
Bakıdan İrəvana gedən neft məhsulları büdcəyə nə qədər qazandırır - iqtisadçı rəyi
Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Bakının neft məhsullarını göndərməsi ilə bağlı öz səviyyəsinə uyğun dayaz və savadsız bir fikir söyləyib. Onun iddiasına görə, erməni oliqarxlar Azərbaycan büdcəsini doldurmağa qərar veriblər. “Axı ödənilən pullar həmin ölkənin büdcəsinə gedəcək və sonra silaha çevrilərək bizim ordumuza qarşı istifadə olunacaq”, - Baqratyan sarsaqlayıb.
“Azərbaycana və ya Türkiyəyə on şüşə konyak ixrac edə biləcəksinizmi? Ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə bağlı bizim idxal iqtisadi baxımdan nəzarət altında olmalıdır. Necə? Bu ölkələrdən nə qədər idxal ediriksə, o qədər də ixrac etməliyik. Əks halda, biz onların silahlı qüvvələrini maliyyələşdiririk. Baş nazir, onun iqtisadi məsələlər üzrə müavini və iqtisadiyyat naziri bu elementar məsələləri anlamalı idilər”.
Əlbəttə, Azərbaycan o günə qalmayıb ki, büdcəsini erməni pulu ilə doldursun. Azərbaycan Türkiyə, İsrail, Gürcüstan və Avropaya enerji məhsullarını satır, gəlirləri də əsasən bu ölkələrdəndir. Məsələn, İtaliya və İsrail neft-qaz ixracımızda əsas payı olan dövlətlərdir. Ermənistana gedən neft məhsulları büdcəyə nə qədər böyük gəlir gətirə bilər ki?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, “Azərbaycana benzinə görə ödənilən pullar həmin ölkənin büdcəsinə gedəcək və sonra silaha çevrilərək bizim ordumuza qarşı istifadə olunacaq” kimi fikirlər Ermənistanda Rusiyanın “beşinci kolon”unun tör-töküntülərinin heç bir məntiqə sığmayan, ağılsız fikirləridir, daha sadə dillə desək, Kremlə bağlı olan bir erməni siyasət adamının növbəti sərsəmləməsidir: “Biz bu və buna bənzər sərsəmləmələri indiyə qədər çox eşitmişik və hələ bundan sonra da eşidəcəyik. Əsas olan budur ki, indiki Ermənistan hökuməti ölkəsinin kiminsə vassalı olmasını istəmir və onu normal bir dövlətə çevrilməyi hədəfləyir. Son bir neçə ildə Nikol Paşinyan bu yolda mümkün olan və olmayan çox işlər görür. Düşünürəm ki, o tarixə erməni toplumunun ən ağıllı rəhbəri kimi düşəcək. Çünki yüz illər uzunu erməni toplumunun başında dayananlar bu toplumu ”Böyük Ermənistan" xülyası ilə zəhərləyərək, idarə etməyə çalışıblar. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu mifi sındırdı, yalançı erməni soyqırımını ifşa etdi, Qarabağın isə əzəli Azərbaycan torpağı olduğunu dedi. Paşinyan bununla da bütün dünyaya sübut etdi ki, o, gerçək bir erməni dövləti qurmaq istəyir. Nikol Paşinyan atdığı bu addımlarla vaxtılə Azərbaycan torpaqlarında qurulmuş Ermənistan adlı bir dövləti sadəcə olaraq məhv olmaqdan xilas etdi.
Azərbaycanın maliyyə imkanları bu gün Ermənistanın mövcud maliyyə imkanları ilə bir tərəzidə belə çəkilə bilməz. Ermənistanın keçmiş baş naziri bunları bilməmiş deyil. O, sadəcə olaraq Sərkisyan, Köçəryan kimi Qarabağ canilərinin yolu ilə gedərək, verdiyi belə sərsəm bəyanatlarla xalqı qıcıqlandırmağa çalışır. Ancaq başa düşmür ki, Ermənistanda toplumun 75-80%-i artıq onun kimi deyil, Paşinyan kimi düşünür".
F.Yusifov qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında bərpa olunacaq ticarət əlaqələrində Ermənistan həmişə mənfi saldoya malik olacaq: “Çünki Ermənistan bizə nə ixrac edə bilər ki, bizim ona ixrac edəcəyimiz neft və qazla bir tərəzidə çəkilə bilsin? Ancaq regionda sülh və əməkdaşlıq naminə bu ticarət əlaqələrini qurmaq lazımdır”.






Şərhlər