
Ermənistanın sabiq əmək və sosial məsələlər naziri, “Yaşamaq üçün ölkə” partiyasının həmtəsisçisi Mesrop Tandilyan Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarından qorxuya düşüb.
Reportyor.tv xəbər verir ki, o, sosial şəbəkə paylaşımında Bakıda saxlanılan erməni əsilli şəxslərlə bağlı səsləndirilən fikirləri “hate-speech” kimi təqdim etməyə çalışıb.
Tandilyan iddia edib ki, Azərbaycan rəhbərliyinin açıqlamaları guya Qarabağ ermənilərinə qarşı “cinayətləri örtmək” məqsədi daşıyır. Eyni zamanda o, rəsmi İrəvanın mövqeyini “utancverici sükut” adlandıraraq Paşinyan hakimiyyətini passivlikdə ittiham edib.
Lakin müşahidəçilər hesab edir ki, Ermənistan daxilində yaranan bu isterik reaksiyanın əsas səbəbi başqa məqamdır. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi fonunda artıq Ermənistan müxalifəti və revanşist dairələr Bakıda saxlanılan şəxslərin – Xocalı cinayətlərində ittiham olunanların geri qaytarılması ilə bağlı ümidlərini faktiki itiriblər. Bu səbəbdən məsələni humanitar yox, siyasi alətə çevirməyə başlayıblar.
Belə ki, müxalifət bu mövzudan həm də Paşinyana qarşı daxili siyasi təzyiq kimi istifadə etməyə çalışır, saxlanılan şəxslərin taleyi üzərindən manipulyasiya aparır. Analitiklərə görə, onların əsas hədəfi real qayğı deyil, daxili siyasi mübarizədir və bu mövzu Ermənistanın daxili gündəmində növbəti siyasi oyun predmetinə çevrilib.
Beləliklə, məsələ Bakı-İrəvan polemikasından daha çox Ermənistan daxilində hakimiyyət-müxalifət qarşıdurmasının yeni mərhələsinə çevrilir və Prezident İlham Əliyevin sərt mövqeyi fonunda revanşist dairələrdə açıq narahatlıq müşahidə olunur.
Musavat.com





Şərhlər