Azərbaycana dil uzadan deputatı Rusiya mediası biabır etdi
Tarix: 17-09-2022, 21:16
Baxılıb: 391
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycana dil uzadan deputatı Rusiya mediası biabır etdi

17-09-2022, 21:16

“Ermənistanın ən qatı müdafiəçiləri belə Milonov kimi “yüksəkliklərə” qalxa bilməyiblər”

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanına Vitali Milonov yenə də Azərbaycana qərəzli münasibəti ilə “fərqlənib.” Ermənistanın təxribatı səbəbindən sərhəddəki hərbi qarşıdurmaya özünün “Telegram” kanalında münasibət bildirən Milonov “dost ölkə”nin(Azərbaycanı nəzərdə tutur-O.Ə) “yenidən Artsax xristianlarına qarşı müharibəyə başladığını” yazıb. Milonov baş verənlərə dini müharibə xarakteri verməyə çalışıb.

Məlum olduğu kimi, ötən il Vitali Milonov Xankəndə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib. Amma o bundan sonra da erməni mediasına müsahibəsində ölkəmizə və xalqımıza qarşı təhqiramiz münasibətlərini davam etdirib ki, buna hətta Azərbaycan XİN də etiraz edib, Milonovun açıqlamalarının dövlətlərarası münasibətli zədələdiyini bəyan edib. Amma belə görünür ki, Milonov son hadisələri Azərbaycana hücum üçün yenidən bəhanə bilib.


Maraqlıdır ki, Milonovun mövqeyinə bu dəfə Rusiya mediası reaksiya bildirib, onu sərt tənqid edib. News.ru saytı “Deputat Milonov Rusiya siyasətini necə düzəl etdi...” sərlövhəli yazıda sürüşkən mövqeli, indiyədək bir neçə dəfə müxtəlif siyasi təşkilatlarda özünə yer edən Milonovun indi də hakim “Vahid Rusiya” Partiyasından deputat olduğunu yazır. Onun siyasi keçmişinə diqqət çəkən sayt Milonovun siyasi karyerasına ermənipərəst siyasətçi Qalina Starovoytovanın köməkçisi kimi başladığını yada salır.

“Starovoytova SSRİ-nin tərkibində olan o vaxtkı Dağlıq Qarabağın müstəqilliyini dəstəkləyən açıq məktubu ilə tanınıb. Məktub münaqişənin qızışmasında mühüm rol oynayıb və Starovoytovanın siyasi karyerasına təkan verib, Ermənistandan xalq deputatı seçilib. Beləliklə, Milonov bu baxımdan açıq şəkildə onun varisidir, çətin bir bölgədə vəziyyəti gərginləşdirmək üçün çox şübhəli bir estafeti götürüb” deyə, məqalədə bildirilir.

Milonovun Azərbaycana münasibətdə “Rusiyanın faşist pisliyini məğlub etdiyini və buna görə də müttəfiqlərimizə(Ermənistana-O.Ə) hücumlara imkan verməyəcəyinə” sərsəmləməsinə gəlincə, sual edilir: “Burada belə bir sual yaranır: “Vahid Rusiya”nın deputatı kimin adından belə danışır? Bəs onun fraksiyası Cənubi Qafqazdakı vəziyyətlə bağlı bu cür qiymətləndirməni bölüşürmü?”
Məqalədə bildirilir ki, Ermənistanın ən qatı müdafiəçiləri belə Milonov kimi “yüksəkliklərə” qalxa bilməyiblər”.

Rusiyaya dost olan Azərbaycana bu cür qərəzli mövqe sərgiləyən hakim partiyanın deputatına Səmərqənddə Əliyev-Putin görüşününün səmimi keçdiyi, beynəlxalq əməkdaşlığın əsas məsələlərinin müzakirə olunduğu xatırlanır. Rusiya Dövlət Dumasının spikerinin bu günlərdə Bakıya gedəcəyi də qeyd edilir. “Milonovun sözlərindən belə çıxır ki, həm Rusiya prezidenti, həm də Dövlət Dumasının rəhbərliyi Rusiya müttəfiqinə hücum edən ölkənin liderləri ilə sıx əməkdaşlıq edir. Dövlət Dumasının spikeri müttəfiqlik münasibətlərini inkişaf etdirmək üçün Bakıya gedir. Bu əməkdaşlıq səviyyəsi haqqında bəyannamə fevralda, Ukraynada xüsusi hərbi əməliyyat başlayan ərəfədə Putin və Əliyev tərəfindən imzalanıb”.


Qeyd olunur ki, bu mövqeyinə görə Milonovun Bakıya gedəcək həmkarları xoşagəlməz suallarla üzləşə bilər. “Beləliklə, həm Dövlət Dumasının rəhbərliyi, həm də “Vahid Rusiya” fraksiyası öz həmkarının bəyan etdiyi mövqeyə reaksiya verməli olacaq. Çünki biz çox geniş nəticələrə səbəb ola biləcək ciddi siyasi demarşdan danışırıq. Və müttəfiqə bu hücum Dövlət Dumasının Etika Komissiyasının deputat haqda araşdırma mövzusu ola bilər. Ola bilsin, Milonov siyasi reallıqdan xəbərsizdir və Ermənistan rəhbərliyinin cəhdlərinə baxmayaraq, hətta KTMT-nin sərhəddə yaranmış vəziyyətə öz mandatını tətbiq etməkdən imtina etdiyini eşitməyib. Şübhəsiz ki, onun indiki “özündən çıxmasının” kökü 90-cı illərə gedib çıxır”,- deyə məqalədə bildirilir.

Orxan ƏLİYEV,
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