Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Yezidlər varsa imam Hüseynlər niyə yoxdur?
Yezidlər varsa imam Hüseynlər niyə yoxdur?

Bir neçə il əvvəlin söhbətidir. “Post-liberal” Avropa ölkələrinin birindəki məhkəmə prosesindən yazmışdılar. “Üçüncü ölkə”lərin birindən bir qaçqın (deyəsən, suriyalı idi) bir uşağı zorlamışdı. Bəli, məhkəmə bunu “araşdırdı” və bilirsiniz, nə qərar verdi? “Hakim”lərin qərarı bu, oldu ki, “üçüncü ölkə”dən olan qaçqın guya xeyli müddət “normal seksual həyat yaşamadığından” kiçik yaşlı uşağı zorlamaq məcburiyyətində qalıb və buna görə də onu cəzalandırmaq olmaz!..

Təsəvvür edirsinizmi? İnanın, o məsələni hər dəfə düşünəndə dəhşətə gəlirəm!

Azərbaycanlılarda məşhur soz var: qıcqırmaq! Bəli, nəsə həddini aşanda bizim insanlarımız deyər ki, filan şey qıcqırıbdır! Odur, bir daha deyirəm ki, o məsələ yadıma düşəndə ağlımdan bir fikir keçir: Bu, nə idi? Humanizm, yoxsa onun “qıcqırması”?..

Bilirsinizmi, “uşaqlar həmişə haqlıdı!” məsəli bir yana qalsın. Hətta onunla da razıyam ki, zəiflər-gücsüzlər də həmişə haqlı olmurlar, amma yenə də bir fikirdən imtina edə bilmirsən ki, axı, əzizlərim, humanizm də, hətta insanlıq, mərhəmət də ilk növbədə zəifi müdafiə etmək, ona mərhəmət göstərmək üçündür! Doğrudanmı, humanizm də artıq biololji-seksual hislərini cilovlaya bilməyən bir HEYVANI müdafiə etmək deməkdir? Üzürlü sayın, beləsini yalnız heyvan adlandırmaq olar, çünki insan Tanrının yaratdığı canlıların yeganəsidi ki, hisslərini lazım gələndə cilovlaya bilir və cilovlamalıdır da!..

Filosoflar (ibn Rüşddən və əl-Qəzalidən bu gündədək) insanın davranışında daim ya hissi, ya da idrakı-ağılı önə çəkir, amma əsl insan bunların vəhdəti deməkdir.

Mən hələ də fikirləşirəm ki, o qaçqın həmin hakimlərin yaxınlarına qarşı bunu etsəydi onlar yenə ona bəraət qazandırardılarmı? Axı bu məntiqlə biz istənilən mağazaya girib “acam!” deyib istədiyimizi götürüb yeyə və ya “əynim-başım yaman gündədi” deyib mağazadan istədiyimizi götürüb geyinə və ya hər yerdə “mən də bu planetin sakiniyəm, mənə də beş-üç kvadrat metr torpaq düşür, burada özümə balaca daxma tikəcəyəm” deyə bilərik! Amma ona bu haqqı-imkanı verərlərmi elə həmin avropalılar?..

Ədəbiyyat adamları məni keçmişdə qalmaqda ittiham edə bilər, amma Hüqonun baş qəhrəmanı Jan Valjan bircə çörəyə görə katorqaya göndərilməmişdimi? Bu, həmin Avropa deylimi?

Demirəm, indi də hər şey onda olduğu kimidir, yox, amma, inanın, insanlar çox dəyişməyiblər, hətta Vatikanın keşişləri arasında və ya ağzı sulana-sulana dindən-mərhəmətdən danışan qonşu İranın molları arasında yepiskop Miriellər yoxdur, əvəzində siyasətçi - keşişlər və ya siyasətçi-mollalar var.

Bir dəfə İran lideri Seyyid Əli Xameneyinin sevdiyi əsərlərin siyahısı verilmişdi. Orada “Səfillər” də vardı, amma mən İranın baş mollasının bu əsərə marağının motivlərini anlaya bilmirəm, çünki onun davranışında bu böyük romanı xatırladacaq kiçicik bir detal da yoxdur.

Həm də bəla bilirsinizmi, nədədir? Xalqlar da, ayrı-ayrı insanlar da tiranlara-zalımlara (bütün səviyyələrdə və mənalarda) daha anlaşıqla yanaşmağa çalışırlar. Əvəldəki məhkəmə olayını da buna görə xatırladım. Belədəsə, dövlətlər də, onların cəmiyyətləri də, məsələn, Rusiya kimi ölkəni, onun təcavüzkar lideri Putini və eləcə də özünün “seksual ehtiyacları”nı ödəmək üçün kiçik uşağı zorlayan bir heyvanı daha çox başa düşməyə, anlamağa çalışırlar! Kimsə demir ki, bəs Putin kimilərin apardığı müharibələrdə ölən, yaxud yetim qalan uşaqları kim anlamağa çalışmalıdır?..

