Prezident Əliyevin yeni Avropa qələbəsi - hücum diplomatiyası İrəvanın planlarını “dəfn etdi”
Tarix: 12-05-2020, 23:44
Baxılıb: 479
Google+ Paylaş
Tumblr Paylaş

Prezident Əliyevin yeni Avropa qələbəsi - hücum diplomatiyası İrəvanın planlarını “dəfn etdi”

12-05-2020, 23:44

Azərbaycan Avropa istiqamətində yeni bir uğura imza atıb. Bu uğur “strateji” və “sıçrayışlı” da sayıla bilər. Belə ki, mayın 11-də Avropa İttifaqı Şurası Azərbaycanın da üzv olduğu “Şərq Tərəfdaşlığı” ölkələrinə münasibətdə Avropa Birliyi (AB) siyasətinin əsas parametrlərinin əks olunduğu sənədi təsdiq edib.

Minval.az-ın məlumatına görə, artıq AB-nin saytında yerləşdirilmiş həmin sənəddə bildirilir ki, “Şura ümum-demokratiya, tərəqqi və sabitlik üzrə ortaq zona yaradılmasına dair birgə öhdəliyə sadiqliyini təsdiq edir” və bu zaman “beynəlxalq düzənin və Helsinki Yekun Aktının və ATƏT-in Paris Xartiyasının prinsiplərində göstərildiyi kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik də daxil, beynəlxalq hüququn qaydalarına, həmçinin fundamental dəyərlərə istinad edir” - hansı dəyərlə sırasında ki, azlığın hüquqları, demokratiya, qanunun aliliyi, gender bərabərliyi, habelə davamlı inkişaf və bazar iqtisadiyyatı göstərilir.

AB ərazi bütövlüyünə dəstəyini və sərhədlərin toxunulmazlığına hörmətini əvvəllər də ifadə edib. Ancaq indi bu prinsiplər – beynəlxalq hüquqa hörmət, ərazi bütövlüyü, müstəqillik və suverenlik təşkilatın “Şərq Tərəfdaşlığı” ölkələrinə münasibətdə formalaşan siyasətində təməl prinsiplər kimi götürülür. Brüssel rəsmən bəyan edir ki, ərazi bütövlüyü demokratiya və insan haqlarından heç də az önəm kəsb eləmir.


Elə təkcə bu məqam AB-nin siyasətinin Azərbaycanın köklü maraqlarına tərəf ciddi ölçüdə meyllənməsini göstərir – həm də təkcə Azərbaycanın yox. Bundan əlavə, prezident İlham Əliyev, eləcə də ölkəmizin digər rəsmiləri müntəzəm surətdə müxtəlif “meydançalar”da vurğulayırdılar ki, sərhədlərə və ərazi bütövlüyünə hörmət sərbəst toplaşmaq azadlığından və hakimiyyət orqanlarında gender təmsilçiliyi hüququndan heç də az önəm kəsb etməyən, hətta daha böyük önəm daşıyan bir prinsipdir.

Azərbaycan öz mövqeyini dəyişməyib. AB də özünün rəsmi mövqeyinə müvafiq korrektələr edir və bu nüanslar dünya informasiya agentliklərinin ən çox sitat gətirdiyi gurultulu bəyannamələrdən indi daha əhəmiyyətli və daha vacibdir.

Təşkilatın belə yanaşması Ermənistan üçün əsl diplomatik fəlakətdir. Görünən budur ki, mahiyyət etibarilə İrəvanın “demokartik imiclə alver” hesabına Azərbaycanın uğurlu diplomatiyasına “əks ağırlıq” yaratmaq cəhdləri iflasa uğrayıb.

Sənədin regional konfliktlərə həsr olunmuş bölümündə də mühüm “dəqiqləşmələr” yer alır. AB Şurası bəyan edir ki, “regionun bəzi ölkələrində beynəlxalq hüququn davam edən pozuntularına görə narahatdır”, hansı ki, bu da Azərbaycan üçün aydın bir anlam kəsb edir. Xüsusi qeyd edək: söhbət məhz beynəlxalq hüquqdan gedir, “adamların münaqişələrdə hüququndan” yox.

