
Sumqayıt şəhəri 37 saylı tam orta məktəbdə baş verənlərlə bağlı redaksiyamıza daxil olan şikayətlər məktəb daxilində ciddi idarəçilik pozuntuları və maliyyə maxinasiyaları iddialarını gündəmə gətirir. İddialara görə, məktəbin müəllimlərindən biri Gülənzər müəllimə, direktor Elşad Eyvazov, Həmkarlar İttifaqı sədri Elgün Quliyev və Zöhrə Quliyevanın əlbir şəkildə Həmkarlar İttifaqından ayrılan vəsaitləri şəxsi maraqlarla yönləndirməyə çalışmasına qarşı çıxdığı üçün təzyiqlərə, təhqir və hədələrə məruz qalıb.
Gülənzər müəllimənin iddiasına görə, o, bu qanunsuzluqlara şərik olmağa razı olmadıqda, müxtəlif yollarla sıxışdırılmağa başlanılıb. Onun redaksiyamıza təqdim etdiyi səs yazılarında nalayiq ifadələr, ləyaqət alçaldıcı münasibətlər və psixoloji təhdidlərin izləri yer almaqdadır. Audiomateriallar araşdırma üçün hüquq-mühafizə orqanlarına da təqdim oluna bilər.
Qeyd olunur ki, hazırda rəsmi olaraq direktor vəzifəsindən çıxarılan Elşad Eyvazov 6 aylıq müqavilə əsasında təşkilatçı kimi təyin edilsə də, faktiki olaraq direktorun kabinetində əyləşərək rəhbər səlahiyyətlərini qeyri-rəsmi şəkildə həyata keçirməkdədir. Bu isə məktəbdə həm idarəetmənin pozulmasına, həm də ciddi hüquqi sualların ortaya çıxmasına səbəb olur.
Eyni zamanda, Həmkarlar İttifaqının sədri Elgün Quliyevin də ona həvalə olunan ictimai və maliyyə vəzifələrinə biganə yanaşması və büdcə vəsaitlərinin təyinatından kənar istiqamətlərdə istifadə olunmasına razılıq verdiyi bildirilir.
- Həmkarlar İttifaqı haqqında qanuna əsasən, vəsaitlərin şəffaf idarə olunması və kollektivin maraqlarına xidmət etməsi əsas şərtdir.
- Dövlət Təhsil Nazirliyi və digər nəzarət orqanlarının bu iddiaları araşdırması üçün əsas hüquqi baza mövcuddur.
Gülənzər müəllimənin müraciəti həm insan haqları, həm də ictimai vəsaitlərin taleyi baxımından araşdırılmalı məsələdir. İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.






Şərhlər