
Ermənistan parlamentinin “Əcnəbilər haqqında” qanuna etdiyi son dəyişikliklər zahirən texniki və inzibati xarakter daşısa da, mahiyyət etibarilə ölkənin miqrasiya siyasətində yeni mərhələnin başlandığını göstərir.
Reportyor.tv "Novaya qazeta"ya xəbər verir ki, son illərdə, xüsusilə regional proseslərin təsiri ilə Ermənistana əcnəbilərin axını artmışdı.
Rusiya-Ukrayna müharibəsindən sonra ölkəyə gələnlərin sayında ciddi yüksəliş müşahidə olunurdu və mövcud qanunvericilik bu prosesi kifayət qədər sərbəst şəkildə tənzimləyirdi. Lakin yeni dəyişikliklər göstərir ki, rəsmi İrəvan artıq bu axını sadəcə qəbul etmək deyil, onu idarə etmək və müəyyən filtrdən keçirmək niyyətindədir.
Ən mühüm dəyişikliklərdən biri daimi yaşamaq icazəsinin (DNH) alınması ilə bağlıdır. Əvvəllər sadələşdirilmiş mexanizmlər hesabına qısa müddətdə DNH əldə etmək mümkün idisə, artıq bu imkan aradan qaldırılır. Yeni qaydalara əsasən, əcnəbilər yalnız ən azı üç il müvəqqəti yaşamaq icazəsi ilə ölkədə yaşadıqdan sonra daimi status üçün müraciət edə biləcəklər. Bu isə “sürətli və asan” miqrasiya modelinin faktiki olaraq bağlanması deməkdir.
İqtisadi sahədə edilən dəyişikliklər də diqqət çəkir. Sahibkarlar və investorlar üçün tətbiq olunan maliyyə tələbləri formal biznes fəaliyyətlərinin qarşısını almağa yönəlib. Artıq sadəcə kağız üzərində şirkət qeydiyyatdan keçirməklə ölkədə qalmaq mümkün olmayacaq. Dövlət real maliyyə dövriyyəsi, investisiya və vergi ödənişləri tələb edir. Bu yanaşma Ermənistanın iqtisadi siyasətində daha praqmatik və nəticəyönümlü xəttə keçdiyini göstərir.
Bununla yanaşı, bütün sistemin rəqəmsallaşdırılması və biometrik sənədlərə keçid də islahatların əsas istiqamətlərindəndir. Rəsmi izahda bu addım şəffaflığın artırılması və prosedurların sadələşdirilməsi kimi təqdim olunur. Lakin paralel olaraq, dövlətin əcnəbilər üzərində nəzarət imkanlarının genişləndiyi də aydın görünür. Xüsusilə ölkədən 183 gündən artıq kənarda qalan şəxslər üçün bildiriş öhdəliyinin tətbiqi bu nəzarətin gücləndirildiyini göstərir.
Yeni qaydaların regional kontekstdə qəbul edilməsi də təsadüfi deyil. Ermənistan bir tərəfdən Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərini qoruyur və bu quruma üzv ölkələrin vətəndaşları üçün ciddi dəyişikliklər etmir. Digər tərəfdən isə, ümumi miqrasiya siyasətini daha çox Avropa standartlarına uyğunlaşdırmağa çalışır. Bu, ölkənin balanslı xarici və iqtisadi siyasət kursunun davam etdiyini göstərir.
İllik kvotaların tətbiqi isə ümumi yanaşmanın ən açıq göstəricilərindən biridir. Bu mexanizm vasitəsilə miqrasiya artıq spontan proses kimi deyil, planlaşdırılmış və məhdudlaşdırılmış şəkildə idarə olunacaq. Kvotaların dolması halında müraciətlərə avtomatik imtina verilməsi isə sistemin sərtləşdiyini bir daha təsdiqləyir.
Böyük ehtimalla, bu qaydalar həm də Ermənistanda iş quran Rusiya vətəndaşlarına nəzarəti gücləndirmək niyyəti də daşıyır. Baxmayaraq ki, Avrasiya İqtisadi Birliyi ölkələri üçün müəyyən güzəştlər var, iddialara görə bəzi iş adamları artıq İrəvanı tərk etmək haqda düşünürlər.
Musavat.com






Şərhlər