
Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı həbs oluna biləcəyindən narahatdır.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, Dubay hökmdar ailəsinin üzvlərindən olan keçmiş həyat yoldaşı onu üç azyaşlı qızlarını oğurlamaqda ittiham edərək yerli polisə şikayət edib.
2019-cu ildə boşandıqdan sonra Zeynəb Cavadlı keçmiş əri ilə ağır qəyyumluq davasına cəlb olunub. Son həftələrdə vəziyyət daha da gərginləşib, hər iki tərəf bir-birini uşaqları oğurlamaqda ittiham edir.
Cavadlı həmçinin "e-cinayətlər" - yəni onlayn qanun pozuntuları - səbəbilə də həbs riski ilə üz-üzədir. Çünki son qarşıdurma zamanı o, hadisəni canlı yayımla göstərib:
"Bilirdim ki, bu, uşaqlarımla olmaq üçün son şansım idi, çünki onlar mənə bir daha qızlarımı görməyə icazə verməyəcəkdilər. Həqiqətən bunun son şansım olduğuna inandım, buna görə də canlı yayımı açdım və kömək çağırışı etdim", - Cavadlı britaniyalı vəkilinə - Devid Heyə göndərdiyi video-müraciətdə deyib.
Xatırladaq ki, Şeyxin ikinci arvadı Əliyeva Natalya Müslüm qızı da əslən azərbaycanlı olub. Şeyx onunla Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə Zeynəb olub.









Şərhlər