"Üzdə koronavirus var, amma arxa planda daha böyük məsələlər müzakirə olunur" - azərbaycanlı professorun sensasion müsahibəsi
Tarix: 14-04-2020, 02:04
Baxılıb: 2 271
Google+ Paylaş
Tumblr Paylaş

"Üzdə koronavirus var, amma arxa planda daha böyük məsələlər müzakirə olunur" - azərbaycanlı professorun sensasion müsahibəsi

14-04-2020, 02:04

Prof. Məsud Aşina: “Çinlə bağlı problem daha dərindir”


Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina ilə müsahibə.
– Professor, iki aydır vaxt edib Covid-19 pandemiyası barədə danışa bilmirik. Arqumentiniz də bu idi ki, əvvəl gərək diletantlar danışıb ürəklərini boşaltsın, çünki onların səs-küyündə peşəkarlara qulaq asan olmur. İndi səs-küy bir az sanki yatıb, artıq peşəkarlara meydan vermək olar. İlk sualım gələcəklə bağlı olacaq. “Koronavirusdan sonrakı dünya” sizi də narahat edirmi?
– Bəşəriyyət birinci dəfə infeksiya ilə qarşılaşsaydı düşünməyə dəyərdi, lakin insanlıq tarixi Orta əsrlərdən üzübəri epidemiyalarla doludur. Əlbəttə, onlar arasında az məlumatlı olduqlarımız çoxluq təşkil etsə də, ispan qripi kimi virallığın apogeyinə çatmış və yaxşı sənədləşdirdiyimiz infeksiyalar da olub. İki ilə yaxın davam edən pandemiya on milyonlarla insanın ölümünə səbəb olmuşdu, hətta 50-100 milyon arası rəqəmlər səsləndirilir. Bu virus haqda dünyanın müəyyən hissəsində mətbuat susurdu, senzura tətbiq olunurdu deyə hələ bir çox lazımi, qiymətli məlumat bizə gəlib çatmayıb. Yenə də bilirik ki, Birinci Dünya Müharibəsi gedirdi, gigiyenik vəziyyət, qidalanma bərbad idi, hər kəs avitaminozdan əziyyət çəkirdi və s. Deməyim odur ki, bəşəriyyət bunu və bir çox başqa qorxunc epidemiyaları yaşayıb, öhdəsindən gəlib və unudub.
– Elə yaxın tariximizdən hər kəsi dəhşətə gətirən QİÇS-i də xatırlamaq olar. O zaman da panika var idi, siz daha yaxşı xatırlayarsınız o dövrü…
– Tamamilə doğrudur. HIV virusunun yayılmağa başladığı 80-lərin, sözügedən panikanın canlı şahidiyəm. Bir həkim kimi əlbəttə başqa bucaqdan baxırdım epidemiyaya, hansı yollarla yoluxduğunu, yayıldığını bilirdim, amma dünyanı, konkret isə sovetləri panika bürümüşdü, fantastik ssenarilər yazılır, bəşəriyyətin məhvi proqnozlaşdırılırdı. Ümumiyyətlə, gəlin belə deyək, Covid-19 ətrafındakı indiki söz-söhbəti vurun 100-ə, yenə də 1980-lərin HIV panikasının yanında oyuncaq qalacaq. İnsan yaddaşı unutmağa meyllidir, təkamül belə lazım bilib ki, yaddaşımızdan lazımsız şeylər ələnsin. Yenə də deyirəm, “koronavirusdan sonra dünya elə olacaq, belə olacaq” proqnozlarının qeyri-ciddiliyini, mənasızlığını anlamaqdan ötrü 1980-lərin ən populyar proqnozunu xatırlamaq kifayətdir: “QİÇS bütün bəşəriyyəti yox etmək üçün gəlib… Hamımız öləcəyik…”
 
Axırı nə oldu? Hazırda biz AIDS-i də, şəkərli diabeti də müalicə edirik. Bu gün KİV, internet, sosial mediya doğru-yanlış, səhih-cəfəng demədən məlumatları saniyə ərzində dünyaya yayır. Modern, rəqəmsal dünyamız ilk dəfə belə miqyaslı pandemiyaya şahidlik edir və demək olar ki, müasir texnologiyalar bu gün sınaqdan keçir. Biz, də bu dünyanın qaydalarının, müxtəlif sistemlərin zəif və güclü tərəflərini görür, analiz edirik. Proqnoz yalnız buna dair verilə bilər – pandemiyadan sonra həmin güclü və zəif cəhətlərin hesabatı aparılacaq, əksikliklər nəzərə alınacaq. Bunu da yalnız müsbət qarşılamaq olar.
