Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Bakı Ermənistana daha bir qapı açır - mühüm anlaşma
Bakı Ermənistana daha bir qapı açır - mühüm anlaşma

Azərbaycan Rusiya məhsullarının da bu ölkəyə daxil olmasına icazə verməyə hazırdır - gözlənti

“Azərbaycan Rusiya məhsullarının Ermənistana daxil olmasına icazə verməyə hazır olduğunu açıqlayıb”.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“İki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının öz ərazisindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqlədi. Bu baxımdan biz də çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Eyni zamanda bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”, - Overçuk bildirib.

Beləcə, Bakı Ermənistana faktiki daha bir qapı açır. Bu, sülh müqaviləsi imzalanmasa da, Azərbaycanın etimad mühitini gücləndirmək yönündə qonşu ölkəyə etdiyi növbəti mühüm jestdir. Xatırladaq ki, az öncə Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan üzərindən Ermənistana daşınacağı məlum olmuşdu.

Bəs Rusiyadan daşınmalar konkret hansı marşrut üzrə həyata keçəcək? Bunun Ermənistan üçün əhəmiyyəti və Azərbaycanın götürəcəyi iqtisadi fayda nədən ibarətdir?

Ehtimal olunur ki, daşımalar əvvəlcə Rusiya-Dağıstan istiqamətindən Azərbaycana daxil olacaq, buradan isə dəmir yolu vasitəsilə Qazax-Tovuz-Gəncə xətti üzrə Gürcüstan və ya bilavasitə Ermənistan sərhədinə qədər aparılacaq. Bu marşrut həm məsafə, həm də xərclər baxımından daha sərfəlidir.

Qeyd olunur ki, əgər bu marşrut uğurla işə düşərsə, Ermənistan üçün həm iqtisadi tənəzzülün qarşısını almaq, həm də real əməkdaşlığa başlamaq fürsəti yaranacaq. Bunun isə sülh müqaviləsi perspektivlərinə də dolayısı ilə müsbət təsir göstərəcəyi gözlənilir.

İndi diqqətlər həm Rusiya Dəmir Yolları şirkətinə, həm də Azərbaycan və Ermənistanın nəqliyyat qurumlarının atacağı növbəti addımlara yönəlib. Görünən odur ki, regionda yeni bir iqtisadi reallıq formalaşır, bu reallıqda Bakı yenə də proseslərin mərkəzində dayanır.

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, regionda etibarlı sülhün yaranması üçün addımlardan biri kommunikasiya düyünülərinin açılmasıdır: “Azərbaycan bu istiqamətdə artıq ciddi addımlar atmağa başlayıb. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına icazə verilməsi Azərbaycan hökumətinin bu regionda sülh üçün hamıdan çox maraqlı olmasının göstəricisidir. Biz regionda sülhə, əminamanlığa köklənmiş bir ölkəyik. Çox təəssüflər olsun ki, Ermənistanda mövcud olan separatçı toplum bu gün də sülhü pozmaq üçün əlindən gələni etməkdədir. Lakin görünən budur ki, Paşinyan hakimiyyətinin ətrafında birləşən elektorat Ermənistanda böyük əksəriyyəti təşkil edir. Belə olmasaydı, Paşinyanın partiyasının 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra yenidən seçkilərdə qalib gəlməsi mümkün olmazdı”.

Fikrət Yusifovun fikrincə, yolların açılması ilk növbədə regionda siyasi sabitliyin bərpasına xidmət edəcək, eyni zamanda regionun iqtisadiyyatının inkişafında yeni bir mərhəllə başlayacaqdır: “Sağlam düşünən ermənilər indi bunun fərqindədilər. Onlar sanki indi ayılıb Ermənistana vaxtılə rəhbərlik etmiş köçəryanlardan, sərkisyanlardan soruşurlar ki, siz bu günü nədən görə bilmədiniz, öz hakimiyyətinizin ömrünü uzatmaq üçün on minlərlə erməninin ölümünə və yaşayış yerlərindən didərgin düşməsinə şərait yaratdınız?

Bu sülhün son nöqtəsi Qarabağ torpaqlarımızda hərbi cinayət törətmiş canilərin Azərbaycana təhvil verilməsindən sonra qoyulacaq. O günə də çox qalmayıb. Ermənistandakı başıpozuq separatçı cinayətkar dəstə bu gün Paşinyan hakimiyyətinə lazım deyil. Onların yeri Azərbaycan türmələrində ömürlük həbs cəzası altında olacaqları kameralardadır...

Yolların açılmasının iqtisadi səmərəsinə gəlincə, bir ölkənin ərazisindən daşınan bütün beynəlxalq yüklər üçün müəyyən olunmuş tariflər əsasında ödənişlər həyata keçirilir. Yük dövriyyəsinin artması isə həmin ölkənin dəmir yollarında qazancın çoxalmasına, və dövlətin büdcəsinin gəlirlərinin artmasına gətirib çıxarır".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti