sonra qadınların hüquqlarına qarşı bir çox pozuntulara yol verən "Taliban" hökumətinin məişət zorakılığı və istismardan qaçan qadınları qorumaq bəhanəsi ilə həbsə atdığı üzə çıxıb. Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) hazırladığı son hesabata görə, dövlət tərəfindən dəstəklənən qadın sığınacaqlarının olmadığı ölkədə təhlükəsizlik narahatlıqları olduğunu bildirən qadın və gənc qızlar "Taliban" səlahiyyətliləri tərəfindən həbsxanalara atılır.
UNAMA, "Taliban"dan əvvəlki dövrdə də qadınlara qarşı zorakılığın yüksək nisbətdə görüldüyü ölkədə iqtisadi və humanitar böhranın kəskinləşməsi ilə bunun artdığını bildirib. Hesabata görə, "Taliban" hökumətinin iki ildir davam edən zülm siyasəti nəticəsində qadınların məişət zorakılığına qarşı müdafiəsizliyi artıb. Ölkədəki 23 qadın sığınacağı "Taliban" səlahiyyətliləri tərəfindən Qərb anlayışı olduğu səbəbi ilə bağlanıb.
Cinayət və hüquqi şikayətlər arasında aydın fərqin olmadığı bir ölkədə qadınlar üçün effektiv hüquqi müdafiə, kompensasiya və ya məhkəmə çəkişmələri kimi variantlar da yoxdur. Zorakılığa və ya istismara məruz qalan qadın “məskunlaşmağa yeri yoxdursa və ya həyatı təhlükə altındadırsa” həbsxanaya göndərilir. Bundan əlavə, şikayətlərinə kişi işçilər tərəfindən baxıldıqda, qadınlar rəsmi hesabat verməkdən çəkinirlər. UNAMA-nın məlumatına görə, qadınlar "Taliban" hökumətindən və onların özbaşına hərəkətlərindən daha çox qorxduqları üçün formal olaraq ədalət axtarmaqdan əl çəkirlər.






Şərhlər