Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir keçirilib.
Reportyor.tv xəbər verir ki, tədbir zamanı jurnalistlər Hərb Tarixi Muzeyi ilə tanış olublar.
Muzeylə tanışlıq zamanı bildirilib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu milli dəyərlərlə tarixiləşib. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verib.
Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun şəxsi heyətinin sayının 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılıb. Sovetlər imperiyası ADR-i ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olunub və nəticədə, ordu quruculuğunu başa çatdırmaq mümkün olmayıb.
1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti Qanun qəbul edib. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.
Tədbir zamanı Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
“Bu gün Azərbaycan Ordusunun yaranmasının 105-ci il dönümünü qeyd edirik. Çox şadam və qürur duyuram ki, Azərbaycan Ordusu bu bayramı qalib ordu kimi qeyd edir. Ordumuzun inkişafı, bugünkü günə, bu vəziyyətə gəlib çıxmağı Ümummilli Lider Heydər Əliyevin vaxtından başlayıb. Onun davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində biz bu gün müasir, ən güclü Azərbaycan Ordusunu qurmuşuq. Fəxr edirəm ki, bu gün qalib ordunun sıralarında xidmət edirəm”, – deyə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabiti polkovnik-leytenant Mübariz Şabanov bildirib.
Ehtiyatda olan polkovnik Sahib Şahverdiyev deyib ki, 26 iyun Silahlı Qüvvələr Günü Azərbaycan tarixində, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradılması üst-üstə düşür: “Azərbaycan Silahlı Qüvvələri hazırda istənilən xarici təxribatın qarşısını almaq iqtidarındadır. Azərbaycan Ordusunun döyüş hazırlığı, eləcə də maddi-texniki təminatı bu gün yüksək səviyyədədir. Azərbaycan xalqı arxayın ola bilər ki, gələcəkdə baş verə biləcək, hər hansı təxribatların qarşısını Azərbaycan Silahlı Qüvvələri yüksək səviyyədə almaq qüdrətindədir”.
Polkovnik-leytenant Əsgər Mövsümov isə qeyd edib ki, xalqımız, ordumuz, bu Zəfər üçün çalışıb və hazırlaşıb: “Mənsubu olduğum Hərbi Hava Qüvvələrinin təyyarəçisi kimi torpaqlarımızı işğaldan azad etmək üçün səylə, qətiyyətlə çalışırdıq. Nəhayət, cənab Ali Baş Komandanın əmri ilə biz düşmənin təxribatlarına əks-həmlə ilə cavab verməyə başladıq. Öz var qüvvəmizlə təyin olunan koordinatlara zərbələr endirdik. Hərbi Hava Qüvvələri olaraq, xidmət etdiyim hərbi hissə nəinki İkinci Qarabağ müharibəsində, eləcə də Birinci Qarabağ müharibəsində də böyük qəhrəmanlıqla döyüşüb. İkinci Qarabağ müharibəsində öz sözümüzü fəaliyyətimizlə demişik. Təəssüflər olsun ki, hər iki müharibə də şəhidlər verdik. Allah şəhidlərimizə rəhmət eləsin! Biz döyüş yoldaşlarımızı itirmişik, amma buna baxmayaraq, xalqımız, millətimiz torpaqlarımızı işğaldan azad etdi. Torpaqlarımız azaddır, ordumuz müzəffərdir. Mən çox qürurluyam ki, Vətən müharibəsi iştirakçısıyam və Azərbaycan xalqı, Azərbaycan Ordusu cənab Ali Baş Komandanın yumruğu altında birləşərək torpaqlarımızı işğaldan azad etdi. İndi biz rahatlıqla deyə bilərik ki, Qarabağ Azərbaycandır!”
Azərbaycan Ordusunun polkovnik-leytenantı Elmir Məmmədov vurğulayıb ki, İkinci Qarabağ müharibəsində hərbi təyyarəçi kimi iştirak edib: “Bu gün onu deyə bilərəm ki, biz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qısa müddət ərzində qələbə qazanmışıq. Çox qürurluyam ki, torpaqlarımızın azad olması uğrunda az da olsa, mənim də xidmətim olub. Biz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 20
20-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq əks-həmlə əməliyyatı keçirdik. Rəhbərliyin komandası ilə düşmənə sarsıdıcı zərbələr endirdik. Düşməni 30 ildir, həsrətində olduğumuz torpaqlarımızdan qovub çıxardıq”.
