
Polşanın Valbji (Wałbrzych) şəhərində keçirilən anti-immiqrant aksiya polis tərəfindən qanunsuz elan edilərək dağıdılıb.
Musavat.com xəbər verir ki, aksiyaya radikal sağçı fəal və “Sərhədin Müdafiə Hərəkatı”nın (Rux Obronı Qraniçı) lideri Robert Bakyaviç rəhbərlik edirdi.
Hadisə iyulun 26-da şəhərin mərkəzi Magistrat meydanında baş verib. Onlarla nümayişçinin iştirak etdiyi piket Valbji şəhər administrasiyasına əvvəlcədən bildirilmədiyindən polis onu qeyri-qanuni hesab edib və tədbirin dərhal dayandırılmasına qərar verib.
Polşanın Aşağı Sileziya vilayətinin polis idarəsinin sözçüsü, baş aspirant Monika Kaleta bildirib:
“Etiraz aksiyası qeydə alınmamışdı. Bu səbəbdən hüquq-mühafizə orqanları tədbiri dərhal ləğv edib. Heç kim saxlanılmasa da, iştirakçılar identifikasiya olunub və onların barəsində məhkəməyə müraciət ediləcək”.
Baş verən hadisəyə Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski də reaksiya verib. O, sosial media hesabında yazıb:
“Bu gün Valbjidə polis Bakyaviçin komandası ilə bağlı tam qanun və prosedurlara uyğun hərəkət edib. Heç kim Polşa dövlətini pozmağa və hüquqi xaos yaratmağa cəhd edə bilməz. Geri addım atılmayacaq”.
Bununla belə, aksiyanın təşkilatçısı Robert Bakyaviç isə hüquq-mühafizə orqanlarını “qanunsuz müdaxilə” və “konstitusiya hüquqlarının pozulması”nda ittiham edib.
Şərhlər