– ABŞ-ın, Çinin, ya da masonların virusu olması haqda fərziyyələr də var…
– Bu siyahıdan yalnız Çin versiyası bir az ağlabatandır, əgər biz sırf coğrafi mənşəyi nəzərdə tuturuqsa. Bəli, bu virus da bir çox başqaları kimi Çin mənşəlidir. Bəli, çinlilər çox səyahət edir, onlar hər yerdədir və biz bir şeydən əmin ola bilərik ki, bundan sonra da Çində üzə çıxacaq istənilən infeksiya lokalizə edilməyəcək, edilə bilməyəcək və eyni bugünki kimi dünyaya yayılacaq. İqtisadi gücün artması toplanan pul kütləsini kənara çıxarmağı, dünyanın dörd yanına investisiya qoymağı, nəhayət şoppinq turizmini zəruri edir, üstəgəl Çinin əhalisi də həddən çoxdur və dediyim kimi, daim hərəkət halındadırlar.
Masonlar versiyasını isə ümumiyyətlə müzakirə etmək elm adamına yaraşmaz.
– Kobud desək, dünyanın iki infeksiya mərkəzi var – Çin və Afrika qitəsi?
– Bu da elmi yox, daha çox emosional təsbitdir, amma haqlılıq payı da var. QİÇS-i bayaq xatırladıq, gəlin Ebolanı da yada salaq. Afrika qitəsində, 50%-ə qədər yoluxmaların ölümlə nəticələndiyi Ebola epidemiyası yarananda da dünya qorxu içində idi. Hətta Barak Obama Ebolanın yayıldığı ölkələrdən izolyasiya olunmaq haqda qərar qəbul etmişdi. Sadəcə afrikalılar çinlilərdən fərqli olaraq çox səyahət etmirlər, əhali sayısı da o qədər deyil deyə, Ebolanı lokallaşdırmaq mümkün olmuşdu.
“Covid-19”un ölüm faizi çox-çox aşağı olsa da Ebola infeksiyası ilə müqayisədə, dünyanın fantastik komforta öyrəşmiş coğrafiyasına gəlib çatanda, belə demək mümkündürsə – ağ adamlara yoluxanda təbii ki, şok və ardınca panika yaranır.
– İtaliya və bir sıra “Qızıl milyard” ölkələrinin panikası kimi?
– Bir məsələdə çox səmimi olmalıyıq – yeni koronavirus pandemiyası bizə bir şeyi öyrətdi: dövlətin güclü nəzarətində olan səhiyyə sistemləri qalib gəldi, özəl tibbin inkişaf etdiyi, çiçəkləndiyi ölkələr təəssüf ki, hər şeyi bərbad etdilər. Mükəmməl sığorta sisteminə və güclü dövlət nəzarətinə malik ölkələrə baxaq – Almaniya, İsveçrə, Skandinaviya ölkələri, hətta İngiltərə. Sonuncunun problemi çox gec ayılması, daha doğrusu Boris Consonun kaprizləri oldu. Yoxsa onların da səhiyyəsi dərin ənənələrə malikdir, belə deyək – klassik Avropa sisteminə söykənir. Təəssüfləndirici haldır ki, son illərdə səhiyyənin amerikanlaşmasına gedirlər, bu da öz mənfi təsirlərini mütləq göstərəcək.
Yəni, buradan belə nəticə çıxır ki, güclü və dövlət nəzarətində olan səhiyyə sistemi yoxdursa epidemiyaların öhdəsindən gəlmək imkanı da yoxdur, ola bilməz. Azərbaycan üçün hərbi sənaye nə qədər strateji əhəmiyyətə malikdirsə, səhiyyə sistemi də o qədər strateji məsələ olmalıdır. Özəl tibbi müəssisələr olmasın, hər şey dövlətin olsun demirəm. Bizdə onsuz da həkimlərin praksis, yəni kabinet açmaq ənənəsi güclü deyil Avropadakı kimi, bu boşluğu da özəl klinikalar doldururlar, bunları anlayıram. Deməyim odur ki, özəllər də olduğu kimi qalsın, amma dövlət birə beş güclənsin; prestijin ünvanı dövlət səhiyyəsi olsun.
