
Dünya mətbuatında dolaşan ən populyar (reytinqli) yazıların məzmununa diqqət yetirsək, tərəddüd etmədən deyə bilərik ki, onların ən azı 60-70 faizi müharibə, münaqişə və qalmaqal xarakterli hadisələrə həsr olunub. Əlbəttə ki, dünyaya zorla sırınan mövcud vəziyyət təsadüfi deyil. Qlobal tendensiyaları müəyyən edən hansısa “nəhəng” qüvvə istəyir ki, müasir insan müxtəlif proseslərə və dünyaya məhz münaqişə eynəyi ilə baxsın. Gözlərini yumub ucuz reytinq arxasınca qaçan və qlobal sənayeyə çevrilmiş mətbuat isə öz “passiv” tövsiyələri ilə analoji tendensiyaları, sadəcə, geridönməz səviyyəyə qədər inkişaf etdirib. Odur ki, “sülh” və “müharibə” kimi məfhumları artıq siyasi müstəvidən daha çox, iqtisadi münasibətlərin təzahürü kimi təsvir etmək daha dəqiq olardı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Sülh vərdişini itirmiş dünya” sərlövhəli yazısında yer alıb.
Yazıda, həmçinin bildirilir: “Dünya mətbuatının hətta ən bəsit monitorinqi deməyə əsas verir ki, “sülh” artıq reytinq qazandırmadığı üçün populyar mövzular sırasından çıxarılıb. Sanki müasir dünya sülhün yox, məhz müharibələrin izinə düşüb. Müharibə qazandırır, təzyiq etmək üçün şərait yaradır, konkret ölkə və regionların inkişafını dayandırır, yeni qalmaqallara səbəb olur, eyni zamanda, münaqişə mühitində təhdid əsas beynəlxalq dilə çevrilir. Mövcud vəziyyət o səviyyə qədər inkişaf edib ki, hətta Donald Tramp bütün istək və səylərinə rəğmən, Nobel Sülh Mükafatına layiq görülmədi. Əvəzində isə sözügedən mükafata bəlli olmayan “sülh” naminə amorf mübarizəni tərənnüm edən şəxs layiq görüldü. Yəni sülh naminə konkret münaqişələri dayandırmaq istəyən yox, məhz cəmiyyətin parçalanmasına xidmət edən ideoloji mübarizənin təşviqatı ilə məşğul olan tərəf bu mükafata layiq görülüb. Razılaşın ki, düşünməyə dəyən mülahizədir.Həqiqətən də qəribə reallıqda yaşayırıq. Təəccüblü deyil ki, “sülh” artıq maraqlı hadisə hesab olunmur. Bizə zorla inandırmaq istəyirlər ki, “sülh” sanki bir nağıldır, müasir və qocaman dünya isə artıq böyüyüb və nağıllara inanmır”.
Yazıda qeyd olunur ki, yalnız nüfuzlu, tənqid və təzyiqlərdən qorxmayan, konkret münaqişədə qalib gəlmiş iradəli siyasətçi bu cür qorxulu tendensiyaların qarşısını ala bilər. Prezident İlham Əliyevin fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması faktı dediklərimizin bariz sübutudur. Dünyanın siyasi elitası sanki iki düşərgəyə bölünüb: qazanc və siyasi nüfuz naminə müharibə mühitini təşviq edən tərəf və xalqların davamlı inkişafını təmin edə biləcək dayanıqlı sülhü tərənnüm edən düşərgə.
Əbu-Dabidə baş verən möhtəşəm hadisələri və bir sıra liderlərin məsələ ilə bağlı çıxışlarını, habelə sülh və ədalət naminə tarixi Qələbəyə nail olmuş dövlət başçısı olmasını nəzərə alaraq əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bu gün həmin sülh düşərgəsinin simasına çevrilmişdir. Məhz apardığı siyasətin nəticəsində zamanında hətta təsəvvür etmək belə mümkün olmayan sülh bu gün regionumuzun reallığına çevrilib.
Diqqət yetirin, açıq münaqişə şəraitində yaşamış Azərbaycan və Ermənistan kimi dövlətlərin rəhbərlərinin istənilən beynəlxalq platforma çərçivəsindəki görüşləri cəmi bir neçə il öncə dünya mətbuatının səhifələrində sensasiyalı hadisə kimi tirajlanardı. Bu hadisənin üzərindən qərəzli manipulyasiyalar aparılırdı və yanan ocağı daha da alovlandırmaq üçün saxta vasitəçilik xidmətlərini təklif edən spekulyantlar da xüsusi canfəşanlıq göstərirdilər. Regionumuzda geostrateji maraqları olan dövlətlərin çoxbilmişləri isə məsələ ilə bağlı yüzlərlə, bəlkə də minlərlə şərh verirdi. Səsləndirilən interpretasiyaların mütləq əksəriyyəti isə hadisədən yeni beynəlxalq qalmaqal yaratmaq üçün istifadə olunurdu.
Əlbəttə ki, illər ərzində müşahidə etməyə məcbur olduğumuz oxşar vəziyyət vasitəçilərin münaqişə şəraitində yaşayan xalqlara kömək etmək istəyindən qaynaqlanmırdı. İnformasiya manipulyasiyalarının strateji təyinatı regionda münaqişə rejiminin dondurulub saxlanılması və regiona təsir etmək alətlərinin artırılması idi. Ötən otuz il ərzində yaşanmışlar qeyd olunan mülahizənin doğruluğunu sübut edir.
Nədənsə Qələbənin nəticəsində qazanılmış sülh, həmçinin Prezident İlham Əliyevin sülh mesajları yuxarıda qeyd etdiyimiz çoxbilmişlər tərəfindən keçmişdə nümayiş olunan coşqu ilə qarşılanmadı. Bu mənada fevralın 4-də Prezident İlham Əliyevin Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla təşkil olunmuş görüşünün mətbuatdan bizə bəlli olan bəzi təfərrüatlarına diqqət yetirək. Belə ki, sözügedən görüşün nəticəsində tərəflər aşağıdakı məsələləri bəyan etmişdir: “Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyi”, “hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqları”, “iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səylərin davam etdirilməsi” və s. Bu cür yanaşma və bu cür ritorika hər iki xalqın regionda dayanıqlı sülh ilə bağlı olan ümidlərini artırır.
Kontekstin inkişafında Əbu-Dabidə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş başqa bir fikri də qeyd edək: “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik”. Bəli, dövlətimizin başçısı tərəfindən “öyrənirik” ifadəsi təsadüfi istifadə olunmayıb. Dünya və konkret olaraq bizim regionumuz “sülh” ilə bağlı olan vərdişləri itirib. Bizi davamlı olaraq alışdırırdılar ki, münaqişə regionumuzun taleyidir. Sanki münaqişə bizim təbii vəziyyətimizdir. Tarixi Qələbəmiz sülhə olan inamı xalqımıza təkrar qaytardı. Görünən odur ki, “sülhü” təkcə bizim ölkələrimiz yox, bütün dünya yenidən öyrənməlidir.






Şərhlər