
Baxın, heç bir ölkə heç vaxt açıq şəkildə başqa ölkənin səfirliyinə öz vətəndaşı vasitəsilə silahlı basqın və bu silahlı basqın nəticəsində insan qətlə yetirilməsi əməliyyatını həyata keçirə bilməz. Buna cürət edə bilməz. Bu, İran dövlətinin, onun SEPAH-ının, yaxud digər xüsusi xidmət orqanının birbaşa həyata keçirəcəyi əməl deyil.
Bunu reportyor.tv-a açıqlamasında “MİSRA” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyinin – MİSRA TV-nin rəhbəri, müstəqil jurnalist Fuad Abbasov bildirib.
O qeyd edib ki, ancaq İranın daxilində Azərbaycanla İran arasında münasibətləri pisləşdirmək istəyən qüvvələr var: “Onlar bu təxribatı həyata keçirərək Azərbaycan iqtidarına təsir və təzyiq göstərməyə çalışırlar. Bu qüvvələrin kim olduğunu ancaq istintaq araşdıraraq üzə çıxara bilər. İran tərəfi müxtəlif yollarla istintaqa mane olmağa, yaxud iz itirməyə, müəyyən ailə-məişət problemlərini ortaya qoymaqla diqqəti yayındırmağa çalışır. Çünki onların bu hadisə ilə əlaqədar Azərbaycana verəcək cavabları yoxdur”.
Fuad Abbasov qeyd edib ki, biz İrandan çox ciddi şəkildə istintaqın aparılmasını, günahkarların cəzalandırılmasını tələb etməliyik: “Bunu həyata keçirən adamı həbs etməklə iş qurtarmır. Bunun sifarişçiləri kimdirsə, onu aşkara çıxarmaq lazımdır. Bundan sonra biz kimin bu işdə maraqlı olduğunu, kimin bu məsələdə benefisiar olduğunu diqqətlə izləyə bilərik. Ən azı Türkiyə ilə Rusiya arasında səfirin öldürülməsi ilə nəticələnmiş təxribat baş vermişdi. Bunu həyata keçirən insanlar Rusiya ilə Türkiyənin arasını vurub bu ölkələri müharibə vəziyyətinə gətirməyə düşünürdülər. Amma alınmadı. Çünki Rusiya ilə Türkiyə arasında təyyarə vurulması kimi bir insident baş vermişdi. O insident bir şəkildə həll olunmuşdu. Ondan sonra yenidən hansısa münaqişə çıxarmaq cəhdləri də sıfıra bərabər oldu. Eyniylə Azərbaycana qarşı aparılan bu təxribatın da benefisiarı tapılmalıdır. Bu kimə lazımdır, kim sifarişçi ola bilər? Ancaq bundan sonra açıq şəkildə bu təxribatı törədənlərlə bağlı şərh verə bilərik”.






Şərhlər