Deputat: “Yeni qaydalar vətəndaşlarımıza da şamil olunacaq və müəyyən çətinliklər yaradacaq”
İyunun 30-dan etibarən Rusiyaya daxil olmağı planlaşdıran vizasız ölkələrin, o cümlədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin vətəndaşlarından 72 saat əvvəl, fövqəladə hallarda isə 4 saatdan gec olmayaraq məlumat vermələri tələb olunacaq.Tətbiq vasitəsilə ərizə təqdim etdikdən sonra və Rusiya Federasiyasına (RF) daxil olmamışdan əvvəl RF-nin müvafiq orqanları vətəndaşın məlumatlarını yoxlayacaq. Vətəndaşın girişinə icazə verilərsə, o, sərhədçiyə təqdim etməli olduğu müvafiq kodu alacaq və sərhədçi sizi içəri buraxıb-buraxmamağa qərar verəcək.
Bu kod olmadan əcnəbilər Rusiyaya buraxılmayacaq. Azərbaycanlılar da Rusiyaya vizasız gedib-gəlirlər. O deməkdir ki, müttəfiq, dost ölkələrin, Aİİ üzvü olan dövlətlərin vətəndaşları da bu tələblərə cavab verməlidirlər.
Rusiyada inkişaf etdirilən bütün miqrasiya təşəbbüsləri onların beynəlxalq öhdəliklərə uyğunluğunu müəyyən etmək üçün ilkin, hərtərəfli təhlilə məruz qalır.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 9-da verdiyi açıqlamada bildirmişdi ki, 2025-ci il iyunun 30-dan Rusiyaya giriş qaydalarında edilən dəyişiklik Aİİ ölkələri ilə viza rejiminin üstüörtülü tətbiqi demək deyil.
“Rusiyada həyata keçirilən bütün miqrasiya tədbirləri təhlükəsizliyin, ictimai asayişin təmin edilməsinə və müvafiq prosedurların sadələşdirilməsinin təkmilləşdirilməsinə yönəlib”, - Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Rusiyada inkişaf etdirilən bütün miqrasiya təşəbbüsləri Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə, o cümlədən EAEU çərçivəsində uyğunluğu baxımından ilkin, hərtərəfli təhlilə məruz qalır.

Azər Allahverənov
Deputat Azər Allahverənov bildirdi ki, Rusiyanın yeni qanunları özündə miqrasiya prosesləri üzərində nəzarətin gücləndirilməsi və bu istiqamətdə təhlükəsizliyin təmin olunmasına xidmət edən tədbirlərin yerinə yetirilməsini ehtiva edir. Deputatın sözlərinə görə, 30 iyundan sonra tətbiq ediləcək yeni qanunlar miqrasiya siyasəti ilə bağlı proseslərin daha da yaxşılaşdırılmasına yönəlmiş dəyişikliklər kimi dəyərləndirilir: “Bəzi ekspertlər yeni qanunlara birmənalı yanaşmırlar, bunu viza rejimi olmasa belə, viza rejiminə bənzər siyasətin həyata keçirilməsi kimi qəbul edirlər. Şəxsə kod verilirsə, ölkə ərazisinə giriş mümkün olur, əks halda, bu, mümkün olmur. İstənilən şəxslə bağlı informasiya araşdırılır, əgər şəxsin adı inzibati qaydaları pozma, yaxud digər inzibati məsuliyyət yaradan hallarda çəkilirsə, həmin şəxsə imtina cavabı verilir. Rusiyanın müxtəlif strukturlarının rəhbərləri bunu qismən viza rejiminin tətbiqi kimi dəyərləndirmirlər. Amma reallıqda kodun verilməsi ölkə ərazisinə giriş icazəsinin verilməsi deməkdir. Bu, kifayət qədər sərt tətbiq olunan nəzarət sistemidir. Azərbaycan da Rusiya ilə vizasız gediş-gəlişi olan ölkələrdən biridir. Yeni qaydalar bizim vətəndaşlarımıza da şamil olunacaq. Bu isə təbii ki, müəyyən çətinliklər yaradacaq. Heç də hər kəs portaldan istifadə etmir. Tətbiq telefonlara yüklənməli, elektron müraciət göndərilməlidir. Sırf texniki baxımdan çətinliklər yaşana bilər. Bir qədər təcrübə topladıqdan sonra rahat istifadə mümkün olacaq. İstənilən halda bu, nizam-intizam yaradacaq sistemdir. İstənilən şəxs bilet alıb Rusiya ərazisində daxil ola bilməyəcək. Bu sistem gələcəkdə xüsusilə Rusiya ilə miqrasiya mübadiləsi yüksək olan ölkələrin vətəndaşları üçün çətinliklər yaradacaq. Rusiyada Mərkəzi Asiya respublikalarından olan vətəndaşların sayı həddən artıq çoxdur. Miqrantların sayında faiz nisbətində ilk beşlikdə məhz Mərkəzi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edir”.
Deputat qeyd etdi ki, Rusiyada bu məsələyə müxtəlif yanaşmalar mövcuddur: “Bunu Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirən müəyyən şərhlərə rast gəlirik. Amma mən hesab edirəm ki, Rusiya Federasiyası uzun müddət qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq niyyətində olub. Hətta zaman-zaman biz bu mübarizənin ayrı-ayrı elementlərini görmüşük. Müəyyən mənada siyasi müstəvidə qəbul edilən qərarlar sonra cəmiyyətdə birmənalı qarşılanmayıb, həm əleyhdarları, həm də lehinə olanlar olub. Yeni qanunların qəbulunu əmək bazarında işsizlik problemi olduğu üçün miqrantların Rusiya vətəndaşlarının tuta biləcəkləri iş yerlərini tutmaları ilə əlaqələndirənlər olub. Amma fikrimcə, yeni qanunlar birmənalı şəkildə qanunsuz miqrasiya ilə mübarizənin daha effektiv və hədəfli şəkildə aparılmasına xidmət edir. Rusiya Federasiyası miqrasiya proseslərinin üzərində dövlət nəzarətinin təkmil şəkildə qurulmasına maksimum çalışır. Hətta zamanında ölkə ərazisində 2 milyon qanunsuz miqrantın yaşadığı bildirilirdi. Amma son 2-3 il ərzində aparılan sərt siyasət müəyyən mənada müsbət nəticə əldə etməyə kömək etdi”.