
Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. 1969-1982-ci illər Azərbaycanın ictimai-siyasi, o cümlədən sosial-iqtisadi və mədəni həyatında milli intibah dövrü kimi dəyərləndirilir. 1969-cu ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələrkən respublikanın qarşısında həllini gözləyən bir sıra ciddi problemlər dururdu. Həmin problemlər bütün əvvəlki tarixi dövrlərdə, xüsusilə sovet hakimiyyəti illərində yığılıb qalmış, həllinə çox vaxt heç cəhd edilməmiş və ya edilən bəzi cəhdlər elə bir ciddi nəticələr verməmişdi.
Heydər Əliyevin Şuşaya qayğısı və Qarabağda milli ruhun yüksəlməsi
Qeyd etmək lazımdır ki, sovet dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Sonralar müstəqillik illərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitqlərinin birində etiraf edərək deyirdi: “60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Azərbaycana rəhbər seçiləndən sonra Ümummilli lider tərəfindən, Şuşanı abadlaşdırmaq, XX əsrin əvvəllərində erməni təcavüzü nəticəsində şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq, yenidən həyata qaytarmaq, ümumiyyətlə, bu bənzərsiz və qədim Azərbaycan şəhərini böyük bir muzeyə çevirmək üçün ilk mühüm addımlar atıldı.
Şuşanı zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi dəyərləndirən Heydər Əliyev XX əsrin 70-ci illərində şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə göstəriş vermişdi. Eyni zamanda Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdur.
Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa edildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, azərbaycanlıların milli ruhu güclənirdi. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə geniş quruculuq işləri aparılmamışdır. Şuşa şəhərinin “Qala divarları”nın və “Gəncə qapısı”nın bərpasına 1975-ci ildə 25 min manat (rubl) vəsait xərclənmişdi. Azərbaycan mədəniyyəti, incəsənəti və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədibi, satirik şair Qasım bəy Zakirin məzarı qaydaya salındı. Yuxarı Gövhər Ağa Məscidində ən böyük tarixi eksponantı olan Şuşa Tarix Muzeyi fəaliyyətə başlamışdır. 1976-cı il noyabrın 4-də Ümummilli lider Heydər Əliyev “Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında” qərar imzalamışdır.
Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qəbul edilmiş qərar mühüm əhəmiyyət kəsb edir. 1977-ci il avqustun 10-da Azərbaycan SSR Nazirlər Sovetinin 280 №-li qərarı ilə Şuşa şəhəri Tarixi-Memarlıq Qoruğu elan edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi, həmçinin ev-muzeylərinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu baxımdan, 1978-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi evində (iki otaq, 369 eksponatdan ibarət) Bülbülün ev muzeyinin açılışı olmuşdur.
Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşdə Ümummilli lider Heydər Əliyev tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Belə ki, 1980-ci ildə Şuşa Dövlət Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və Şuşa şəhər əhalisinin köməyi ilə “Gəncə qapısı”nın mühafizə zonasında xarakterinə görə Azərbaycanda birinci olan “Açıq muzey” təşkil olunmuşdu.
Həmin illərdə Ümummilli lider Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı daha da artmış, geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə kompleksi tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Heydər Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdır. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda gözəl memarlıq abidəsi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq, Vaqif poeziya günlərində iştirak etmişdi.

Eyni zamanda, Ümummilli lider Heydər Əliyev Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəylinin və peşəkar vokal sənətinin banisi Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Bununla yanaşı, Heydər Əliyevin Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Heydər Əliyev erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi.
1982-ci il iyulun 29-dan avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Qeyd etmək lazımdır ki, bir ildə iki dəfə Şuşaya gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə görkəmli dövlət xadimi Heydər Əliyev ziyalıları Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.
1993-cü ilin ikinci yarısından, yəni Ümummilli liderin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi və qətiyyətli addımların atılması dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində mümkün olmuşdur. Həmçinin, 1993-cü ilin ikinci yarısından başlayaraq ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini beynəlxalq aləmə çıxararaq təcavüzkarın ifşası, ölkəmizin ərazi bütövlüyünün bərpası və regionda sülhün bərqərar olması üçün qətiyyətli addımlar atmışdır. Eyni zamanda, doğma yurdlarından didərgin salınmış, məcburən köçkün düşmüş insanların bütün qayğı və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdi.
Şuşanın işğaldan azad edilməsi Zəfər günü kimi tarixə yazıldı
Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi və Zəfər günü kimi tariximizə yazıldı.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayaraq bildirmişdir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik...O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.
Bununla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalıdır.
Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Şuşa mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzi oldu
2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zaman gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verildi. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilmişdi. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var idi. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
2022-ci il, noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında bir daha diqqətə çatdırdı ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır: “...Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.
İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyü və suverenliyimiz tam bərpa edildi. Bu, mühüm hadisə son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qururla dalğalanır.
Artıq işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən mühüm tədbirlər – hər il keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, müxrəlif beynəlxalq toplantılar, xüsusilə üç mühüm Şuşa Qlobal Media Forumu və digər tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilmişdir.
Bu baxımdan, 2021-2025-ci illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzinə çevrilməkdədir. Bütün qeyd edilən faktlara və təhlilə əsaslanaraq əminliklə söyləmək olar ki, Azərbaycanın müasir tarixinin yeni və sərəfli dövrü yazılır.
![]()
Elçin Əhmədov,






Şərhlər