
İranda repressiyaların davamında ölkənin Xorasan Rəzəvi əyalətində daha 192 nəfər həbs edilib. Bu haqda İran televiziyası məlumat yayıb. Saxlanılanların etiraz aksiyaları zamanı 6 hökumət məmurunun öldürülməsində ittiham olunduqları iddia olunub. Hökumət mediasının iddiasına görə, onlardan çox sayda soyuq və odlu silah aşkar edilərək götürülüb. Onların kimliyi və harada saxlanıldıqları barədə açıqlama verilməyib.
Qeyd edək ki, İran hökuməti etiraz aksiyalarının xarici ölkələrdən qrupllar tərəfindən təşkil edildiyini iddia edərək repressiyalara bəraət qazandırmağa çalışır. İnsan haqları təşkilatlarının bildirdiyinə görə, bu ittihamlara görə 10 minlərlə narazı həbs edilib.
“İranın siyasi sistemi təməldən düzələn deyil, elə qurulub ki, daxildən mənalı islahatlar üçün hər hansı bir cəhd uğursuzluğa məhkumdur. Əli Xamenei hakimiyyətdən getməlidir”.
Bunu Nobel Sülh Mükafatı laureatı Şirin İbadi Fransanın "Liberation" qəzetinə müsahibəsində deyib.
İbadi Qərb ölkələrinin İrana yanaşmasını tənqid edib. Deyib ki, öz maraqlarına xidmət edən siyasət və rejimlə kompromis cəhdləri yalnız status-kvonu əbədiləşdirib.
“ABŞ qüvvələri yaxınlıqda yerləşdirilib, İran Donald Trampın sözlərini ciddi qəbul etməsə, bu etinasızlıq onun öz ziyanına olacaq”.
Bunu isə amerikalı respublikaçı senator Mark Ueyn Mullin deyib (Teleqraf).
Senator İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “dünyada terrorizmin ən böyük himayədarı” adlandırıb və onun rolunu nasist Almaniyası ilə müqayisə edib:
“Əsas məqam ondan ibarətdir ki, ayətullah (İranın Ali rəhbəri Əli Xamenei - red.) gizləndiyi yerdən çıxıb, bu o deməkdir ki, onun dəqiq yeri ABŞ Prezidenti və kəşfiyyatına məlumdur. Ayətullahın hələ də sağ qalmasının yeganə səbəbi regiondakı bəzi ölkələrin onun aradan qaldırılmasına qarşı çıxmasıdır. Amma biz Trampı tanıyırıq, onun səbrinin həddi bir nöqtəyə qədərdir. O gün ayətullah verdiyi qərarların nəticələri ilə üzləşəcək”.
İranda sistemin tamamilə çöküşü üçün nə çatmadı? İnqilab niyə baş vermədi?
Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, sistemin çöküşünü təmin edəcək bir sıra həlledici amillərin çatışmazılığı rejimin bu dəfə də qurtulmasına səbəb oldu:
“Birincisi, İranda etirazlar geniş miqyas alsa da, onları birləşdirən vahid siyasi lider və ya alternativ hakimiyyət modeli formalaşmadı. Xaricdəki müxalifət – monarxistlər, liberal qüvvələr, solçular, etnik hərəkatlar – bir-biri ilə dərin ideoloji ziddiyyətlər içindədir. Daxildə isə etirazlar daha çox spontan və emosional xarakter daşıyırdı. Tarix göstərir ki, sistemlərin çökməsi üçün təkcə küçə etirazları deyil, idarəolunan siyasi alternativ də lazımdır. İranda bu boşluq doldurulmadı”.
Q.Hüseynliyə görə, İran İslam Respublikasının əsas dayağı İnqilab Keşikçiləri Korpusu (SEPAH), Bəsic və təhlükəsizlik aparatıdır.
“Bu strukturlar təkcə ideoloji deyil, eyni zamanda, iqtisadi baxımdan da sistemlə üzvi şəkildə bağlıdır. Onların böyük biznes imperiyası var və rejimin süqutu bu maraqları birbaşa təhlükə altına qoyur. “Ərəb baharı” təcrübəsi göstərdi ki, ordunun və təhlükəsizlik qüvvələrinin mövqeyi dəyişmədikcə inqilab qalib gəlmir. İranda isə belə bir çatlaq yaranmadı. Adını çəkdiyimiz qüvvələr öz maraqları naminə siyasi hakimiyyətə sadiqlik nümayiş etdirdilər”.
Politoloqun fikrincə, üçüncü səbəb odur ki, hakimiyyət etirazlara qarşı selektiv, amma sərt repressiya taktikasından istifadə etdi:
“Genişmiqyaslı qırğınlardan qaçaraq, lider fiqurları, fəalları və informasiya kanallarını hədəfə aldı. İnternetin məhdudlaşdırılması, qorxu mühiti və uzunmüddətli həbslər etirazların davamlılığını zəiflətdi. Bu, cəmiyyətin bir hissəsində “dəyişiklik mümkündürmü?” sualına skeptik yanaşmanı və bu suala “mümkün deyil” cavabını şüurlarda meydana gətirdi.
İran cəmiyyəti Yaxın Şərqdə baş verən xaosun canlı şahididir. Suriya, Liviya, İraq nümunələri insanların şüurunda dərin iz buraxıb. Bir çoxu iranlı rejimdən narazı olsa da, dövlətin dağılması və vətəndaş müharibəsi riskindən ehtiyat edir. Bu psixoloji faktor da kütləvi etirazların “son həddə” çatmasına mane oldu”.

Q.Hüseynli qeyd edib ki, xarici faktorun qeyri-müəyyənliyi, xüsusən ABŞ-dən dəstək bəyanatlarının bəyanatdan o tərəfə keçməməyi də Tehran rejiminin faydasına işlədi:
“Açıq göründü ki, Qərb dövlətləri İran rejimini açıq şəkildə zəiflətmək istəsə də, tam süqutun region üçün yaratdığı risklərdən çəkinir. Nüvə təhlükəsi, enerji bazarları və regional münaqişələr fonunda Qərbin mövqeyi ziddiyyətlidir. Güclü xarici dəstək olmadan isə daxili inqilabların uğur qazanması çətinləşir. Bu, bir daha təsdiqini tapdı”.






Şərhlər