Üstəlik, Şura “konfliktlərin RAZILAŞDIRILMIŞ FORMATLAR ÇƏRÇİVSİNDƏ APARILAN DANIŞIQLAR ƏSASINDA (Seçdirmə Minval.az-ındır) önlənməsini, etimadın möhkəmlənməsi və dinc nizamlamanı tamamilə müdafiə edir. Bu da Ermənistan üçün “soyuq duş” effektlidir. O Ermənistan ki, hələ də Xankəndindəki işğalçı rejimin nümayəndələrini danışıqlar prosesinə “soxuşdurmağa” ümid bəsləyir, amma indi bağlı Avropa qapılarına tuş gəlir.

Sənədin “Qarabağ” blokundan kənara çıxan bölmələri də diqqətə layiqdir. Belə ki, “AB Şurası təşkilatla Azərbaycan arasında yeni çərçivə sazişi əsasında davam edən danışıqlarda irəliləyişi alqışlayır”. Yəni yalnızca danışıqlara dəstək ifadə eləmir, məhz “prosesi alqışlayır” ki, bu da çox şey deyir: Bakı və Brüssel strateji tərəfdaşlıq haqda anlaşmanın imzalanmasına doğru irəliləyir.

Xatirladaq ki, bu sənədin hazırlanmasına AB ilə “assosiasiya”ya maraq göstərilməyən Azərbaycanın təşəbbüsü ilə başlanıb. Daha sonra prezident İlham Əliyev bildirmişdi ki, həmin sənədlər Azərbaycandan ötrü yetərincə ağır iqtisadi və sosial-iqtisadi öhdəlikləri ehtiva edib, amma AB-yə üzvlüyə zəmanət verilmir. Amma indi əgər AB irəliləyişi alqışlayırsa, bu, o anlama gəlir ki, mövqelər yaxınlaşır. Bu da Azərbaycanın bütövlükdə AB üçün tərəfdaş kimi dəyəri, özəlliklə ölkəmizin müstəqil neft-qaz ixracı və nəqliyyat-logistik siyasəti ilə bağlıdır. Ermənistanla imzalanmış sənəddən fərqli olaraq, bu, sadəcə, “çərçivə sazişi” deyil və hansısa “forpost”la yox, müstəqil, həqiqi mənada baş tutmuş bir dövlətlə tərəfdaşlıq sənədidir.


Nəhayət, vizasız rejim məsələsində də diqqətəlayiq nüanslar var. Brüsseldə bunu konkretləşdirməkdən bir növ çəkiniblər, ancaq qeyd ediblər ki, vizasız rejimi olmayan “Şərq Tərəfdaşlığı” iştirakçılarına onun verilməsi məsələsi müvafiq şərtlər daxilində həll ediləcək. Bu şərtlərə həmçinin sürətlilik, qənaətbəxş viza proseduru və tərtibatın asanlaşdırılması və readmissiya haqda müqavilələr daxildir (readmissiya – dövlətin öz vətəndaşlarını geri götürməsi barədə razılıq – red.). Burada isə Azərbaycan özünün aşırı miqrasiya templərinə malik Ermənistandan fərqli olaraq, AB üçün nümunəvi tərəfdaş sayılır. Azərbaycanın readmissiya məsələlərində səliqəli olması və qanunsuz miqrasiya ilə ciddi mübarizəsi də nəzərə alınarsa, təxmin eləmək olar ki, vizasız rejim məsələsində də uğur qazanmaq üçün onun şansları ciddidir. Ermənistan isə öz vətəndaşlarının xaricə kütləvi qaçışının ifrat miqyas alması üzündən yaxşı olar ki, xam xəyallara qapılmasın. O zaman artıq aydın olur ki, Azərbaycan bu sənədi sadəcə bir neçə bənd üzrə öz aktivinə yazmış olacaq.

Azərbaycanın uğurlu diplomatiyası Ermənistanın yeni rəhbərliyinin doğduğu “inqilabi imic” hesabına “avrodividentlır” qazanmaq planlarını, sadəcə, “dəfn etdi”. Bizim ölkəmiz prezident İlham Əliyevin hücum diplomatiyası, düşünülmüş islahat proqramı, iqtisadi meqa-layihələr və dövlət quruculuğunda uğurlar sayəsində Avropa istiqamətində yeni bir “sıçrayış”a nail olub, ən əvvəl də Azərbaycandan ötrü ən vacib və həssas bir məsələdə - Qarabağ məsələsində. Üstəgəl, AB ilə tərəfdaşlığın davamlı qurulması üçün “təməl” atılıb.

P.S. Yazının rusca versiyası ilə bu linkdən tanış ola bilərsiniz.

https://minval.az/news/123989431


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