[media=]2025-ci ilin 3 aprel tarixindən etibarən Əcəmi metro stansiyasının yaxınlığında baş verənlər, artıq sadəcə qanunsuz tikinti deyil – bu, dövlətə, qanuna və xalqa açıq şəkildə meydan oxumaqdır. “Şəki” restoranının sahibi Etibar adlı şəxs, Prezidentin tikintilərlə bağlı verdiyi qadağanı ayaq altına alaraq, ərazidə ağacları kəsdirib, ticarət obyektinin – "MALL" adlı böyük obyektin – inşasına başlayıb.
Ən dəhşətlisi isə odur ki, bu şəxsin arxasında yüksək vəzifəli Çinli məmurun dayanması iddia edilir. Bu fakt isə açıq şəkildə göstərir ki, bəzi adamlar ölkə rəhbərinin imzaladığı sənədi bir kağız parçası qədər də saymır. Cəzasızlıq və himayə o dərəcədə güclüdür ki, ərazidə 20-yə yaxın ağac qırılıb, altından metro keçən təhlükəli zonada, gecə saatlarında gizli işlər görülür.
Bakunews.az-ın 5 və 6 aprel tarixlərində apardığı çəkilişlər zamanı bütün qanunsuzluqlar kameralarımıza tuş gəldi. Gecə saatlarında işlərin sürətlə aparılması, ərazidə təhlükəsizlik tədbirlərinin olmaması və bütün bunlara yerli icra hakimiyyətinin susqun qalması onu göstərir ki, bu əməliyyatlar ya bilərəkdən görməzdən gəlinir, ya da qorxudan heç kim səsini çıxarmaq istəmir.
Xatırladaq ki, 2023-cü ilin sonunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayonlara göndərilən rəsmi məktubda tikintilərin dərhal dayandırılması əmr olunmuşdu. Lakin bu gün paytaxtın göbəyində həmin əmr bərabərsiz şəkildə pozulur. Belə çıxır ki, Bakıdakı tikinti qanunları artıq “pulun qanunları” ilə əvəzlənib.
Nəsimi Rayon İcra Hakimiyyəti isə məsələ ilə bağlı tam səssizdir. Sual yaranır: bu boyda qanunsuzluğa necə göz yumulur? Prezidentin sərəncamı bu qədər dəyərsizdirsə, onda ölkədə hüquqdan danışmaq nə qədər mümkündür?
Bakunews.az olaraq məsələni sonuna qədər araşdıracağıq. Qanunsuzluğa yol verənlər, ətraf mühiti məhv edənlər və dövlət sənədlərini tapdalayanlar ictimaiyyət qarşısında cavab verməlidir.
[media=]