Həm də bilirsiniz, hərdən adamın ağlına nələr gəlir? Fikirləşirsən ki, insanların əksəriyyətinin təhtəlşüurunda çox aqressiv hislər toplanıb və onların çoxu sadəcə, qorxudan, çəkinərək bu hisləri biruzə verə bilmir, ona görə də balaca uşağı zorlayan heyvana, minlərlə uşağın həyatına son qoyan, onları yetim qoyan Putinə daha anlaşıqla yanaşmağa çalışırlar...

Bəzən mənə elə gəlir ki, Dünya, bəşəriyyət Kafkanın, Platonovun təsvir etdiyi mexaniki Dünyaya, mexaniki bəşəriyyətə çevirilməyə başlayır. Bunları çoxdan oxumuşam, yanlışlıqlarım varsa, üzürlü sayın. Bir detalı da deyəcəm.

Sovetin vaxtında universitetlərdə düz bir il “iqtisadiyyat” fənni keçərdilər: bir semestr “kapitalist”, bir semestr də “sosialist” istisadiyyatı. “Kapitalist iqtisadiyyatı”nda vurğu daha çox ona edilərdi ki, guya bu ölkələrdə hətta elmi tərəqqi də daha çox insanlığa, xüsusən də biçarə proletariata qarşı yönəlib: guya kapitalist ölkələrində gec-tez zavod və ya fabriklər avtomatlaşdırılacaq, robotlar hər şeyi ələ alacaq və biçarə proletarları küçəyə atacaqlar...

Bunu niyə xatırladım? Əvvəla, bunların heç biri hələ doğrulmayıb, amma sözüm bunda da deyil. Ondadır ki, indi öz Azərbaycanımızda “süni intellekt”, robotlarla bağlı yazılanları oxuyanda yadıma sovet vaxtı “kapitalist iqtisadiyyatı” haqqında deyilənlər düşür: bəli, demirlər ki, “süni intellekt” bəzi rüşvətxor məmurları və yaxud da bəzi yaltaq deputatları “əvəz edəcək”, yox, sevinə-sevinə ərz edirlər ki, guya daha jurnalistlərə (bəzi məmurların yanıqlı yeri), müəllimlərə, hətta həkimlərə ehtiyac olmayacaqdır!..

Deyən yoxdur ki, bu “süni intellekt”in özünü də elə insan yaratmayıbdırmı? Dünyada dəyişən əməyin strukturu deyilmi? Bütün dünyada əmək getdikcə daha intellektual olmurmu? Bəlkə apokaliptistik “proqnozlar” verməkdənsə, insanlara bunları izah etmək, təhsilin yönümünü və məzmununu dəyişmək lazımdır?

Məsələn, təhsilə gəldikdə, hətta Sovetin vaxtında da Azərbaycanda ali təhsil çox bərbad vəziyyətdə idi. Buna da sözümüz yox, amma bu gün ölkədə orta təhsil tamam sıradan çıxır, “paralel məktəblər”- repetitorlar məktəbi yaranıb. Siz bir nəfər şagird göstərə biməzsiniz ki, repetitorsuz ali məktəbə qəbul olsun! Bələdisə, bu məktəbləri niyə saxlayırıq? Bəlkə bunları da düşünmək lazımdır?..

Hətta cəmiyytimiz nəyə-hara “deformasiya” edır, bunu yalnız Allah bilir. İnanın, bir fərd kimi qonşu İranda da böyük siyasi kataklizmlərin yaşanmasını qəti istəmirik. Amma bir şeyi başa düşürük ki, bu ölkədəki siyasi rejim anti-insanidir və hətta oxuduqları Qurana əməl etməyən siyasətçi-mollalar bu yazıq xalqdan əl çəkiməlidir! Ona görə də Cənublu qardaşlarımızın siyasi passivlyini əsaslandırmaqçün gətirilən arqumentləri qəbul etmirəm: üzürlü sayın, bu, mənim bir insan kimi subyektiv fikrimdir! İnanın, şəxsən mənim üçün Tramp cənabları ilə iranlı molla-siyasətçilər arasında böyük fərq yoxdur və bunu dəfələrlə elə bu saytdaca yazmışam! Amma ölkələrimizi Trampa və yaxud başqasına xoş gəlmək üçün dəyişmək istəmirik. Hamısı rədd olsun! Büzim ölkələrimiz övladlarımıza verəcəyimiz ən böyük əmanətimizdir. Axı onlar bir gün soruşacaqlar ki, atalar, bunumu əmanət etdiniz bizlərə?..

Əvvəl istədim bu kiçik yazının adını “Səfillər varsa, Hüqolar niyə yoxdur?” qoyum. Sonradan bir detal düşdü yadıma. Bir nəfər əslən Cənublu (İran) dostum-yoldaşım vardı. Daim deyərdi ki, bəs Yezidlər Dünyanı götürüb, imam Hüseynlər yoxdur! Ona görə də bunu seçdim...

Hüseynbala Səlimov

Şərhlər