Rusiya Jurnalistlər İttifaqı (RJİ) və Teleyayımçıların Milli Assosiasiyası (TMA) baş nazirə müraciət ediblər. Onlar Mixail Mişustindən kütləvi informasiya vasitələrini dövlət dəstəyi olunacaq prioritet sahələr sırasına daxil edilməsini xahiş ediblər.
Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müraciəti hər iki qurumun rəhbəri Vladimir Solovyev (RJİ) və Eduard Saqalev (TMA) imzalayayıblar: “Reklam bazarının çökməsi bir çox KİV-ləri yaşam savaşı verəcək həddə gətirib. Media da sosial yönümlü biznes sahəsi kimi bu gün yardıma ehtiyac duyur”.
Təşkilat rəhbərləri baş nazirdən KİV-lərin iqtisadiyyatın dövlət dəstəyi alacaq prioritet sahələri siyahısına salınmasını xahiş ediblər: “Xüsusi qeyd etməyə dəyər ki, media qurumları – televiziya və radio kanalları, internet nəşrlər bütün sutkaboyu işləyirlər. Onlar Rusiyada, dünyada olan vəziyyətlə bağlı əhalini məlumatlandırır, təhlükəsizlik tədbirlərinə əməl olunmasını vətəndaşların diqqətinə çatdırmaqla, dövlətin bu istiqamətdə atdığı addımlara aktiv dəstək verirlər”.
Həmçinin qeyd edirlər ki, yaranmış vəziyyətdə Rusiya KİV-ləri xərclərin böyük hissəsini təşkil edən əmək haqlarını ödəməkdə çətinliklərlə üzləşirlər.