Əlbəttə, bütün modernləşmə fəaliyyətləri mütləq təhsil sistemi ilə bahəm getməlidir. Yaxşı tibbi kadrları ancaq yaxşı təhsil bazası ilə əldə etmək mümkündür. Təhsil və səhiyyə dövlətin ekzistensiya məsələsidir, yəni həyati vacibdir.
– Alimlərin, o cümlədən tibb mütəxəssislərinin sözləri, xəbərdarlığı adətən qulaq ardına vurulur, indi isə bütün dünya ağzını ayırıb sizə qulaq asır…
– Bu da çox normaldır, qınaya bilmərik. Rahatlıq şəraiti, komfort insanlara bizim gördüyümüzü görməyə, bildiyimizi bilməyə imkan vermir. Şəxsən yaşamasan, başına gəlməsə tam mənası ilə dərk etməyəcəksən nə var-nə yox. Üstəlik, siyasətçilərdə hər şeyi, hər kəsdən daha yaxşı bildiklərinə dair əminlik olur, görünür peşələrinin spesifikasıdır, bu əminlik olmazsa işləri getmir, o əminliyə şiddətli ehtiyac duyurlar. Olsun, yenə deyirəm başadüşüləndir.
Pandemiya göstərdi ki, dünyada tibb elmindən başqa istinad yeri yox imiş. Tibbin, həkimlərin bildiyi də yalnız elmi bazaya söykənir, ona görə də elm yoxdursa, tibb də yoxdur. Danışmağa, məsləhətləşməyə adam da yoxdur. Elmə diqqət və vəsait ayrılmayanda, elmə və alimlərə hörmətsiz yanaşılanda, Pompeyadakı kimi başlar əyləncəyə, eyş-işrətə çox qarışanda əlbəttə fəlakətə də hazırlıqsız olacaqsan.
Azərbaycanda elmə investisiya qoyuluşu, rəqabətlilik imkanlarının yaradılması artıq zərurət olmuşdur. Çətinliklə qarşılaşanda axtardığımız peşəkarları daxildə tapmayanda, məcbur xaricə üz tuturuq. Amma hər şeyi də xaricdən alıb gətirmək olmur, çox zərərli vərdişdir və bundan imtina etmək lazımdır. Peşəkarlarımızı özümüz yetişdirməliyik. Təcili reformlara ehtiyac var və nəzərə alınmalıdır ki, reformların nəticələri heç də hər zaman ağrısız olmur, qurbanlar bəzən zəruri olur. Standartlara, kriterlərə cavab verməyən çoxsaylı səmərəsiz personal ordusu işini itirəcək, bunları da nəzərə almaq lazımdır. Qalıb işləyənlərin isə maaşları yüksək olmalıdır, yoxsa həkim aylıq 500 manatla yaşaya bilməyəcək, mümkün deyil. Heç bir peşəkar bu maaş üçün işləməz. Dediyim kimi, bu işlərdə kompromissiz olmaq lazımdır və qoyulacaq investisiyanın effektivliyi düzgün hesablanmalıdır. Məsələn, ABŞ da səhiyyəyə fantastik rəqəmlər xərcləyir, amma heç bir effekt əldə edə bilmir…

– Əslində bu sualı verəcəkdim – ABŞ-da səhiyyənin bu cür bərbad olmasının səbəbi nədir deyə…
– Xəstəxanaya, həkim qəbuluna gəldiyini təsəvvür et. Xüsusi əməkdaşlar var ki, dərhal dəstəyi qaldırıb sığorta şirkətinə zəng edəcəklər ki, filankəsin filan dərmanını, müalicəsini, məsələn koloskopiyasını ödəyəcəksiniz, ya yox? Sığorta şirkəti razılıq versə müalicə baş tutur, verməsə qalırsınız ortalıqda. Belə bir səhiyyə sistemini təsəvvür etmək mümkündürmü? Milyonlarla insanın isə ümumiyyətlə sığortasız olduğunu nəzərə alın. Lakin, buna baxmayaraq, çox böyük pullar xərclənir səhiyyəyə. Deməli nəsə düz işləmir…
– Buna vəhşi kapitalizmin siması, insana münasibəti demək daha doğru olmazmı? Özü də kapitalizmin ana vətənində?
– Çox mümkündür, bəli. ABŞ-da bu gün koronavirus infeksiyasından ölənlərin 60%-dən çoxu latinoslar və qaradərililərdir. Niyə? Çünki ən az təminatlı kateqoriya onlardır, adətən sığortaları olmur, həyat şəraitləri ağırdır, siqaret çəkirlər, kompakt yaşayırlar, distansiya saxlamırlar, yəni riski artıran faktorlar həddən çoxdur. Əlbəttə, mən də ABŞ-da hökm sürən bu absurd sistemlə razılaşa bilmərəm.
