
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun kortejinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər həlak olub, dörd nəfər ağır xəsarət alıb (onların arasında Adam Kadırovun özü də var).
Musavat.com kavkaz.realii saytına istinadən xəbər verir ki, Qroznı şəhərindəki xəstəxanaya təxminən 20 nəfər çatdırılıb.
![]()
“Novaya qazeta” yazır ki, qəza nəticəsində Kadırov-kiçiyin kortejinə məxsus avtomobilin toqquşduğu maşının sürücüsü ölüb. Nəşrin məlumatına görə, qəza kortejin baş avtomobilinin sürücüsünün yolayrıcında qırmızı işıq siqnalını nəzərə almaması səbəbindən baş verib. Avtomobili Apti İrasxanov idarə edirmiş. O, Çeçenistan Daxili İşlər Nazirliyinin rəhbəri Aslan İrasxanovun qardaşı oğlu və Adam Kadırovun mühafizə xidmətinin rəhbəridir. Maşında daha iki mühafizəçi də olub və onlar da xəstəxanaya yerləşdiriliblər.
İrasxanovun boyun fəqərəsində sınıq, digər mühafizəçilərdə isə beyin silkələnməsi, əzilmələr və kəsiklər qeydə alınıb.
Kavkaz.Realii mənbələrinin sözlərinə görə, xəstəxanaya gətirilən 18–20 nəfərin əksəriyyəti Adam Kadırovun kortejində olan şəxslər idi. Onların heç birində ciddi xəsarət olmayıb və səhər saatlarına qədər hamısı xəstəxananı tərk edib.
“VÇK-OGPU” layihəsi isə bildirir ki, Moskvaya aparılan Adam Kadırov hazırda Botkin xəstəxanasındadır.
Rusiya mediasında qəzanın gizlədilməsi ilə bağlı xəbərlər yayıldığı bir vaxtda, Ramzan Kadırovun Telegram kanalında Adam Kadırovun guya təhlükəsizlik strukturlarının komandirləri ilə müşavirə keçirdiyini və ona növbəti medalın təqdim olunduğunu göstərən video paylaşılıb. Sonradan məlum olub ki, bu video əvvəldən çəkilmiş “konserv” materialdır.
2007-ci ildə anadan olan Adam Kadırov 2024-cü ilin noyabrında 18 yaşına çatıb. Rəsmi dövlət vəzifəsi daşımamasına baxmayaraq, o, təhlükəsizlik strukturları və şəxsi mühafizə sistemi ilə sıx əlaqəli fiqur kimi təqdim olunur. Müşahidəçilərin fikrincə, Adam Kadırovun güc strukturlarına yaxınlığı onun qeyri-rəsmi təsir imkanlarına malik olduğunu göstərir.
Media məlumatlarına görə, Adam Kadırov yeniyetmə yaşlarında Çeçenistan və Rusiya Federasiyasının müxtəlif regionları tərəfindən verilmiş orden və medallarla, eləcə də təhlükəsizlik və dövlətçilik mövzusunda fəxri adlarla təltif olunub. Siyasi analitiklər bildirirlər ki, Adam Kadırovun ətrafında formalaşdırılan simvolik status və təhlükəsizlik infrastrukturu hakimiyyətin ailədaxili ötürülməsi ehtimalını gündəmə gətirir. Ekspertlərin qiymətləndirməsinə görə, o, mərhələli şəkildə Ramzan Kadırovun mümkün varisi kimi ictimai rəyə təqdim olunur.
Bununla yanaşı, Adam Kadırovun adı bir sıra ictimai və hüquqi mübahisələrdə də hallanıb. Xüsusilə 2023-cü ildə onun iştirakı ilə yayılan fiziki zorakılıq görüntüləri geniş rezonans doğurmuş, lakin hadisə Rusiya hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymətləndirmə almamışdı.






Şərhlər