Gülsüm xanım, sizi tanıyanlar fəaliyyətinizin arxasında uzun illərin zəhmətini görür. Gəlin, əvvəldən başlayaq – bu sahəyə gəlişiniz necə oldu?
--Mən bu sahəyə sevgi ilə gəldim. Heç vaxt planlı şəkildə “kosmetoloq olacam” deməmişdim, amma zamanla gördüm ki, insanlara toxunmaq, onlara özlərini daha güvənli hiss etdirmək, mənim üçün təkcə peşə deyil, həyat missiyasıdır. Amma içimdə böyük bir inam vardı – həm özümə, həm də qadınlara verdiyim dəyərə.
Hazırda neçə klinikanız və fəaliyyət istiqamətiniz var? Hansı sahədə özünüzü daha güclü və təsirli hiss edirsiniz?
--Hazırda iki əsas istiqamətdə fəaliyyət göstərirəm – biri estetik klinikalarım, digəri isə psixoloji mərkəzimizdir. Kosmetologiya mənim əsas sahəmdir, amma son illərdə gördüm ki, qadınlara yalnız xarici dəstək yox, daxili güc də lazımdır. Ona görə psixoloji dəstək sahəsinə də girib güclü bir komanda qurduq. Daxili gözəlliklə xarici gözəlliyi birləşdirmək istəyirəm
Son dövrlər sosial mediada və bəzi dairələrdə sizinlə bağlı neqativ fikirlər yayıldı. Bu hadisələr sizin üçün necə keçdi və sizcə bu anti-reklam kim(lər)in marağında idi?
--Bu dövr mənim üçün çox ağır oldu. Hətta müəyyən anlarda nəfəs almaqda çətinlik çəkirdim. Hər şeyə rəğmən susdum. Bəzi insanlar mənim sakitliyimi zəiflik hesab etdi, amma mən əminəm ki, doğru olan gec də olsa qalib gəlir. Mənə qarşı deyilənlərin çoxu qərəzli idi – ya uğurumu həzm edə bilməyənlər, ya da məni keçmək üçün yollar axtaranlar tərəfindən yayıldı. Amma hər kəsin bir Allahı var.
Sizinlə bağlı yaradılmış bu mənfi imiclərin gerçəkliyə nə dərəcədə aidiyyəti var? Öz tərəfinizdən bu hadisələrə necə reaksiya verdiniz?
--Səsləndirilən iddiaların çoxu həqiqətlə uyğun gəlmirdi. Mənim üçün önəmli olan Allahın və vicdanımın şahidliyidir. Hər kəsə cavab vermək istəsəm, işimi görə bilməzdim. Mən sakit qalmağı seçdim – çünki bu sahədə illərlə çalışaraq qazandığım adın bir-iki statusla yox olmayacağına inanıram. Mən işimlə cavab verirəm.
Peşəkar fəaliyyətinizlə bağlı sizcə ən böyük uğurunuz nədir? Və ya sizi bu yolda saxlayan əsas motivasiya nə olub?
--Ən böyük uğurum – insanların mənə “sənin sayəndə güldüm, özümə qayıtdım” deməsidir. Pul, şöhrət, pasient sayı – bunlar ötəridir. Amma kiminsə həyatına toxunmaq, onu dəyişmək – bu əvəzolunmazdır. Məni bu yolda saxlayan – o insanların gözündəki inamdır.
Psixoloji baxımdan bu çətin dövrdən keçmək sizə asan olmayıb yəqin. Özünüzü necə toparladınız? Hansı yollarla gücləndiniz?
Çox çətin idi. Gecələr yatmamışam, səhərlər özümü toparlayıb yenə insanlara gülümsəmişəm. Amma bir anda dedim: “Əgər bu qədər insan məni yıxmaq istəyirsə, deməli mən yüksəlmişəm.” Mən dua ilə, dəstəklə və ən çox da övladlarımı düşünərək ayaqda qaldım.
Bəzi insanlar düşünür ki, gözəllik sahəsində uğur ancaq reklamla gəlir. Sizcə müştəri etibarı və keyfiyyət bu işdə nə qədər rol oynayır?
--Reklamla insanı cəlb edə bilərsən, amma müştərinin qəlbində yer almaq üçün keyfiyyət və etibar lazımdır. Mən illərlə bir neçə müştəri sayəsində yüzlərlə insanla tanış olmuşam. Söz-söhbət keçir, amma əllə görülən iş, dürüst yanaşma qalır.
Yeni planlarınız və gələcəklə bağlı hədəfləriniz nələrdir? Həm özünüz, həm də komandalarınız üçün.
--Hazırda məqsədim – sistemi daha güvənli və sabit qurmaqdır. Təkcə biznes yox, həm də brend kimi ayaqda qalmaq. Komandama da deyirəm: “Bir hadisə sizi yıxmamalıdır. Biz burdayıq, gəlirik!” Tezliklə yeni formatlarda layihələrim olacaq – həm sosial, həm estetik sahədə.
Gənc kosmetoloqlara və bu sahədə yeni başlayanlara hansı tövsiyəniz olar?
--Özünüz olun. Qorxmayın. Hətta səhv edin – amma saxta olmayın. Müştəri bunu hiss edir. Bilik alın, təcrübə qazanın, amma heç vaxt kimisə təqlid etməyin. İnanın, bu işdə ürək varsa – yol açılır.
Bu müsahibə vasitəsilə sizə qarşı haqsızlıq edənlərə, sizi yanlış tanıyanlara nə demək istərdiniz?
--Mən sizə nifrət etmirəm. Sadəcə sizi Allaha buraxıram. Mən bu yolda dürüst getmişəm, səhvlərim də olub, öyrənmişəm də. Amma heç vaxt kiminsə haqqına girməmişəm. Məni tanımadan mühakimə edənlər bir gün susacaq. Həqiqət sonda qalib gələcək – mən inanıram.
Gülsüm Əliyeva – kosmetoloq, estetik sahədə mentor və qadın gücünün simvolu
1984-cü ildə Bakı şəhərində anadan olan Gülsüm Əliyeva uzun illərdir estetik tibb sahəsində fəaliyyət göstərir. Özünü yalnız kosmetoloq kimi deyil, qadınlara həm vizual, həm də psixoloji güc qazandıran bir yol yoldaşı kimi tanıdır.
Kosmetologiya sahəsində yerli və beynəlxalq təlimlərdə iştirak edərək ixtisasını daim təkmilləşdirən Gülsüm xanım Azərbaycanda öz brendini quraraq bir neçə klinikanın və bir psixoloji mərkəzin yaradıcısı olmuşdur. Onun rəhbərliyi altında fəaliyyət göstərən komandalar peşəkarlıq, etika və insana dəyər prinsipləri ilə seçilir.
Təkcə estetik deyil, həm də emosional dəstəyə ehtiyacı olan insanlara yönəlik yanaşması ilə fərqlənən Gülsüm xanım son illərdə “gözəllik yalnız üzlə ölçülmür” mesajını cəmiyyətə ötürür. O, qadınların daxili gücünü oyatmaq, çətinliklərə rəğmən ayaqda durmağın mümkünlüyünü öz şəxsi həyatı və fəaliyyəti ilə sübut edir.
Onun əsas hədəfi — estetik sahədə dürüstlük, şəffaflıq və keyfiyyətli xidmət mədəniyyətini formalaşdırmaq, eyni zamanda gənc mütəxəssislərə dəstək olmaqdır.
Fərqanə Əliyeva