Bəs insani sistem hansıdır? Yaxşı bildiyim Skandinaviyadan misal gətirim. Zibil maşınında işləyən şəxslə nazir müavini, hətta nazirin özü eyni xəstəxanaya gedir, eyni xidməti görür, eyni müalicəni alırlar, tutaq ki, onlara stend qoyulur və sığorta hər ikisi üçün eyni məbləği ödəyir. Mükəmmələ yaxın sistem budur. Biz demirik ki, Skandinaviyada hər şey idealdır, əlbəttə hər sistemin qüsurları var, amma biz çalışmalıylıq ki, hədəfimizdəki ideala maksimum yaxınlaşaq. Məsələn, ola bilər ki, təsvir etdiyim sistemdə uzun zaman növbə gözləmək problemi ilə qarşılaşasan, elektiv hansısa əməliyyat üçün uzaq bir tarixə randevu alasan, amma burada da sığorta şirkətləri pasienti özəl klinikaya yönləndirə bilər, yəni belə əməkdaşlıqlar da mövcuddur. Onsuz da ən ağır əməliyyatlar dövlət klinikalarında aparılır, özəllər isə konveyer üsulu elektiv əməliyyatlar üçündür. Onların təyinatı budur.
Qısa desək, səhiyyə və liberal iqtisadiyyat, azad bazar kimi anlayışlar bir araya sığmır. Dövlət təbii monopoliyanı əlindən buraxmamalıdır.
– Bir çox inkişaf etmiş dövlətin koronavirus sınağından çıxa bilmədiyi deyilir. Azərbaycanın vəziyyəti kənardan sizə necə görünür?
– Kənardan deməzdim çünki, Azərbaycanda olmasam da, vəziyyətdən çox yaxşı xəbərim var. Bir sözlə deyə bilərəm ki, Azərbaycanda hər şey çox yüksək səviyyədə təşkil olundu. Əmin olun ki, hazırda peşəkar komanda prosesi aparır. Etiraf edim ki, güclü vertikal sayəsində, yəni prezidentin birbaşa müdaxiləsi və nəzarəti ilə bütün bunlar mümkün oldu. Operativ müdaxilə sayəsində bir çox ölkədə yaşanan kollaps bizdə yaşanmadı, sistem tab gətirdi. Söhbət təkcə səhiyyədən getmir – Dövlət Təhlükəsizlik Xidməti, polis, Sərhəd xidməti – hamısı çox yüksək səviyyədə işləyir. Tətbiq olunan SMS sistemi də çox modern sistemdir.
Yəni şikayətlənmək, sızıldamaq da olar, necə deyərlər bunlar hər kəsin təbii haqqıdır. Amma adətən belə adamlar birini bilir, beşini bilmir. Mən isə daxildən məlumat alan və sahəni bilən adam kimi, hər şeyin necə işlədiyini bilirəm. Odur ki, dövlət öz payına düşəni ən yüksək səviyyədə icra edib, artıq hər kim məsuliyyətsiz yanaşacaq, qaydaları pozacaqsa, dövlət buna nə etsin? Uzaqbaşı məcbur qalıb qaydaları sərtləşdirəcək. Dövlətin öz vətəndaşlarını qorumaq kimi vəzifəsi var. Bizdə insanları qorumaq da asan məsələ deyil, çünki azərbayacanlılar öpüşməyi, qucaqlaşmağı, bir yerdə olmağı, böyük qruplar şəklində toplaşmağı sevirlər. Sosial məsafə kültürü bizdə əzəldən olmayıb. Baxın, hansı ölkələrdə ki, sosial məsafə koronavirus olmadan da mövcud idi – Almaniya, İsveçrə, Skandinav ölkələri kimi -, bu ölkələrdə qaydalara da riayət olunur.

