
Son aylarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ilə bağlı ictimai müzakirələr kəskin şəkildə artıb. Sosial mediada və bəzi KİV-lərdə tənqid olunur ki, belə bir mürəkkəb ictimai-siyasi dönəmdə, ölkədə yüksək səviyyəli məmurlar və ictimai xadimlər barəsində ciddi ittihamlar irəli sürülən bir vaxtda Həbibbəyli hələ də vəzifəsində qalır. Onun Ramiz Mehdiyevlə münasibətləri, “Ramiz müəllim” deyərək az qala təzim etməsi və keçmiş dövlət məmuruna qarşı sədr kimi sərt tədbirlər görməməsi bu sualları daha da aktuallaşdırıb. Ən mühümü isə Ramiz Mehdiyevin hələ də AMEA-nın həqiqi üzvü kimi saxlanılması ciddi müzakirələrə səbəb olub.
Bu narahatlıqlar fonunda Ramiz Mehdiyevə qarşı irəli sürülmüş ittihamlar – dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma – ictimaiyyətdə böyük rezonans doğurub. İsa Həbibbəylinin isə bütün bunlara göz yumması, susqunluğu ictimaiyyətdə əsaslı narazılığa səbəb olub.
Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Bu məsələdə kiminsə vəzifədən azad olunması, həmin vəzifədə qalması, o cümlədən İsa Həbibbəylinin AMEA prezidenti kimi fəaliyyət göstərməsi mürəkkəb məsələdir. İsa Həbibbəylinin Ramiz Mehdiyevə isti münasibəti də bir qədər mürəkkəb məsələdir. Çünki biz hər kəsə istədiyimiz münasibəti göstərə bilirik. Özümüzün bir təsəvvürü var, yaxşıdır, pisdir, uyğundur, uyğun deyil. O ki qaldı Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvü kimi qalmasına, bu, iki halda mümkündür: Birincisi, hansısa fövqəladə hadisə baş verməlidir ki, qərar qəbul edilsin. İkincisi isə AMEA-nın nizamnaməsinə uyğun olaraq, akademiklərin müxbir üzvlər haqqında təlimatına uyğun olaraq, akademiklərin ümumi yığıncağı keçirilməli və həmin yığıncaqda müvafiq qərar qəbul olunmalıdır. Yəni həmin mexanizm olmadan kimisə mexaniki şəkildə akademik adından məhrum etmək çətin məsələdir. Əgər kimsə hesab edirsə ki, Ramiz Mehdiyev akademik adına layiqdir, özü bilər. Şəxsən mən hesab edirəm ki, onun akademik adını daşıması həqiqi elm adamlarına qarşı istehzadır, ironiyadır.
Təəssüf ki, son illərdə bu cür akademiklərin sayı çoxalıb. Eyni tendensiya bəzi professor və digər elm təmsilçiləri ilə bağlı da hiss olunur. Bu isə cəmiyyət üçün ciddi problemlərdən biridir. Cəmiyyətin sağlamlaşması üçün elm sahəsində, təhsildə, idarəçilikdə və digər istiqamətlərdə daha prinsipial, şəffaf və obyektiv addımlar atılmalıdır”.
Sabiq deputat Etibar Əliyev də mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“İsa Həbibbəylinin çıxmasına AMEA Rəyasət Heyəti cavabdehlik daşıyır. Bu, onların qərarı əsasında ola bilər. Niyə təkid edirlər ki, filankəs vəzifədən getməlidir. Mən şahidiyəm ki, İsa Həbibbəyli ilə Ramiz Mehdiyevin münasibətləri normal olmayıb. Onu hətta vəzifəsindən də kənarlaşdırmışdı. Onun həmin vəzifədə qalmasına akademiklər və akademiyanın müxbir üzvləri münasibət bildirməlidirlər. Əgər münasibət bildirmirlərsə, deməli, İsa müəllimin fəaliyyəti onları qane edir. İsa Həbibbəyli ilə 5 il parlamentdə həmkar olmuşuq, ondan sonra rastlaşmamışam. Fikrimcə, İsa Həbibbəyli fərqli idarəetmə metodu ilə işləyir. Əgər biz Akif Əlizadənin idarəçiliyi ilə, Ramiz Mehdiyevin idarəçiliyi ilə müqayisə etsək, İsa Həbibbəylinin idarəçilyini onlardan üstün hesab edirəm.
Digər tərəfdən, Elmlər Akademiyası bütöv formatda fəaliyyət göstərmir. Akademiyanın institutlarının böyük əksəriyyəti Elm və Təhsil Nazirliyinə tabe edilib. Yerdə bir neçə institut qalıb, onların da məsələyə müdaxilə etmək ixtiyarları yoxdur. İsa Həbibbəyli də öz çıxışında dedi ki, Ramiz Mehdiyevi istintaqdan sonra Akademiyanın həqiqi üzvlüyündən azad edəcəklər. Sadəcə bəzi proseslər olmalıdır, burada İsa Həbibbəylidən asılı olmayan məsələlər var”.






Şərhlər