
Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Reportyor.tv xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir və tanıyır, bura Krım da daxildir”, - XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, tərəflər arasında müzakirələr üçün Türkiyə təşəbbüslər göstərib.
Nazir xatırladıb ki, bu müharibənin həm də qlobal səviyyədə mənfi nəticələri var və bu istiqamətdə Türkiyə bu nəticələrin aradan qaldırılması üçün cəhdlər edib, nazir Qara dəniz Taxıl Sazişi ilə bağlı səyləri diqqətə çatdırıb.
“Ukraynadakı müharibə artıq 3-cü ildə keçib, hər iki tərəfdən çoxsaylı itkilər var, dağıntıların miqyası böyükdür”, - o deyib.
Nazir bildirib ki, Türkiyə münaqişənin həlli üçün müzakirələrə, dialoqa hər zaman çağırış edib.
“Müzakirələrə çağırış Ukraynanın təslim olması demək deyil. Bu, Ukraynanın legitim maraqlarına cavab verən dialoq yolu ilə həllin tapılması deməkdir.
Dialoqa çağırış eyni zamanda, işğalı tanımaq demək deyil”, - Hakan Fidan vurğulayıb.






Şərhlər