Bir ciddi problemimiz də var, bizim insanların dövlətin təlimatlarına qarşı skepsisi. “Hamısı boş şeydir” – bizim insanların dəyişməyən şüarı və hər şeyə münasibəti. Belə olan halda izolyasiya şərtlərini maksimum sərtləşdirməkdən başqa çarə qalmır. İnsaf naminə deyim ki, hətta Danimarkada da əvvəlcə xahiş etdilər ki, birbirinizdən aralı durun, bir yerə toplaşmayın, amma xeyri olmadığını görüb qaydaları sərtləşdirdilər. Belə zamanlarda hər ağızdan bir söz çıxır, hərə bir fikir yürüdür. Dövlətin işi isə yalnız mütəxəssislərlə işləyib onların rəyini rəhbər tutmaq, əhalidən yüksələn min bir tələbi və səsi eşitməməkdir. Niyə? Çünki fors-major halların öz qaydaları olur və burada azadlıqlar, haqlar ikinci plana keçir. Yəni, bizdə deyilsə ki, kütləvi immunitetə qərar veririk, “Darvin prinsipi” ilə hərəkət edirik, kim sağ qaldı qaldı – heç kimin şübhəsi olmasın ki, İtaliyadan daha pis vəziyyətə düşərik.
– Virusun təbiətini bilmirik, onu hələ yetərincə tanımırıq, əslində elm adamlarının özləri deyir bunu. Virusun əbədi bizimlə yaşayacağını da. Karantin tərdbirləri bitəndən sonra kim zəmanət verə bilər ki, xəstəlik yenə də eyni qaydada yayılmayacaq?
– Heç kəs, heç nəyin zəmanətini verə bilməz. Zəmanət ümumiyyətlə bizim müraciət etidyimiz söz deyil. Epidemioloqlar, virusoloqlar karantində təkid etməklə doğru edirlər, çünki məqsəd yüksələn xətti hamarlamaq, maarifləndirmə işləri aparmaq, infrastrukturu hazır vəziyyətə gətirməkir. Ondan sonrası nisbətən asan olacaq, çünki infrastruktur artıq hazırdır və imkan verəcək ki, səhiyyə sistemində tıxac yaranmasın. Virusun öz tsikli var və əsas olan onu düz xəttə salmaqdır. Həkim kimi süni tənəffüsə qoşsun, kimi qoşmasın seçimi qarşısında qalmamalı, əvvəlki səhvlər təkrarlanmamalıdır. Məsələn, ilk günlərdə tək İtaliyada yox, elə bir çox ölkədə bütün koronavirus infeksiyası daşıyıcıları xəstəxanalara yatırılırdı, bu da təbii olaraq tıxac yaradır, daha çox ehtiyacı olanları yataq çatmır, yaxud daha pisi – sağlam adamlar da yoluxurdu. Artıq Azərbaycanda xəstəliyi yüngül keçirdənlər evlərində müalicə olunur, kaş ki, hamı əvvəldən belə edəydi, indi dünyada da mənzərə fərqli olacaqdı. Bir dövlətin səhiyyə sistemi çökürsə, bu, dövlətin təslimiyyəti deməkdir və buna əsla yol vermək olmaz.
– ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) 2019-cu ilin sonunda pandemiyaya ən hazır ölkələr reytinqini hazırlamışdı və ABŞ-la İngiltərə ilk onluqda müvafiq olaraq birinci və ikinci yerləri tutmuşdular. Almaniya isə ümumiyyətlə ilk onluğa düşməmişdi. Gözlənilmədən üzə çıxan koronavirus epidemiyası bizə tamam ayrı bir reallıq göstərdi. Daha sonra isə ÜST bəyan etdi ki, Covid-19 insandan insana yoluxmur. Burada da yüngül desək yalançı çıxdı. Ümumiyyətlə, reputasiyası bu qədər zədəli olan, gülünən, ələ salınan bir təşkilata qarşı bizim hökumətin komplimentar münasibəti başa düşüləndirmi? Nə üçün elə bir təəssürat yaradılır ki, sanki ÜST olmasaydı biz batardıq, səhiyyəmiz çökərdi? ÜST-ün məsləhəti və köməyi olmasaydı Azərbaycan hökuməti nəyi edə bilməyəcəkdi? Axı hər ölkənin öz yanaşmasının, mübarizə metodlarının olduğunu görürük…
– ÜST də digər nəhəng siyasi təşkilatlar kimi əlbəttə ki, qüsursuz deyil. Diqqət edin, siyasi təşkilat dedim. Bu qurumun üzvləri kimlərdir? Dövlətlərin rəsmi orqanları. Yəni ÜST əsla bir elmi təşkilat deyil ki, ondan elmi yanaşma gözləntiləri olsun. ÜST-ün prioritetləri dünya üzrə müəyyən xəstəliklərlə mübarizədir. Vəba, vərəm, dizenteriya, ebola kimi keyslərdə onların fəaliyyətini daha bariz görmək olur. Odur ki, ÜST-ü hansısa psevdotəşkilat, lazımsız qurum adlandıra bilmərik. Hər bir təşkilatda liderlər, komandalar olur, onlar zamanla dəyişir, buna müvafiq olaraq effektivlik də fərqlilik göstərir – azalır, ya çoxalır.
