
Milli Məclisin iclasında çıxış edən komitə sədri Fazil Mustafa vətəndaşları narahat edən problemlərdən biri barədə bəhs edib.
Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, deputat həmkarı Musa Quliyevin distant işlə bağlı təşəbbüsünü dəstəkləyir.
Fazil Mustafa tıxac problemi ilə bağlı atılmalı olan addımlardan biri olaraq bu təklifi təqdir edib:
“Son günlərdə yayımlanan bir reportajda bir dövlət qulluqçusu belə demişdi: “8 saat rəsmi işdə, 4 saat isə tıxacda vaxt keçirirəm”. Bu, təkcə fərdi narahatlıq deyil, ümumilikdə iş məhsuldarlığına və həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi problemdir.
İnsanlar bəzən işə çatmaq üçün 2 saat əvvəl evdən çıxmalı, eyni müddətdə də evə qayıtmalıdır. Bu baxımdan təklif edirəm ki, əgər vətəndaşın iş yerinə çatmaq üçün yolda sərf etdiyi vaxt 2 saatı keçirsə, ona işdən 1 saat əvvəl çıxmaq imkanı verilsin. Bu yanaşma vətəndaşın işə daha enerjili gəlməsinə, keyfiyyətli xidmət göstərməsinə və ümumilikdə dövlət sektorunda məhsuldarlığın artmasına səbəb olacaq. Bəli, tıxac probleminin birdən-birə tam həlli real deyil. Amma avtobus hərəkətinin təkmilləşdirilməsi, marşrutların optimallaşdırılması və digər nəqliyyat tədbirləri ilə paralel olaraq, insanlara dəstək məqsədilə dövlət qurumlarında çalışanların vəziyyətini yüngülləşdirəcək addımlar atılmalıdır”.
F.Mustafa bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Qarabağa Böyük Qayıdışın həyata keçirilməsi şəraitində tıxac probleminin aradan qaldırılmasına yönəlik addımların atılması zəruridir.






Şərhlər