Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 40 mini ötüb
Tarix: 28-11-2022, 10:54
Baxılıb: 68
Google+ Paylaş
Tumblr Paylaş

Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 40 mini ötüb

28-11-2022, 10:54

Hazırda COVID-19 pandemiyasının ən ağır dövrünü yaşayan Çində sutkalıq yoluxma sayı ilk dəfə 40 mini ötüb.
AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutka Çində COVID-19 virusuna 40 273 yoluxma, o cümlədən 36 min 525 asimptomatik hal qeydə alınıb. Ardıcıl 5 gündür ki, Çində sutkalıq yoluxma sayında ard-arda antirekordlar qeydə alınır.
Simptomlu xəstələrdən başqa, hazırda 350 minə yaxın asimptomatik pasiyent də modul xəstəxanalarda və xüsusi karantin mərkəzlərində tibbi nəzarət altındadır.
Qeyd edək ki, Çində yay aylarında başlayan hazırkı dalğada oktyabrın son günlərindən etibarən epidemik vəziyyət daha da ağırlaşır. Yoluxmaların əsas ocaqları paytaxt Pekin, ölkənin xarici ticarət qapısı və əsas istehsal mərkəzlərindən hesab olunan Quancou şəhəri, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin (31 milyon sakini var), habelə Cencou və Çendu şəhərləridir. Paytaxt da daxil olmaqla bəzi şəhərlərdə karantin rejimi sərtləşdirilib. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur. On minlərlə simptomsuz pasiyentin təcrid olunması üçün modul tipli xəstəxana və müvəqqəti karantin mərkəzləri inşa edilir. İri şəhərlərdə kütləvi test prosesi icra olunur. Epidemik vəziyyətin ağırlaşması səbəbindən şəhərlərarası səyahətlər məhdudlaşdırılıb.
Pekin virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanıb, gözəllik salonları fəaliyyətini dayandırıb. Orta məktəblərdə, ali təhsil ocaqlarında dərslər distant formada təşkil olunur. Apteklər, ərzaq və gündəlik tələbat malları mağazaları istisna olmaqla bütün ticarət obyektləri bağlanıb. Həmçinin ofis binalarında iş fəaliyyəti məhdudlaşdırılıb. Şirkət, idarə və təşkilatlara mümkün olduğu halda onlayn işləmək tövsiyə olunub. Son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olmadan heç bir məkana, o cümlədən dövlət qurumlarının binalarına, ofis mərkəzlərinə, mağazalara daxil olmaq, habelə ictimai nəqliyyatdan istifadə etmək mümkün olmayacaq. Bu səbəbdən sakinlər demək olar ki, hər gün test verirlər.
Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır COVID” strategiyasında israrlıdır. Bu strategiya yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur. Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.
Son günlər sosial şəbəkələrdə, habelə xarici media qurumları tərəfindən Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekin, Şanxay, Uhanda sərt karantin qaydalarına sakinlərin etirazları barədə məlumatlar yayılıb. Rəsmi qurumlar etiraz aksiyalarına dair hələlik rəsmi açıqlama verməyib.
Instagram


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