İş orasındadır ki, qlobal aspektdə bütün dünyanı əhatə eləmək, hər yerdə eyni standartları tətbiq etmək olmur. Elə ölkələr var ki, adi gigiyena şərtləri yoxdur, təmiz suyu yoxdur, banal infeksiyalardan on minlərlə insan ölür. ÜST belə ölkələrdə çox lazımlı işlər görür. Covid-19 ortaya çıxandan sonra həftələr boyunca Çindən olduqca məhdud sayda məlumat daxil olurdu. ÜST bu vəziyyətdə nə etməliydi? Axı Çinlə sərt, utimativ dildə danışa bilməz, belə bir səlahiyyəti yoxdur. Məcbur olub Çindən daxil olan məlumatları səhih kimi tirajlamağa başladılar. Amma sonra yavaş-yavaş xoş olmayan faktlar üzə çıxmağa başladı – yarasalar, panqolinlər, insandan insana yoluxma faktı, şəhərin qapadılması… Sonrakı ağıl fayda etməz, amma gərək bütün dünya hələ o vaxt Çin istiqamətində bütün gəliş-gedişləri dayandıraydı. Amma olmadı və bu gün tamam başqa bir reallıqla üz üzəyik.
– Bəlkə bundan sonra Çinlə başqa dildə danışacaqlar? ABŞ Konqresindən artıq etiraz səsləri yüksəlir, Çini cərimələmək təklif olunur.
– Əslində Çinlə bağlı problem daha dərindir, hətta viruslardan da dərin. Söhbət güclü rəqiblə banal rəqabətdən də getmir. Belə deyək, dünyanın qəbul olunmuş hegemonuna bütün bəşəriyyətin könüllü surətdə təslim etdiyi məlumat bazasına bu gün rəqib çıxıb – Çin. Rəqəmsal məlumatları Çinlə bölüşəkmi, bölüşməyəkmi bütün məsələ budur. Bu məlumatlar təkcə kommersiya nöqteyi-nəzərindən yox, həm də strateji, hərbi mənada əhəmiyyətlidir. ABŞ Çinin dünyanın məlumat bazasına malik olmasını istəmir, hətta Çin ilə dərin ticari əlaqələri olan Avropa da istəmir. Huawei şirkətinin prezidentinin qızının Kanadada faktiki qirovluqda saxlanılmasını xatırlayaq. Üzdə koronavirus var, amma işin arxa planında çox daha böyük məsələlər müzakirə olunur və nə ilə nəticələnəcəyini zaman göstərəcək.
– Mən yenə də “Koronavirusdan sonrakı dünya” ssenarilərinə qayıtmaq istəyirəm. İnsanın davranışlarında, arzularında, bəlkə də hərisliyində heç nə dəyişməyəcək, bununla razıyam, nəticədə sosial heyvandan danışırıq. Bəs siyasət, elitalar, dövlətlərarası münasibətlər?
– Daha doğrusu bəzi şeylərin dəyişməsi artıq zərurət olub. Postmodern çağda siyasətin və siyasətçilərin siması dəyişmiş, Qərbdə post-liberalizm dövrü nasional-eqoizm epoxası ilə əvəzlənmiş, Trampın gəlişi ilə isə infantilizm, qeyri-ciddilik, cəfəngiyyat, mövhumat, odioz personajlar, emosiyalar, şüarlar, populizm, məzhəkə, hır-hır hırıldama beynəlxalq siyasətin əsas atributlarına çevrilmişdir. Pandemiya bu infantilizmi, qeyri-ciddiliyi pikə çatdırdı. Artıq biz görürük ki, dövlət idarəçiliyində meritokratiya alternativ tanımır. Ölçülü-biçili, ağıllı, sanballı, ağır, düşünülmüş siyasət və onun personajları geri qayıtmalıdır.
