Prezidentdən xalqa tarixi mesajlar: milli birlik, stabil dövlət və təxribatçılara xəbərdarlıq
Tarix: 20-03-2020, 09:53
Baxılıb: 191
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentdən xalqa tarixi mesajlar: milli birlik, stabil dövlət və təxribatçılara xəbərdarlıq

20-03-2020, 09:53

Prezident İlham Əliyev  Novruz təbrikində  neftin qiymətinin düşməsinə baxmayaraq, xalqa sosial öhdəliklərin  yerinə yetiriləcəyini  və bütün infrastruktur layihələrinin tam icra olunacağını dedi; koronavirus bəlası ilə bağlı dövlət başçısı daha sərt qadağaların anonsunu verdi;  İlham Əliyev  təxribatçı qüvvələr haqda: “Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır”

Prezident  İlham Əliyev  Novruz bayramı   münasibətilə xalqı təbrik edib.  Dövlət başçısı televiziya ilə yayılan təbrikində deyib ki,  Novruz  milli bayramımız, milli sərvətimizdir: “Əsrlər boyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir. Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilsin”.
Prezident deyib ki, 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb olub: “Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır. İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı".
Dövlət başçısı bildirib ki, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulub: “Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi”.
preizdent novruz təbriki ile ilgili görsel sonucu
Dövlət başçısı Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi etdiyini deyib: “Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda, mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain "beşinci kolon"un nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, "beşinci kolon"un nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Eyni zamanda Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir”.
Dövlət başçısı bildirib ki, bu il iqtisadi sahədə əldə edilmiş uğurlar  sevindiricidir: “İki ayda ümumi daxili məhsul 2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri 9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir. Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir”.
Neftin  dünya bazarlarındakı qiymətindən danışan dövlət başçısı  bildirib ki, baxmayaraq ki, qiymət kəskin aşağı düşüb, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək: “Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 7 min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq".
Prezident koronavirusla bağlı deyib ki, dövlətin əsas məqsədi bu xəstəliyin Azərbaycanda yayılmamasıdır: “Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq”.
preizdent novruz təbriki ile ilgili görsel sonucu
Prezident deyib ki, bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar:  “Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.
Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o “beşinci kolon”dan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu "beşinci kolon"un nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, "beşinci kolon", milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın".
Dövlət başçısı sonda deyib ki, dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq: “Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq. Bir daha əziz xalqımı bu gözəl bayram münasibətilə təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək olsun!"


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