Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Türkiyədə 12 ballıq FUTBOL ZƏLZƏLƏSİ - Ölkə çalxalanır
Türkiyədə 12 ballıq FUTBOL ZƏLZƏLƏSİ - Ölkə çalxalanır

“Təsəvvür edin ki, bu oyunda penalti olacaq proqnozunu yazıblar, idarə edəndə həmin oyunda penal veriblər, bu vicdansızlıqdır”

Türkiyə futbolu “reanimasiyaya düşüb”. Üzə çıxan son məlumatlar hər kəsi həm şoka salıb, həm də xəyal qırıqlığı, təəssüf hissi yaradıb. Təsəvvür edin ki, 60 faizdən çox futbol hakiminin mərc hesabının olduğu məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib.

O bəyan edib ki, ölkə üzrə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeymer şirkətlərində mərc hesabı var. TFF rəhbəri onu da bildirib ki, həmin hakimlərdən 152-si aktiv şəkildə mərc oynayır: “Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var. 10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”. TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək: “Onlar qanunlara əsasən cəzalandırılacaq”.

İbrahim Hacıosmanoğlu diqqətə çatdırıb ki, son 5 ildəki Türkiyə liqaları araşdırılacaq. Burada isə heç şübhəsiz ki, əsas diqqətlər bu illərdəki Türkiyə Superliqasının nəticələrinə, eləcə də, əsas liqada baş tutan oyunları idarə edənlərə və həmin oyunların nəticələrinə yönəlir.

Futbol mütəxəssisləri hesab edirlər ki, bu gedişlə hətta Türkiyə çempionatı 2006-cı ildə İtaliyada yaşananları yaşaya bilər, yəni çempionluqlar alına, klublar kümə düşürülə bilər...

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a bildirdi ki, Türkiyədə futbol yoxdur, şou var:

“Bu gün də qumar məsələsi ortaya çıxdı. Bilirsiniz, bu hansı anlama gəlir? Demək Türkiyə futbolu idarə olunmur, tamamilə nəzarətsizdir. Bu ölkənin böyük potensialı var. Amma bundan istifadə edənlər yoxdur. Burada azarkeşlərə adamın yazığı gəlir. Heç nəyə baxmayaraq, həmin azarkeşlər o klubları dəstəkləyir. Məsələn, hansısa Azərbaycan klubu “Qalatasaray” kimi “Ayntraxt”a 1-5 hesablı məğlub olsaydı, növbəti oyunda yəqin stadion boş qalardı. Bir sözlə Türkiyədə futbolu ayaqda saxlayan yalnız azarkeşlərdir. Türk futbolçuları hazırda dünyanın nəhəng klublarında oynayırlar, yaşları da çox azdır. Bunun fonunda Türkiyə futbolunu Avropanın üst səviyyəsinə çıxarmaq imkanları olduğu halda, görün türk futbolu hansı məsələ ilə gündəmə gəlir. Biabırçılıqdır. İdarəçilər və futbolçular öz maraqlarını güdüblər. Yəqin ki, əməliyyatlar aparılsa, klub rəhbərlərinin də o işdə əllərinin olduğu üzə çıxar. Türkiyə futboluna baxırsan, elə adi hakim səhvləri olur ki, adam dəhşətə gəlir. VAR da buna müdaxilə etmir. Zatən gözlənilirdi ki, Türkiyə futbolunda baş verənlər getdikcə yetişir. Hakimlər hesab yazıb, sonra da oyuna çıxırmışlar. Bu sadəcə dəhşətdir. Məsələn, hesab qoyanda təsəvvür edin ki, bu oyunda penalti olacaq proqnozunu yazıblar, sonra da idarə edəndə həmin oyunda penal veriblər. Bu vicdansızlıqdır. Hakimlər şəbəkə kimi fəaliyyət göstəriblər. 60% hakim bu işlə məşğul olub. Bu, Türkiyə futbolunu ayaq altına atmaq deməkdir. Təkcə hakimlər cəzalandırılmamalıdır. Onların yerini hansı idarəçilərlə dolduracaqlar? Türkiyə futbolunun gələcəyi qaranlıq görünür”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti