“Dünya praktikasında belə bir hal olmayıb ki, ailə-məişət zəminində digər ölkənin müstəsna ərazisi olan səfirliyə hücum olunsun. İran əgər hadisəni şəffaf, dolğun, obyektiv araşdırmayacaqsa və bu araşdırmalara Azərbaycanın hüquq- mühafizə orqanlarını cəlb etməyəcəksə, bu ləkədən heç vaxt qurtarmayacaq. İrana qarşı çox ciddi şəkildə beynəlxalq səviyyədə iş aparmalıyıq”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Millət vəkili qeyd edib ki, bu xain hücumda əsas məsuliyyət daşıyanı İran dövlətidir.
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu şiddətlə qınayıram. İran beynəlxalq konvensiyalara, xüsusilə Vyana Konvensiyasına görə, istənilən ölkənin səfirliyinin təhlükəsizliyini təmin etmək məcburiyyətində idi. Ələlxüsus indiki həssas zamanda, Azərbaycan səfirliyinin təhlükəsizliyinə ikiqat diqqət göstərməli idi. Ona görə ki, üçüncü qüvvələr bundan istifadə etməsin.
İndiki halda İran hakimiyyət orqanlarının bu hadisəni ailə-məişət məsələsinə bağlaması, sadəcə ictimai rəyi başqa istiqamətə yönəltmək məqsədi daşıyır”.
N.Məhəməliyev deyib ki, bu cinayətin adı terrordur və məsuliyyəti bilavasitə İran hakimiyyət orqanları daşıyır.
“İranın kifayət qədər hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları, silahlı qüvvələri mövcuddur ki, istənilən belə bir təxribatların qarşısı zamanında alınsın.
Yəni İranın dövlət idarəetmə sistemini nəzərə alaraq deyirəm ki, bu terror hadisəsi bilavasitə İran dövlət orqanlarına bağlı terror şəbəkəsi tərəfindən təşkil olunub.
İranın həqiqətən də terror dövləti kimi imici formalaşıb. Müasir beynəlxalq münasibətlər sistemində İranın məsuliyyətə cəlb olunması ilə bağlı hüquqi addımlar atılmalıdır”, - deputat deyib.
