
"Evimizdə çörək yeyən ermənilər bizə qəsd etdilər".
Reportyor.tv xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə Meşəli sakini, zərərçəkmiş Şahin Kazımov deyib.
O bildirib ki, ermənilər qardaşı, polis mayoru Ramili digər şəxslərlə birlikdə maşınla xəstəxanaya gedəndə atəşə tutublar: "Bunu edənlər Vaqif, Armayis, Armayisin qardaşı oğlu Spartak olub. Vaqifi də həmin dövrdən tanıyıram. Vaqifin yaşadığı kənddə başçılar kim idi, onları yaxşı tanıyaram. Ən qatı cinayətkar, həmin hadisələrin başçısı Demir Qaparyan olub. Hadisədə iştirak edənlər Badara, Daşbulaq kəndinin sakinləri idilər. O qədər harınlamışdılar ki, gözləri heç nəyi görmürdü. Dayımı yolda tutub, Badara kəndinə aparmışdılar. Dayım oradan qaçmışdı”.
O, üzünü Vaqif Xaçatryana tutaraq bunları deyib: “Vaqif, orada heç kimi tanımağa ehtiyac yoxdur. Çünki kimlər qırğınları törədib, bunu hamı yaxşı bilir. Evimizdə çörək yeyənlər, bizə qəsd etdilər. Hər ev şəhid verib. Evimizdə çörək yeyib, qardaşıma güllə atdılar. Bunlar insan deyillər".
Zərərçəkmiş Məhəmməd Zeynalov isə bildirib ki, 1991-ci il dekabrın 23-də səhər saat 7-də Meşəli kəndinə hücum olub: "Evləri yandırdılar. İlk Novruz kişinin evini yandırdılar, imkan vermədilər ki, evdən çölə çıxan olsun. Mən bunları yaxşı tanıyıram. Badara kəndinə gedib-gəlmişəm. Körpə uşağı yandırmışdılar. Kosalar kəndinən köməyə gələn olmasaydı, oradan sağ çıxan olmayacaqdı. Vaqif yalan danışır burada. Hamısını özləri törədiblər. Amma vaxtilə bunlar bizim toylarda gəlirdilər, biz də onların toylarına gedirdik".
Vaqif Xaçatryan isə cavab olaraq deyib ki, onun toyuna Meşəli kəndindən xeyli qonaq gəlib: "Məhəmməd, səni tanıdım, atanla da münasibətim yaxşı olub. Səninlə oduna da getmişəm".
Şərhlər