Ola bilsin əlaqəsiz görünsün, amma bu məqamda faşizm üzərində qələbəmizin yaxınlaşan 75-illiyini xatırlatmaq istəyirəm. Həmin sözünü etdiyim qeyri-ciddilik, məzhəkə və populizm bu gün Avropa insanına keçmişini unutdurmağa başlayıb. Mən axı bütün bunları gündəlik həyatımda müşahidə edirəm. Sanki ötən əsrin birinci yarısında bu fəlakətlər yaşanmayıb, sanki yəhudilərin uzunburunlu və hörüklü karikaturaları çəkilməyib, sanki qaz kameraları olmayıb, sanki birləşib üstümüzə hücum etməyiblər. Belə zəif yaddaş heç də yaxşı şeylər vəd etmir. Unutqanlıq səbəbindən bu gün artıq başqa özgələrin karikaturlarını çəkir, ən xırda kriminal hadisədə mətbuat miqrantın gəldiyi ölkənin adını yazır, Avropanı yenə kimlərdənsə təmizləməyin xəyallarını qurur, neo-nasistlərlə yenə qol-boyun olurlar. Bax, buna yol vermək olmaz. Biz isə, qlobal faşizmin başının əzilməsində aktiv iştirak etmiş bir xalq kimi bununla fəxr etməli, keçmişdən dərslər çıxarmalıyıq. Və nə yaxşı ki, bizdə 9 may dövlət bayramı kimi qeyd olunur.
– Düz başa düşdümsə sizin, yəni elm adamlarının və ümumiyyətlə elmin yaşaması, inkişaf etməsi üçün də məhz ağır, sanballı, ölçülü-biçili mühitə, ciddi siyasi aktorlara ehtiyacı var?
– Tamamilə doğrudur. Vay o gündən ki, elm adamının dilindən “mən ancaq filan şeyə inanıram” cümləsi eşidilsin. Ya da “mənə elə gəlir ki, filan dərman yeni koronavirus əleyhinə təsirlidir, mən belə hiss edirəm, yuxuda belə görmüşəm…” Bunlar cəfəngiyyatdır. Elm iman məsələsi deyil, belə alim olmur. Ortada bir hipotez var və sən onu test edərək ya sübut, ya da rədd edirsən. Peşəkar, elmi yanaşma budur. Siyasətdə, idarəçilikdə də gərək peşəkar yanaşma, meritokratiya hökm sürsün ki, elm dünyası ilə siyasət dil tapa bilsinlər. Ona görə də reformlar qaçılmazdır. Bizdə reform deyəndə elə bilirlər ki, o nəsə birdəfəlik işdir – gördün, qurtardı getdi, hər şey hazırdır. Reform isə prosesdir – statik yox, dinamik bir proses. Texnologiyalar dəyişir, çağırışlar dəyişir və sən bunlara hazır olmalısan. Dövlətin belə məsələlərdə kompromisi olmamalıdır, ona görə deyirəm ki, təhsil və səhiyyə dövlətin tam nəzarəti, monopoliyasında olmalı sahələrdir. Elmin prestijini yaratmaq lazımdır. Söhbət təkcə tibdən yox fundamental elmdən, tətbiqi elmdən gedir. Bizə müasir, peşəkar kadrlar lazımdır, onların isə sayı hazırda kifayət deyil. Çox yox, ikicə nəsil, yəni 20 il bəsdir ki, Azərbaycanda lazım olan elmi fonu yarada bilək, çünki hadisələr də göstərdi ki, bizi yalnız elm xilas edə bilər. Elmsiz heç bir sahədə proqress də olmayacaq, bunu siyasətçilər başa düşməlidir.
– İspaniyada jurnalistlərin vaksin tələbinə həkimin verdiyi “gedin milyonlar qazandırdığınız futbolçulardan vaksin soruşun” cavabını xatırladım…
– Darıxdırıcı olsa da deməliyəm ki, bu da emosional reaksiyadır. Hərçənd həkimi də, onun sözlərindən sonra ürəyindən tikan çıxanları da, hətta futbola acığı, nifrəti olanları da başa düşürəm. Yeri gəlmişkən bu sözlərdən inciyən, amma etiraz etməyə bir söz tapmayan futbol fanatlarını da başa düşürəm. Əlbəttə ki, dar ayaqda fanat da, futbolçu da min avro maaş alan həkimə pənah gətirəcək, burada qeyri-adi nə var ki? Bu ədalətsizliyin yenicə fərqinə varmışıq? Yox. Mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Bu hadisələrdən nəticə çıxaran hökumətlər isə elmə pul ayırmalıdır. Əlbəttə, bir insan kimi mən də qorxuram. Qorxuram ki, pandemiyadan sonra dünya qayıdacaq rutinasına, yəni altına pul yığmağa.
Hər şey unudulacaq və kapitalizm yenidən ağıla, məntiqə və vicdana qalib gələcək.
