
Ermənistanın baş naziri Nikol Paşinyan son günlər ard-arda yayımladığı qeyri-adi videolarla yenidən diqqət mərkəzinə düşüb. Yeni il şənlikləri çərçivəsində müxtəlif kütləvi tədbirlərdə görünən Paşinyan bir yandan musiqi sədaları altında nağara çalır, digər yandan gənclərlə birlikdə atılıb-düşür, bayram ovqatını nümayiş etdirir. Maraqlıdır ki, bu görüntülərin əksəriyyəti məhz onun şəxsi sosial şəbəkə hesablarında paylaşılıb və qısa müddətdə geniş yayılıb.
Son günlər Paşinyanın paylaşımlarında iki xətt açıq-aydın seçilir. Bir tərəfdən, o, dini ayinlərdə – kilsə ibadətlərində, xaç vurarkən, özünə yaxın keşişlərlə birgə mərasimlərdə görünür və bu səhnələri də ictimaiyyətlə bölüşür. Digər tərəfdən isə, konsert və bayram tədbirlərində, gənc və orta yaşlı insanların əhatəsində sanki “toy-bayram” ab-havası yaradır, səmimi və rahat görüntülər təqdim edir. Sosial mediada dolaşan son video məhz bu xəttin kulminasiyasıdır: Paşinyan kütlənin içində, musiqinin ritminə uyğun sevinir, əllər havada, əhvalı yüksək.
Müşahidəçilərin fikrincə, bu davranışlar təsadüfi deyil. Paşinyan özünü əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq müharibə ritorikasından uzaq, “sülh danışan”, kilsənin ekspansionist ideologiyasına açıq şəkildə qarşı çıxan siyasi fiqur kimi təqdim etməyə çalışır. O, “tarixi Ermənistan” xülyalarından – Azərbaycan və Türkiyə torpaqlarına iddialardan – imtina edən, mövcud reallıqlara əsaslanan “real Ermənistan” anlayışını önə çəkir. Bayram ovqatı, kütlə ilə birbaşa təmas, səmimi görüntülər də bu imicin tərkib hissəsi kimi qiymətləndirilir.
Bu prosesin arxa planında isə 2026-cı ildə keçiriləcək parlament seçkiləri dayanır. Rusiya yönlü müxalifətin və kilsə mərkəzli siyasi qrupların hələlik Paşinyana real alternativ təqdim edə bilməməsi baş nazirə müəyyən rahatlıq verir. O, bu rahatlığı həm siyasi ritorikada, həm də ictimai davranışlarında açıq şəkildə hiss etdirir. Lakin seçkilərə qədər hələ aylar var və qarşı tərəfin hansı addımları atacağı sual olaraq qalır.
Bir məqam isə dəyişməz olaraq qalır: Ermənistan cəmiyyətində baş verən bu transformasiyanın əsas səbəblərindən biri regionda yaranmış yeni reallıqlardır. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə, “dəmir yumruq”la formalaşan hərbi-siyasi balans erməni cəmiyyətini öz real gücünü və qarşısındakı təhlükələri dərk etməyə vadar edib. Məhz bu reallıq fonunda kilsənin illərlə formalaşdırdığı ekspansionist ideologiyanın Ermənistan üçün ən böyük daxili risk olduğu daha aydın görünməyə başlayıb.
Bu baxımdan, Paşinyanın sevincli, bəzən hətta qəribə görünən davranışları təkcə şəxsi xarakter məsələsi deyil. Bu, həm də Ermənistan cəmiyyətinə verilən mesajdır: müharibə ritorikasından uzaq, reallıqlarla barışan, daxili düşmənçilik ideologiyalarını kənara qoymağa çalışan yeni siyasi xəttin nümayişi. Sosial şəbəkələrdə yayılan “atılıb-düşən Paşinyan” videoları da məhz bu xəttin vizual simvoluna çevrilir.
Musavat.com






Şərhlər