“Bölgələrimizdə aktiv küləyin normadan artıq olması ziyandır”
Azərbaycanda havalar aprelin 8-dən etibarən təzədən soyumağa başlayıb. Ölkədə şimal və qərb rayonlarından başlayaraq, 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Yaz fəslində, ağacların çiçəkləndiyi və tozlanmanın başladığı dövrdə havaların təzədən kəskin soyuması kənd təsərrüfatında məhsuldarlığa neqativ təsir edə bilərmi?

Rəcəb Orucov
Naxçıvan MR-in keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Yeni Müsavat”a açıqlamasında deyib ki, havaların soyuması və yağıntıların artması lokal xarakter daşıyır. Onun sözlərinə görə, ölkənin bölgələrində iqlimlə bağlı vəziyyət eyni deyil: “Bəzi bölgələrimizdə aktiv küləyin normadan artıq olması bir az ziyandır. Bu, meyvə ağaclarının tozlanmasında problem yaradır və mayalanmış meyvə yataqlarının tökülməsinə səbəb olur. Ümumilikdə isə hava şəraiti o qədər də əlverişsiz deyil. Çox da katastrofik vəziyyət yoxdur. Havanın temperaturu mövsümə xarakterikdir”.
Ekspertin sözlərinə görə, tərəvəz bitkiləri hələ tarlalara köçürülməyib: “Yaz əkinlərinin səpinləri başlayır, hava şəraiti onlara da ciddi fəsad yaratmır. Külək taxıl sahələrinin sulanan hissələrində yatma ehtimallarını artırır. Bu isə qismən stress yaradır. Beləliklə, iqlim şəraitinin kənd təsərrüfatına o qədər də köklü təsiri yoxdur. Mərkəzi aran bölgəsində meyvə ağaclarında tozlanma mərhələsi artıq başa çatıb. Ölkənin meyvəçilik təminatında əsas rolu şimal bölgəmiz oynayır. Soyuq hava oraya qismən təsir edə bilər. Çünki çarpaz tozlanan bitkilər üçün küləkli hava əraitinin olması bir az müsbət haldır.Çünki tozlanmanın aktivliyini artırır. Lakin bu, normanı keçəndə bir az problem yaradır".
Mütəxəssis bildirib ki, meyvələrin qiymət artımı, istehlak bazarındakı ümumi vəziyyət iqlim şərtləri ilə bağlı deyil: “Bu məsələlər qismən təsir edə bilər. Lakin total təsir müşahidə olunmur. Bu, tələb və təklif arasında olan məsələlərdir. Son illər ölkədə quraq hava şəraiti davam edirdi. Bu il, nəhayət ki, qar yağdı və torpaqlarımızın nəm ehtiyatı artdı. Bunun çox xeyri oldu. Məsələn, dəmyə əkinçiliyində suya olan tələbat asanlıqla ödənildi. Yaz əkinlərində torpaq-hazırlıq işlərində də öz bəhrəsini verdi. Payızlıq taxılların monitorinqi keçiriləndə hiss olunur ki, fevral-mart ayında düşən qar və yağışların olduqca müsbət təsiri olub. Düşünürəm ki, məhsuldarlıq baxımından uğurlu il olacaq".

Xaliq Məmmədov
İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədovun sözlərinə görə, yağışın miqdarı və küləyin sürəti normadan artıq olarsa, bu, çiçəkli bitkilərin mayalanma prosesinə mənfi təsir göstərir: "Çıxış yolu ondan ibarətdir ki, fermerlər tozlanmanı sürətləndirmək üçün maye gübrələrdən istifadə etsinlər. Bu il qarın yağması və rütubətin kifayət qədər olması bitkilərin cücərməsinə və məhsuldarlığa çox yaxşı təsir göstərir. Lakin məhsuldarlıq təkcə yağış və qarın olmasından asılı deyil. Əkinə aqrokimyəvi qulluq lazımdır. Gübrələmə və dərmanlama çox vacibdir.
Ölkəmizdə ən maraqlı sahə dənli bitkilərin əkinləridir. Keçən il dənli bitkilərin, məsələn, buğdanın, arpanın, dənlik qarğıdalının satış qiyməti aşağı olub. Ona görə də fermerlərimiz müəyyən qədər çətinliklə rastlaşdılar. Bu səbəbdən əkin sahələri bir qədər azalıb. Bu il əkinə qulluq yaxşı olarsa, narahat olmağa heç bir əsas yoxdur. Hər şey fermerin maarifləndirilməsindən, fermerlərlə təchizatçı şirkətlər arasındakı əlaqədən asılıdır. Kənd Təsərrüaftı Nazirliyi bilgiləndirməyə çox fikir verməlidir. Özəl sektorla dövlət birləşib özünü göstərmək lazımdır. Bir hektar bağın salınmasına 20-40 min vəsait sərf olunur. Deməli, yaxşı məhsuldarlıq əldə etmək lazımdır ki, qoyulan investisiya geri dönsün. Müasir texnologiyadan, gübrələmədən və dərmanlamadan istifadə etməyən fermer məhsul götürə bilərmi? Ona görə də hər şey aqrotexniki qulluqdan asılıdır".
Xatırladaq ki, 2024-cü ilin erkən yaz aylarından başlayaraq, bütün ölkə ərazisində qeydə alınan yağışlı, küləkli hava şəraiti meyvə istehsalına ağır zərbə vurmuşdu. Bu, ötən il meyvələrin qiymətində ciddi artımlara səbəb oldu. Xüsusilə gilas, albalı və digər giləmeyvələrdə qiymət artımı daha yüksək idi. Yağıntıların yay aylarında da davam etməsi isə payızlıq meyvələrin məhsuldarlığını kəskin aşağı saldı. Nəticədə ölkəyə meyvə idxalında ciddi artım baş verib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2024-cü ildə Azərbaycana erkən meyvə və giləmeyvələrdən 2687,13 ton ərik (Özbəkistan, Tacikistan və Türkiyədən), 966,43 ton təzə turş albalı (İran, Qırğızıstan), 104,18 ton Təzə albalı və gilas, digərləri (Özbəkistan, Çili, Argentina, İran və Türkiyə), 295,52 ton nektarinlər daxil olmaqla təzə şaftalı (Türkiyə, İran, Rusiya və sair) idxal edilib.