– Deyəsən gözümüzün qabağında təmizlənən ekologiyanı da yenə göz görə-görə çirkləndirəcəyik axı…
– Şübhəsiz. İndi qayıdan delfinlərə, balıqlara, quşlara karantin rejimindən, öz pəncərələrimizdən baxırıq. Uzaqdan. Gözləyirik karantin bitsin ki, delfinlər və quşlar yenə qaçıb getsinlər, yoxa çıxsınlar. Bizim indiyə qədər insanın ətraf mühitin çirklənməsindəki rolunu sənədləşdirmək kimi imkanımız olmamışdı. Əvvəl çox rahat inkar edirdilər ki, insanın heç bir rolu, əməyi yoxdur bu işdə, iqlim özlüyündən dəyişir. İndi isə sübut olundu ki, biz olmayanda dünya daha təmiz və gözəl olur, bunun üçün də mütləq pandemiya bizə qonaq gəlməliydi.
– Azərbaycana qayıdaq. Hökumətin fəaliyyətini yüksək qiymətləndirdiniz. Doğrudanmı hər şey bu qədər qüsursuzdur ölkədə?
– Mən öz sahəmə cavabdehəm və yanaşmam sırf peşəkardır. Öz sahəmlə bağlı bu kritik günlərdə Azərbaycanda görülən işlərdən xəbərdaram və bunları doğrudan da yüksək qiymətləndirirəm. Əgər sahəmlə bağlı hansısa çatışmazlıq görsəm, imkanım var ki, bunu birbaşa aidiyyatlı orqanlara, şəxslərə bildirim. Yəni mətbuata çıxıb tənqid etməyə ehtiyac duymuram və dahası, bunu produktiv saymıram.

– Çatışmazlıqlar haqda əhalini məlumatlandırmaq gərəksizdir deyirsiniz?
– Əmin olun ki, çatışmazlıq varsa belə, əhalinin bütün təbəqələrini maraqlandıran növdə çatışmazlıqlar deyil. Başa düşürəm ki, məndən mütləq tənqid eşitmək istəyirsiniz. Mən özüm də tənqidin tərəfdarıyam və maşallah AzLogos hökumətin fəaliyyətini hər gün tənqid edir, dövlət başçısından sıravi məmura qədər hər kəs hesaba çəkilir. İcazə verin mən də müsbət işləri qeyd edim. Müsbətlərin dilə gətirilməsi idarəçilərin könlünü xoş etmək üçün yox, insanları total skepsisdən, şübhəçilikdən uzaq tutmaq üçün lazımdır. Xüsusilə də bizim kimi skepsisə, şübhəçiliyə və üzr istəyirəm lağlağıya meylli millət üçün bunlar çox vacibdir. Çünki şübhəçiliklə nihilizm, total inkar arasında incə bir xətt var və onu keçmək olmaz. Skepsisin dərinləşməsi, məqbul həddi aşması cəmiyyətə çox mənfi təsir edir, bunun fəsadları sonradan üzə çıxır. Ona görə tənqid də elə olmalıdır ki, tənqid olunan tənqid edəndə zərrə qədər şəxsi motiv görməməlidir. Tənqidin ünvanında əminlik olmalıdır ki, tənqid edən tənqid adı ilə ona acığını tökmür, təhqir etməyə, ələ salmağa çalışmır. Yalnız bu halda tənqidin səmərəsindən, faydasından danışmaq olar.
– Ənənəvi olaraq sonda oxuculara ürək sözlərinizi eşidək.
– Bu gün ön cəbhədə vuruşan bütün səhiyyə işçisi bacı və qardaşlarımı bağrıma basıram, onlara bu çətin işdə tükənməz güc və iradə arzulayıram, ən səmimi təşəkkürlərimi ünvanlayıram. Riski gözə almaq səhiyyə işçisinin genetikasındadır, amma dövlət də gərək onların təhlükəsizliyi və maddi təminatı barədə ciddi düşünsün. Bir daha deyirəm – optimizasiya adı altında bəzi qərb dövlətlərində ciddi səhvlərə yol verildi, o səhvləri əsla təkrarlamaq olmaz. Rəqəmsal, məsafəli tibb bu gün Azərbaycanda uğurla tətbiq olunur və məndə əminlik var ki, böhrandan sonra İlham Əliyev və komandası bu sahənin inkişafı, modernləşməsi üçün səylərini davam etdirəcəklər. Mənim gələcəyə ümidim böyükdür.
 
Ələkbər Əliyev
Azlogos


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