
Xəbər verdiyimiz kimi, “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov Məzahir oğlu və mərkəzin əməkdaşları Elşad Məhərrəmov Məhərrəm oğlu və Natiq Əliyev Eldəniz oğlu saxlanılıb.
“Qurtuluş” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Maraqlıdır, Ceyhun Salmanovu və onun əməkdaşlarını hansı cəza gözləyir?

Vəkil Babək Həmidov Musavat.com-a mövzu ilə bağlı danışıb:
“Mərkəzin rəhbəri Ceyhun Salmanovun və onun iki əməkdaşının saxlanılması, onlara CM-nin 125-ci maddəsi və 145-ci maddənin iki bəndi üzrə ittiham olunması həmin şəxslərin cinayət törətməsi anlamına gəlmir. Onların əməlində cinayət tərkibinin olub-olmadığına və onların cinayəti törədib-törətmədiyinə məhkəmə yekun qərar verəcək. Hazırda bununla bağlı istintaq gedir. Yəni araşdırılır ki, həmin şəxslərin əməllərində cinayət tərkibi varmı? Əgər istintaq orqanı cinayət tərkibinin olduğunu hesab etsə, ittiham aktı tərtib edib məhkəməyə göndərəcək. Yəni şəxslərin təqsirsizlik prezumpsiyası var və bu qorunmalıdır.
Məhkəmə tərəfindən saxlanılan şəxslərin əməllərində cinayət tərkibinin olduğu hesab edilərsə, 145-ci maddə üzrə ittihamlara əsasən, onlara 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. O cümlədən 125-ci maddə üzrə təqsirli hesab olunsalar, 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər.
Lakin qeyd etmək lazımdır ki, şəxslərin fəaliyyəti reabilitasiya mərkəzidir. Reabilitasiya mərkəzinin nizamnaməsi və əsasnaməsi olmalıdır. Onların vəzifə təlimatı olmalıdır və niyyəti cinayətkar motiv daşımamalıdır. Onların istiqaməti şəxsi pis vərdişdən uzaqlaşdırmaq olmalıdır. Əgər onlar cinayətkar niyyət daşıyıblarsa və nəticədə onların əməlində məhkəmə cinayət tərkibini görərsə, bunu təsdiq edərsə, o zaman həmin şəxslər dediyimiz müddətə azadlıqdan məhrum edilə bilərlər”.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.






Şərhlər