Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Yeni nazir Rəşad İsmayılovdan gözləntilər:Xəqani İsmayılovun toxunulmazlıq statusuna son qoyulacaqmı
Yeni nazir Rəşad İsmayılovdan gözləntilər:Xəqani İsmayılovun toxunulmazlıq statusuna son qoyulacaqmı

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad İsmayılovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbər təyin olunması ictimaiyyətdə yeni mərhələ gözləntiləri yaradıb. Lakin nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda illərdir səslənən şikayətlər və adı müxtəlif qalmaqallarda hallanan şəxslərlə bağlı iddialar göstərir ki, qarşıda duran mənzərə təkcə idarəetmə deyil, həm də hüquqi və etik məsuliyyət məsələsidir.


“Azərbaycan Yaşıllaşdırma və Landştaft Quruluşu” ASC-nin nəzdindəki Suvarma sistemlərinin istismarı və təmiri idarəsində adı hallanan Xəqani İsmayılov barəsində mediada yayılan şikayətlərin uzun müddətdir davam etməsi artıq təsadüfi narazılıq deyil, sistemli problem görüntüsü yaradır. İddialara görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə iki epizodda onun adı keçir. Bu fakt özü-özlüyündə hüquqi hökm olmasa da, dövlət idarəçiliyində reputasiya risklərinin ciddi araşdırılmasını zəruri edir. Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun əsas prinsiplərindən biri dövlət orqanlarında şəffaflıq və maraqlar toqquşmasının qarşısının alınmasıdır. Eyni zamanda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna əsasən, dövlət qulluqçuları:vəzifə səlahiyyətlərindən şəxsi münasibətlər üçün istifadə etməməli, rəhbərlik qərarlarına təsir edə biləcək qeyri-rəsmi əlaqələrdən çəkinməli, ictimai etimadı sarsıda biləcək hallardan uzaq durmalıdırlar. Məhz bu baxımdan Xəqani İsmayılovun nazirlikdə müəyyən şəxslər tərəfindən himayə olunduğu, rayon səfərlərində yüksək vəzifəli şəxslərlə qeyri-rəsmi şəkildə birlikdə iştirak etdiyi barədə iddialar hüquqi yoxlamanı zəruri edən suallar doğurur. Burada artıq təkcə etik məsələ deyil, mümkün maraqlar toqquşması və xidməti səlahiyyətlərdən sui-istifadə ehtimalı gündəmə gəlir.


Muxtar Babayev dövründə verilən tapşırıq – niyə yarımçıq qaldı?


Məlumatlara görə, əvvəlki nazir Muxtar Babayev şikayətlər fonunda Xəqani İsmayılovun işdən çıxarılmasını tapşırmışdı. Bu, əslində rəhbərlik səviyyəsində narahatlığın mövcud olduğunu göstərir. Əvvəlki nazir Muxtar Babayev tərəfindən onun işdən uzaqlaşdırılması istiqamətində göstəriş verildikdən dərhal sonra Xəqani İsmayılov “xəstəlik” səbəbi ilə əmək qabiliyyətsizlik vərəqəsi – bülleten götürərək işdən kənarda qalıb. Xəqani İsmayılovun bülletenə çıxması, “vaxt udma taktikası” nəticəsində planlaşdırılan qərar icra olunmayıb, sonradan nazirlikdə baş verən rəhbərlik dəyişiklikləri onun vəzifədə qalmasına şərait yaradıb və həmin qərarın icrasını faktiki olaraq dayandırıb. Burada fundamental sual yaranır. Əgər şikayətlər əsassız idisə, niyə vəzifədən uzaqlaşdırılma məsələsi gündəmə gətirilmişdi? Yox, əgər əsaslı idisə, niyə proses sonadək aparılmadı? Bu suallar cavabsız qaldıqca nazirlikdə qərarların şəffaflıqla deyil, şəxsi təsirlərlə formalaşdığına dair şübhələr güclənir. Redaksiyalara daxil olan məlumatlar göstərir ki, bəzi vəzifəli şəxslər illərlə şikayətlərə baxmayaraq postlarını qoruyub saxlayırlar. Bu isə dövlət qurumlarında geniş yayılmış “toxunulmazlıq sindromu” təsəvvürünü gücləndirir. Ən təhlükəli məqam ondan ibarətdir ki, belə hallarda məsuliyyət fərdi olmur — nəticədə bütün sistemin nüfuzu zərər görür. Dövlət başçısının son illər həyata keçirdiyi struktur islahatları fonunda köhnə idarəçilik yanaşmalarının qalması islahatların məntiqinə zidd görünür. Nazirlik daxilində bu məsələ ətrafında müəyyən addımlar atılmadıqca, nazirlikdə şəffaflığın yalnız kağız üzərində olduğu təəssüratı güclənəcək.


Yeni nazir üçün ilk ciddi imtahan


Rəşad İsmayılovun qarşısında duran əsas sual budur. Əvvəlki dövrdən qalma mübahisəli fiqurlarla bağlı real araşdırma aparılacaqmı, yoxsa status-kvo qorunacaq?


Bu gün ictimaiyyət konkret addımlar gözləyir — şəxsi münasibətlərə yox, hüquqi normalara əsaslanan idarəetmə. Əks halda, nazirliyin daxilində illərlə səslənən şikayətlər sadəcə ad dəyişiklikləri fonunda davam edəcək və islahatlara olan inam daha da sarsılacaq.


Ekologiya və təbii sərvətlər ölkənin strateji sahəsidir. Bu sahədə idarəçilik şəffaf və qanunlara tam uyğun olmalıdır. Əgər bir məmur haqqında illərlə müxtəlif dairələrdə şikayətlər səslənirsə, adı cinayət işlərinin epizodlarında hallanırsa və onun yüksək səviyyədə himayə olunduğu barədə iddialar dolaşırsa — bu artıq sadə kadr məsələsi deyil, nazirlik daxilində idarəçiliyinin etibarlılığı məsələsidir. Yeni rəhbərlik üçün real seçim budur: ya köhnə problemlərin üzərinə gedib hüquqi aydınlıq yaratmaq, ya da sualların kölgəsində qalmaq.(aktualinfo.net)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti