
Dünyanın bir çox ölkəsində nikah müqaviləsi ailə institutunun “soyuq hüquqi sənədi” yox, sabitliyin təminatı kimi qəbul edilir. ABŞ-də, Avropada tanınmış şəxslər də, adi vətəndaşlar da evlənərkən əmlak münasibətlərini öncədən razılaşdırmağı normal sayır.
Azərbaycanda isə nikah müqaviləsi hələ də “etimadsızlıq aktı”, “boşanma planı”, hətta “ayıb” kimi damğalanır. Halbuki Konstitusiya Məhkəməsi belə bu mexanizmin ailə mübahisələrinin qarşısını ala biləcəyini açıq şəkildə tövsiyə edib.
Bəs problem qanundadır, mentalitetdə, yoxsa romantikanı hüquqla uzlaşdıra bilməməyimizdə? Nikah müqaviləsi niyə Azərbaycanda kütləviləşmir və bu yanaşmanın fəsadlarını kimlər ödəyir?

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a bildirib ki, ABŞ və digər Qərb ölkələrində, istər sadə, istərsə də tanınmış şəxslərin nikah müqaviləsi bağlaması adi hal sayılır. Bəzi hallarda müqaviləyə hətta tərəflərdən birinin xəyanət etdiyi təqdirdə əmlakdan, hətta uşaqlarla ünsiyyətdən məhrum edilməsi barədə bəndlər də əlavə olunur:
“Təəssüf ki, nikah müqaviləsi, dövlət səviyyəsində təbliğata baxmayaraq, Azərbaycanda hələ də populyar deyil. Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarında belə ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanlarına tövsiyə olunub. Buna baxmayaraq, nikah müqaviləsi hələ də geniş yayılmayıb. Bunun əsas səbəbi mentalitet amilidir. Nikah müqaviləsi çox zaman “sən demək məndən boşanacağını əvvəlcədən planlaşdırırsan” kimi başa düşülür. Ailədə “sevgi-romantika” narrativi üstün gəldiyindən hüquqi ehtiyat mexanizmi romantikanın “öldürülməsi” kimi qəbul edilir. Xüsusən qadınlar üçün “mənə güvənmir” stiqması, kişilər üçün isə “ailəni pul hesablayaraq qurur” imici sosial təzyiq yaradır. Nəticədə nikah müqaviləsi praktiki olaraq mübahisələrin qabaqlanması aləti kimi yox, “etimadsızlıq sənədi” kimi görünür”.
Vəkil deyib ki, burada sosial-iqtisadi amil də rol oynayır:
“Əhalinin böyük hissəsinin nikah dövründə topladığı əmlak həcmi nisbətən azdır.“Mənim nəyi bölməyə dəyər?” yanaşması da nikah müqaviləsinə praktiki marağı azaldır. Əksinə, iri biznesi, daşınmaz əmlak portfeli, xaricdə aktivləri olan ailələrdə nikah müqaviləsi daha çox məntiq kəsb edir – amma onlar da sosial stereotipə və “ayıbdır” düşüncəsinə görə çox zaman bundan yayınırlar.
Digər tərəfdən, bizim ailə qanunvericiliyimizdə nikah müqaviləsi yalnız ər-arvadın əmlak rejimini müəyyən edir, yəni nikah müqaviləsi nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquq və vəzifələrini tənzimləyən sazişdir. Yəni bizim hüquqa görə, “xəyanət etsən, hər şeydən məhrumsan”’ tipli şərtlər, yaxud uşaqlarla ünsiyyətin əvvəlcədən məhdudlaşdırılması kimi maddələr müqaviləyə salınsa belə, etibarsız sayılacaq.
Məncə, bu sahədə qanunvericilik də dəyişdirilməli, “müqavilə azadlığı” prinsipi daha geniş tətbiq olunmalı, tərəflərə - müəyyən məhdudiyyətlər çərçivəsində - münasibətlərini daha sərbəst tənzimləmək imkanı verilməlidir”.






Şərhlər